Modern.az

“...İŞİD-in nəfəsini kəsəcəklər“

 “...İŞİD-in nəfəsini kəsəcəklər“

Təhsil

19 İyun 2015, 13:47


“İraq-Şam İslam Dövləti terror qruplaşmasının milli-etnik tərkibini aydınlaşdırmağa o qədər də ehtiyac yoxdur. Orada dini əqidəsinə görə bütün etiqadlılar var. İŞİD-i bir millətin və ya bir dinin bayrağının altına toplaşdığını iddia eləmək yanlışdır. İŞİD nə islamı, nə də kürdləri təmsil eləyir”.

Bunu Modern.az saytına deputat Zahid Oruc deyib.  Onun sözlərinə görə,  Suriyada və İraqda yaranmış vəziyyət böyük mənada dünya üçün, regional mənada isə Yaxın Şərqin gələcək həyatına çox böyük təhlükələr törədir: “Ona görə də İŞİD fenomeni, sadəcə, bir dini təsisat və xilafət quruculuğu yolunda həyata keçirilən amansız terror işləri deyil. Bunun bilavasitə sifarişli dairələri var. Vaxtilə Bağdadiyə, sonrakı qüvvələrə yol xəritəsini ötürən, onların timsalında Yaxın Şərqin həyatını təhdid edən siyasəti hazırlayanlar var.

Əlbəttə, ilk dövrdə bunu Türkiyənin üzərinə yıxmağa çalışdılar. Çünki bəzi qüvvələr Bəşər Əsəd əleyhinə hazırlanarkən Türkiyə ərazilərindən istifadə edilmişdi. Bunu da avtomatik olaraq hökumətə bağlamağa çalışdılar. Guya İŞİD Türkiyədən idarə olunur məsələsini beynəlxalq mediayaya və siyasi ofislərə daşıdılar. Sonra isə bu alınmadı. Bəlli oldu ki, İŞİD-in arxasında dayanan qüvvələr daha böyükdür.

PKK-çıların və kürd peşmərgələrinin yerləşdikləri ərazilərdə İŞİD ilə toqquşma da qaçılmaz idi. Çünki İraq, ümumiyyətlə Kürdüstan adlanan məkanların hamısına İŞİD qüvvələrini yeritmək, oradakı hakimiyyəti bərqərar eləmək istəyirdilər. Ona görə də onların arasında savaş indiyə kimi davam edir.

Mənim aləmimdə İŞİD, sadəcə, bir layihədir. Zamanı gələndə onun nəfəsini kəsəcəklər. Bununla da onu sıradan çıxaracaqlar. Amma “Əl- Qaidə” və Taliban kimi İŞİD də izlərini uzun müddət qoyacaq. Çünki islam dövlətini qurmaq istəyən kimsələr həmişə İŞİD modelinə müraciət edəcəklər. Çox təəssüf ki, o model də müsbət deyil. Həmin təcrübə yalnız insanların qanının axıdılmasından ibarətdir. Bu mənada mən İŞİD-i hansısa bir etnik amildə götürməyi çox yanlış sayıram”.

Sevinc YASİNQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı