Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev hesab edir ki, azərbaycanlı jurnalistlər xarici həmkarları ilə əlaqələr qurmalı, birbaşa bir-birlərinin fikirlərini öyrənməli, birgə fikir mübadiləsi aparmalı, Azərbaycan həqiqətlərindən onlara danışmalıdırlar. Birinci Avropa Oyunları da onlar üçün bir fürsətdir.
Modern.az Avropa Oyunları üçün qeydiyyatdan keçən bir necə jurnalistin bu məsələ ilə bağlı fikirlərini öyrənib.
“Trend” İnformasya Agentliyinin əməkdaşı İlkin Bağırov:
“Bu gün Sloveniya dövlət televiziyasının jurnalisti ilə söhbətim oldu. Onun Bakıdan çox xoşu gəlib. Paytaxtımız, insanlarımız, yeməklərimiz, təbiətimiz, qadınlarımız haqqında çox yüksək fikirdədir. Avropa Oyunlarının Olimpiya oyunlarına bənzədiyini dedi. Ona Bakı və Azərbaycan haqqında, o cümlədən Dağlıq Qarabağın erməni işğalı altında olması barədə məlumat verdim. Daha öncə isə Fransadan, Türkiyədən və Rusiyadan olan jurnalistlərlə söhbətləşmişəm. Onlarla da xoş ünsiyyət qurdum. Bizimkilər düşünür ki, hər gələnə elə o dəqiqə işğal, Qarabağ, faciələrimiz barədə məlumat vermək lazımdır. Bu yanlış fikirdir. Buna qədər əvvəlcə onları maraqlandırmalıyıq. Daha sonra özləri istədikcə onlara belə şeylər haqqında danışmaq lazımdır. Çünki adətən avropalılar bədbin, neqativ əhval-ruhiyyəni, belə fikirlərlə yüklənməyi xoşlamırlar.
Düşünürəm ki, hər birimiz bu "ümumi təbliğat hovuzu"na bir damla əlavə edə bilsək, o, nəinki hovuz böyük bir dənizə çevrilər.
Dostluq üçün qarşılıqlı inam və etibar yaranmalıdır. Həm də təbii ki, dostluqda səmimilik olmalıdır. Onlar düşünməməlidir ki, biz onları sadəcə özümüzün təbliğatımız üçün istifadə edirik”.
APA TV–nin əməkdaşı Almaz Qasımova:
“Xarici jurnalistlərin hamısı ilə olmasa da, bəziləri ilə dostlaşmışam. Məsələn, Əlcazairdən gələn bir jurnalistlə “Media kəndi”ndə danışıb dostlaşmışam. Söhbətimiz zamanı ona musiqi alətlərimiz haqqında məlumat verdim. Hamısını da başa salmağa çalışırdım. Demək olar ki, o da hamısını başa düşürdü. Düzdür ingilis dilini tam yaxşı bilməsəm də, bacardığım qədər məlumat verə bilirəm.
Daha sonra “Media kəndi”ndə Afrikadan gələn jurnalist xanımı rəqsə dəvət edib, Qarabağ mahnısının sədalar altında necə oynamağı ona öyrətdim. O da çox gözəl oynadı. Sonradan həmin afrikalı həmkarımla da dostlaşdıq. Bilmədiyim şeyi soruşanda isə jurnalist dostlarıma deyirəm onlar izah edirlər.
Ümumiyyətlə, mən xarici həmkarlarımla dost olmağı sevirəm”.
Modern.az saytının əməkdaşı Vüqar İsmayılov:
“Oyunlar zamanı xarici jurnalist həmkarlarımızla sıx təmasda oluruq. Xüsusən də, rusiyalı və ukraynalı jurnalistlərlə ünsiyyətim yaxşı alınır. Ola bilsin ki, keçmişdə bir dövlətin vətəndaşı olmağımız buna münasib şərait yaradır. “İtar-TASS”dan Albert Yeliseyev, Ukraynanın “unian.net” agentliyindən Natalya Kirilyuk, Gürcüstanın “Ahlebi Toba” saytının redaktoru Mixail Jojoliani ilə həmkar münüasibətlərimiz yaranıb.
Onlara Azərbaycanın qədim tarixi barədə, görkəmli yerləri haqda məlumat verdim. “Sarı gəlin”in Azərbaycan mahnısı, yarpaq dolmasının isə milli yeməyimiz olduğunu, ermənilərin onları oğurladığını dedim. Xarici jurnalistlər ermənilərin bu həyasızlığından , xüsusən də yarpaq dolmasının oğurlanmasından çox təəccübləndilər”.
