Modern.az

“Avropa Oyunlarına gələn xarici jurnalistlərə Azərbaycan həqiqətləri çatdırılmalıdır”

“Avropa Oyunlarına gələn xarici jurnalistlərə Azərbaycan həqiqətləri çatdırılmalıdır”

Media

19 İyun 2015, 17:11


“Azərbaycanlı jurnalistlər Avropa Oyunları ərzində kifayət qədər fəallıq göstərirlər. Hər şey əladır. Hələlik pis bir şey olmayıb”.

Bunu Modern.az saytına Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev deyib. O bildirib ki, jurnalistlər oyunların gedişini istənilən səviyyədə işıqlandırırlar:

“Ümumiyyətlə, jurnalistlər oyunların gedişini və mərasimləri çox gözəl yayımlayırlar. Amma bu jurnalistlər üçün yeganə məqsəd olmamalıdır. Hazırda ölkəmizdə xeyli sayda qonaq və idmançı olduğu kimi xarici jurnalist də var.

Bizim jurnalistlər öz həmkarları ilə görüşməli, əlaqələr yaratmalı, dostlaşmalıdırlar. Bu əlaqələrdən gələcəkdə Azərbaycanın mənafeyinə uyğun istifadə etməlidirlər.

Oyunların keçiriləcəyi müddətdə bu, jurnalistlər üçün az ələ düşən fürsətlərdən biridir. Bu onların şəxsi təşəbbüskarlığından irəli gəlməlidir. Hər bir mətbuat orqanının jurnalisti çalışmalıdır ki, onun və ya işlədiyi redaksiyanın xarici jurnalistlərlə əlaqələri daha geniş olsun. Bu oyunlar da onlar üçün bir fürsətdir.

Ona görə də jurnalistlərimiz həmkarları ilə əlaqələr qurmalı, birbaşa bir-birlərinin fikirlərini öyrənməli, birgə fikir mübadiləsi aparmalı, Azərbaycan həqiqətlərindən onlara danışmalıdırlar. Bu qədər xarici jurnalistin Bakıda olmağından istifadə edərək jurnalistlər Azərbaycan haqda pozitiv imic yaratmaq, yaxud mövcud imici daha da yaxşılaşdırmaq üçün özləri təşəbbüskarlıq göstərməli, xarici həmkarları ilə əlaqələr qurmalı və dostlaşmalıdırlar. Bundan əlavə, uzunmüddətli əməkdaşlıq üçün zəmin yaratmalıdırlar.  Hesab edirəm ki, öz peşəsini həqiqətən sevən jurnalist bu fürsətdən kifayət qədər yararlanacaq”.

Cavanşir Feyziyevin fikrincə, Azərbaycan haqda xarici mətbuatda həm pozitiv, həm də ara-sıra neqativ məzmunlu yazılar gedir: “Hərdən qərəzli yazılar da olur. Ona görə də ilk dəfə qonaq gələn üçün Azərbaycan sirli bir ölkədir.

Amma onlar burada olduqları müddətdə çox seyləri, həmçinin Azərbaycandakı açıq cəmiyyətin mövcudluğunu özləri görürlər. Bu da onların Azərbaycan haqda təsəvvürlərində pozitiv dəyişiklərə səbəb olur.

Amma bu kifayət deyil. Biz bunu daha möhkəmləndirmək üçün yenə də çalışmalıyıq. Əlaqələrimiz yalnız oyunlar müddətində məhdudlaşmamalı, bu münasibətlər sonrakı dövrlərdə də davam etməlidir”.

Cavanşir Feyziyev əlavə edib ki, Birinci Avropa Oyunları bitdikdən sonra Mətbuat Şurası tədbir keçirəcək.  

Sevinc YASİNQIZI  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi