Kənd təsərrüfatı ekspertlərinin bir çoxu Azərbaycanda Geni Modifikasiya Olunmuş (GMO) məhsulların olduğunu desələr də, dövlət qurumları faktı israrla inkar edirdi. Lakin ölkə başçısının bununla bağlı imzaladığı sərəncam faktın doğru olduğunu təsdiq edir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Modern.az saytına sözügedən məsələ ilə bağlı intensiv işlər getdiyini açıqlayıb:
“Elmi-tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkilərin, genetik materiallardan istifadə edilərək istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsinin qarşısının alınması, istehlakçıların hüquqlarının qorunması komitənin strukturuna daxil olan və tabeliyindəki qurumlara səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsi məqsədilə əmr verilib. Əmrdə bildirilib ki, bundan sonra komitə yeyinti məhsullarının istehsalında Genetik Modifikasiya Olunmuş bitkilərin genetik materiallarından istifadə edilməsilə bağlı tələblərin yeni hazırlanan standartlaşdırma üzrə normativ sənədlərdə əks olunması təmin ediləcək. Yeni standartlarda GMO-nun qadağan edilməsi ilə bağlı konkret tələblər əks olunacaq. Yeyinti məhsullarının istehsalı zamanı geni modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə olunmamasını göstərən qablaşdırma və nişanlama tələblərini müəyyən edən standartlaşdırma üzrə normativ sənədlər hazırlanacaq”.
Qurum rəsmisi deyib ki, mövcud sənədlərə dəyişikliklər ediləcək: “Hazırda sənədlərə yenidən baxılır. GMO bitkilərin yeyinti məhsullarının istehsalı zamanı GMO bitkilərin genetik materiallarından istifadəyə imkan verən müddəalar aşkar edildiyi halda həmin müddəaların standartlardan çıxarılması nəzərdə tutulub. Qurumlar tərəfindən yeyinti məhsullarının sertifikatlaşdırılması zamanı GMO-lu bitkilərin genetik materiallarından istifadə olunub-olunmamasını aparılan sınaqlar nəticəsini bilməklə yalnız belə materiallar aşkar olunmadığı halda yeyinti məhsullarına uyğunluq sertfikatı verilməsi nəzərdə tutulub”.
Fazil Talıblı qeyd edib ki, pozuntularla əlaqədar qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək: “Cinayət əməli aşkar edildikdə toplanmış materiallar hüquq mühafizə orqanlarına göndəriləcək. Sərəncam veriləndən indiyə qədər hələ ki belə fakt aşkar edilməyib. Hazırda GMO məhsulların sınağı laboratoriyasında bir çox satış nöqtələrindən götürülmüş məhsullar üzərində sınaqlar aparılır.”.
Gülşən RAUFQIZI