“Report" İnformasiya Agentliyinin əməkdaşı Rövşən Əhlimanoğlu:
"Əvvəla onu qeyd edim ki, ilk Avropa Oyunlarına xarici medianın diqqəti böyükdür. Hər gün müxtəlif idman obyektlərində yarışları izləyir və media nümayəndələri üçün ayrılmış nəqliyyat vasitələrindən istifadə edirəm. Düzü, əksəriyyətinin adı yadımda qalmasa da, bir neçə əcnəbi həmkarlarla yol yoldaşı olub, söhbətləşmişəm. Məsələn, İspaniya, Fransa və Türkiyədən olan jurnalistlərlə ünsiyyətim olub. Onlarla söhbət zamanı qonaqların şəhərimizi bəyəndikləri açıq şəkildə görünür. Onlardan biri söhbət zamanı demişdi ki, Bakı Avropanın ən gözəl şəhərlərindəndir. Mən də fürsətdən istifadə edib ona şəhərin tarixi yerləri haqda məlumat verdim. Yol əsnasında torpaqlarımızı işğal edən Ermənistan, baş verən soyqırımları haqda bacardığım qədər həmin media nümayəndəsini məlumatlandırdım. Türkiyəli həmkarlar isə daha çox yeməklərimizi bəyənib. Təbii ki, türklərlə dil baxımından anlaşmaq daha asan olduğundan onlara ölkəmiz haqda geniş məlumat vermək mümkün oldu. Qardaş ölkə olduğumuzdan elə türkiyəli jurnalistlər də mövqelərinin açıq şəkildə bizdən yana olduğunu dedilər. Qısaca olaraq deyə bilərəm ki, bu Azərbaycanın inkişafını, tarixini dünyaya daşımaq üçün əla fürsətdir. Belə məsələlərdə diqqətli olmaq və yaxşı mənada yararlanmaq lazımdır".
“Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Nərgiz Ehlamqızı:
“Redaksiyamız “Bakı-2015” Birinci Avropa Oyunlarını operativ və geniş dərc etmək üçün əməkdaşlarını yarışların keçirildiyi idman obyektlərinə ezam edib. Mən “Bakı Kristal Zalı”nda keçirilən taekvondo və boks yarışlarını izləyirəm. Sözügedən arenada media üçün çox gözəl şərait yaradılıb. Bizim həm media mərkəzindən, həm də tribunadan yarışı izləmək imkanımız var.
Sözün qısası, səhər saat 9:00-dan gecə saatlarınadək çox gərgin və operativ şəraitdə iş gedir. Buna görə də xarici jurnalistlərlə geniş söhbət aparmaq imkanımız olmur. Tribunada azərbaycanlıların yarışına daha çox yerli və türkiyəli jurnalistlər can atır. Media mərkəzindəsə daha çox polşalı və macar jurnalistə rast gəlmişəm. Hər iki ölkənin təmsilçisinin ingilis dili səviyyəsi aşağı olduğundan biz onlarla bir o qədər sıx təmas qura bilməmişik. Amma ümumilikdə, xarici jurnalistlər onlar üçün yaradılan şəraitdən razıdırlar. Onlar “Media kəndi”ndə komfortlu məkanda qalırlar, yeməklə təmin olunurlar. Bundan kim narazı qalar ki? Bizim kimi xarici jurnalistlər də yalnız öz ölkəsinin təmsilçilərinin yarışı olan zaman arenalara gəlirlər. Bir sözlə, bizim onlarla görüşüb söhbət etməyimiz üçün münasib zamanımız və imkanımız olmur. Zənnimcə, yarışlara akkreditasiya olunan xarici jurnalistlərlə treninqlər keçmək, onların tarixi abidələrə ziyarətini təşkil etmək olar ki, bu da yerli jurnalistlərin deyəcəyi 3-5 kəlmə sözdən daha effektli olar”.
“Qafqazinfo.az” saytının əməkdaşı Elsevər Məmmədov:
“Ukraynanın Lvov şəhərindən olan, amma əslən kanadalı jurnalistlə söhbətimiz olub. Daha sonra onunla görüşdük. Onu Şirvanşahlar Sarayına və Qız Qalasına aparıb tariximiz haqda məlumatlar verdim. Ən əsas məkanlarımızdan olan Şəhidlər Xiyabanına da ona göstərdim. Özü də xiyabanı gəzdi.
Həmkarımla Qobustan qayalıqları haqqında söhbətimiz oldu. Belə ki, o məndən tarixi bir yer soruşdu. Mən də onu Qobustana aparıb hər yerlə tanış elədim. O da sevə-sevə hər yeri gəzdi.
Daha sonra Donetskdə baş verən müharibə ətrafında söhbətlərdən danışdıq. O zaman mən də Qarabağ haqqında ona məlumat verdim. O da belə bir faciə haqqında eşitdiyi həqiqətləri bilmədiyini dedi. Mən də ona Xocalıdan olan şəkilləri göstərdim. Hələ ki, həmkarıma digər məlumatlar verməyə imkanım olmayıb. Çünki yarışlar gərgin keçir və bütün günü arenalarda oluruq”.
Sevinc YASİNQIZI