“Çox böyük yanlışlığa yol verib”
Ermənistanın paytaxtı Yerevanda NATO Parlament Assambleyasının “Rose-Roth” 89-cu seminarında ATƏT-in Minsk qrupunun fransalı keçmiş həmsədri Jak For Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli fikirlər söyləyib. O, Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının qeyri-mümkünlüyünü vurğulamaqla qeyd edib:
“Qarabağın erməni əhalisi öz statuslarını dəyişmək istəmirlər. Bu mənim şəxsi fikrimdir. Ancaq aydındır ki, əldə edilən nəticələrə əsasən fikir bildirilməlidir”.
ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova bununla bağlı Modern.az saytına açıqlama verib. Onun sözlərinə görə, uzun illər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan siyasi danışıqlarda iştirak edən diplomatların açıqlamaları yalnız bir tərəfin mövqeyini ifadə edir.
Vitse-spikerin sözlərinə görə, istər keçmiş, istərsə də hazırkı həmsədrlər beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ədalətli yanaşma ortaya qoymalıdırlar:
“Əgər indi Jak For Dağlıq Qarabağda yaşayan erməni əhalisinin mövqeyini ortaya qoyursa, eləcə də azərbaycanlı icmasının mövqeyini açıqlamalı idi. O deməli idi ki, azərbaycanlılar da bu vəziyyətlə barışmayacaqlar, Azərbaycan ərazisi hesabına ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəklər. Keçmiş həmsədr bildirməli idi ki, azərbaycanlı icması onları öz doğma yurdlarından didərgin salan erməni təcavüzünü qətiyyətlə pisləyir və beynəlxalq müşahidəçilərin Ermənistanın işğalına dözümlü yanaşmasını qəbul etmir”.
Bahar Muradova deyib ki, keçmiş həmsədr açıqlamaları ilə çox böyük yanlışlığa yol verib: “Mən qəti şəkildə buna etiraz edirəm. Onlar ya münaqişənin həllinə müsbət təsir edən açıqlamalar versinlər, yaxud, ümumiyyətlə, sussunlar, heç danışmasınlar”.
Aqşin Kərimov