Modern.az

Abdulla Güllə bağlı sensasiyalı faktlar: “Ərdoğan ona imkan vermədi”

Abdulla Güllə bağlı sensasiyalı faktlar: “Ərdoğan ona imkan vermədi”

20 İyun 2015, 12:58

Türkiyənin keçmiş prezidenti Abdulla Gülün baş müşaviri olmuş Əhməd Sevərin yazdığı “Abdulla Güllə 12 il” adlı kitabı ölkədə böyük rezonansa səbəb olub. Kitabdakı faktlar həm sabiq prezidentin siyasi komandasında təmsil olunan şəxslərlə, həm də şəxsi həyatındakı insanlarla bağlıdır..

Modern.az saytı kitabda xüsusi qeyd olunan Ərdoğan – Gül münasibətlərinə aid sensasiyalı məqamları təqdim edir.

Kitabın bəzi yerlərində Ərdoğanın Gülün önünü kəsmək istədiyi iddia edilir. Misal olaraq göstərilir ki, Gülü ən çox üzən və kədərlənməsinə gətirib çıxaran hadisələrdən biri 2012-ci ildə oldu. O zaman dövlət başçısının vəzifə müddəti ilə bağlı qanun hazırlanarkən qadağa maddəsinin sənədə salınması Abdulla Gülü narazı salıb:

“Bu maddə Gülün ikinci dəfə respublika başçısı seçilə bilməsinin qarşısını alırdı. Gül bununla əlaqədar ədliyyə naziri Sadullah Erginə “biz bu mövzunu aramızda danışaraq həll edərik. Qanunla maneə qoymağa ehtiyac yoxdur. Belə bir qanun məni təhqir edər” deyə xəbər göndərdi. Gül Ərdoğanla aralarındakı qardaşlıq hüququ və yoldaşlığa güvənirdi. Ergin baş nazir Ərdoğanla görüşdükdən sonra mənfi bir cavabla döndü”.

Sonrasını Əhməd Sevər kitabında belə izah edir:

“Öz partiyasından və yoldaşlarından gələn bu münasibət dövlət başçısına çox pis təsir etdi. Nə oldu ki, ona belə bir qadağanı   rəva gördülər?  Buna bir cavab tapa bilmirdi. Çox incimişdi. Bu mövzu nə vaxt ortaya çıxsa, danışmaq istəmirdi. Ancaq üzündəki acı-ağrılı ifadə hər şeyi izah edirdi. Qanun önünə gəldiyində də özünə qoyulan qadağanı tərəddüdsüz və heç gözləmədən öz əli ilə təsdiqlədi. Halbuki, veto edə bilər və ya Konstitusiya Məhkəməsinə ləğv üçün müraciət edə bilərdi. Amma o, bu yollara baş vurmadı. Bunun səbəbini özündən soruşduğumda çox qısa bir cavab verdi: “Kiminsə mənim haqqımda “kreslo xəstəsi” deməsinə imkan vermərəm””.

Gülü üzən başqa bir hadisə isə 2014-cü ilin  avqust ayında dövlət rəhbəri postundan ayrılan zaman yaşandı. Gül köşkdən ayrıldıqdan sonra siyasətə dönüb AKP-nin başına keçmək üçün bir hücum edə bilməz idimi? Kitabda yazılanlara görə, Gül siyasətə döndüyü təqdirdə müvəffəqiyyətli olacağına inanırdı, amma onu bundan daşındıran xüsusi bir səbəb vardı. Bu səbəb Rəcəb Tayyib Ərdoğan idi. Müəllif  bu yerdə Abdulla Gülün dilindən səbəbi  yazır:

“Tayyib bəy buna qarşı çıxar. Aramızda qarşıdurma yaranar. Razılaşa bilmərik. Bu, ölkə üçün də xeyirli olmaz. Bir ipdə iki kəndirbaz oynamaz”.

Abdulla Gülün partiyaya qayıtmağına mane olan başqa bir səbəb də var idi. Müəllif kitabında Gülün partiyanın tamamilə dəyişdiyini və başqa bir şəxsiyyətə büründüyü barədə dediyi fikirləri onun siyasətdən inkarı kimi dəyərləndirir.

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi