Modern.az

Birinci Avropa Oyunları dünya idman tarixində yeni möhtəşəm səhifə açdı

Birinci Avropa Oyunları dünya idman tarixində yeni möhtəşəm səhifə açdı

Təhsil

22 İyun 2015, 17:10

Vüqar Rəhimzadə,

YAP Siyasi Şurasının üzvü,

«İki sahil» qəzetinin baş redaktoru, Əməkdar jurnalist


Möhtərəm Prezidentimiz  İlham Əliyevin qeyd etdiyi kimi, qitənin mötəbər idman tədbirini keçirməklə Azərbaycan həm də  növbəti Avropa Oyunlarının standartlarını müəyyən etmək üçün şərəfli bir missiyanı yerinə yetirir

Azərbaycan - Birinci Avropa Oyunlarına ev sahibliyi etmək şansı qazanan ölkə


2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında  birinci  Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edildi. Baş Assambleyanın iştirakçıları arasında  keçirilmiş gizli  səsvermə nəticəsində 48 səsdən 38 səsi qazanan Azərbaycan bu şansı əldə etdi.  Təbii ki, atılan hər bir addımı şərtləndirən amillər mövcuddur. Azərbaycanın bu gün  müxtəlif sahələri əhatə edən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi üçün zəngin    təcrübəyə malik olması  dünyanın diqqətindən kənarda deyil. Həmin  qərarın  qəbulunda da   ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı,  müasir   idman infrastrukturuna malik olması, ən əsası sürətli, dinamik inkişafı mühüm rol oynamışdır. Bir məqamı da qeyd edək ki, Azərbaycan müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovşağında yerləşən ölkə olaraq daim dövlətlər, xalqlar arasında əməkdaşlıq körpüsünün möhkəmləndirilməsinə xidmət edən töhfələri ilə diqqət çəkib. Sözsüz ki, Avropa Olimpiya Komitəsinin məlum qərarının qəbulunda bu amilin də rolu inkaredilməzdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin  Avropa Olimpiya Komitəsinin  birinci Avropa  Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqına   10 dekabr 2012-ci il tarixli təbrikində bu məqamlar bir daha açıqlanır: «İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır... Digər amil ondan ibarətdir ki, Azərbaycanda uzun illər ictimai-siyasi sabitlik hökm sürür. Bu da çox vacibdir. Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitlik çox mühüm rol oynayır və Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi dünyada özünü təsdiqləyibdir. Əlbəttə ki, iqtisadi uğurlarımız da bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır.»

Azərbaycanın ötən dövr ərzində qazandığı uğurlara qısa baxış fonunda  bir daha bu reallıq təsdiqlənir ki, hər bir ölkə malik olduğu imkanlarını dünyaya təqdim etməklə, dünya birliyində yeri və rolunu möhkəmləndirməklə özü ilə bağlı hansısa qərarın qəbulunda stimulverici amilə çevrilir. Artıq Azərbaycanın  beynəlxalq tədbirlər üçün əsas məkan seçilməsi ənənəyə çevrilib. Bu ənənənin davamlılığını təmin etmək üçün dayanıqlı inkişaf mütləqdir.

Olimpiya Oyunlarının tarixinə qısa  baxış

Mütəxəssislərin qeyd etdikləri kimi, Olimpiya Oyunları dedikdə  idman yarışlarının, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar çərçivədə  deyil,  geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Bu baxımdan əsrlərlə yaşı olan Olimpiya Oyunları  müasir günümüzdə də maraqla izlənilir. İlk dəfə 776-cı ildə  qədim Yunanıstanın Olimpiya şəhərində  Zevsin şərəfinə keçirilən Olimpiya Oyunları  sonradan kütləvi idman bayramlarına, dostluq, bərabərlik simvoluna çevrilmişdir.  O dövrün qalibləri isə  zeytun ağacının budaqlarından hörülmüş çələnglə mükafatlandırılırdılar.

Qədim Yunanıstanda mövcud olmuş  Olimpiya Oyunlarının bərpası təşəbbüsünü XIX əsrin sonlarında  fransız ictimai xadimi  baron Pyer de Kuberten təklif etmişdir. Onun dövründə  Yay Olimpiya Oyunları kimi tanınan bu beynəlxalq tədbir  1896-cı ildən etbarən hər 4 ildən bir keçirilir. Buraya dünya müharibələrinin baş verdiyi illər daxil deyil. 1924-cü ildə Qış Olimpiya Oyunları təsis edildi. Əvvəllər Yay və Qış Olimpiya Oyunları eyni ildə  keçirilirdi. Lakin 1994-cü ildə Qış Olimpiya Oyunlarının keçirilməsi Yay Oyunlarına nəzərən iki il irəli çəkildi. 

Sovet İttifaqı belə beynəlxalq yarışlara ilk dəfə 1952-ci ildə Helsinki Olimpiadasında qoşulmuşdur. Tokio yarışlarında (1964) SSRİ idmançıları 30 qızıl medal qazanmışlar. 1980-cı ildə Moskvada  keçirilən  Olimpiya Oyunları SSRİ-nin Əfqanıstana hücumu ilə eyni   dövrə düşdüyü üçün təntənə ilə müşayiət olunmadı. Los Anceles (1984) Olimpiya Oyunlarında isə başda SSRİ olmaqla kommunist ölkələri iştirakdan imtina etdilər.

Müstəqil ölkə kimi ilk dəfə Atlanta Yay Olimpiya Oyunlarında   (1996) iştirak edən  Azərbaycanın qismətinə  həmin yarışlarda 1 gümüş medal yazıldı. Sidney (2000) görüşü ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandırdı. Ölkədə idmana göstərilən diqqət və  qayğı  sonrakı yarışlarda özünü doğrultdu. Afinadan  (2004)  Azərbaycana 5 medalla qayıdan idmançılarımız Pekin (2008) yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindirdilər.  XXX London Yay Olimpiya Oyunlarında  nəticə daha uğurlu oldu: qaliblər üçün nəzərdə tutulan medallardan  2 qızıl, 2 gümüş, 4 bürünc olmaqla 10 medal Azərbaycanın payına düşdü. «Eurovision» mahnı müsabiqəsindən sonra Azərbaycanın XXX London Yay Olimpiadasında əldə etdiyi uğurlar bir daha göstərdi ki, qısa müddətdə iqtisadi uğurları ilə  liderlik zirvəsinə yüksələn ölkəmiz düşünülmüş  siyasət nəticəsində bütün sahələrdə  öncüllüyünü qoruyur.

Son illərdə idmanın inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Bu uğurların təməlində ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət dayanır. Məhz ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi də  ulu öndər Heydər Əliyevin idman siyasətinin təntənəsi kimi dəyərləndirilir. Ümummilli lider Heydər Əliyev  «İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və  hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində  tanınır. Demək olar ki,  idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir  vasitə yoxdur» fikirləri ilə bu sahənin inkişafına  verilən önəmi şərtləndirən əsas amilləri  diqqətə çatdırırdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərə diqqət və qayğını dövlət siyasətinin əsas tərkib hissəsinə çevirən ulu öndər Heydər Əliyev fiziki cəhətdən sağlam gənclərin yetişdirilməsini vacib amil kimi önə çəkdi. Dahi şəxsiyyətin bu istiqamətdə atdığı  biri-birindən əhəmiyyətli addımların  möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. Bu sahədə uğurlarımız həm beynəlxalq yarışlarda əldə etdiyimiz medallarla ölçülür, eyni zamanda, paytaxt və bölgələrdə  yaradılmış müasir idman infrastrukturu da bu göstəriciləri tamamlayır. Buna ölkəmizdə  keçirilmiş dünya, Avropa çempionatlarını əlavə etsək, görərik ki, doğrudan da Azərbaycanda idman  sürətlə inkişaf edir. İdmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.

Məlum olduğu kimi, ölkəmizdə hər il dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə  konkret bir sahənin adı ilə bağlanır. 2012-ci ilin «İdman ili» elan edilməsi də bu sahənin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Sərəncamda da bu fikir öz əksini tapmışdır ki,  Azərbaycanda idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakı və minlərlə  medala layiq görülməsi bunun əyani sübutudur.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə  futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi bunu bir daha təsdiq edir. Ən əsası 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması- ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi uğurlarımızın zirvə nöqtəsi kimi dəyərləndirildi. Avropa Olimpiya Komitəsinin  prezidenti Patrik Hikkinin qeyd etdiyi kimi, birinci Avropa Oyunlarının keçirilməsi ilə dünyanın Qitə Oyunlarına çatışmayan  beşinci həlqə əlavə olundu.

Tarixi günə aparan yol: Uğurlu nəticə  hazırlıq işlərinin yüksək səviyyədə təşkilinə əsaslanır

Təbii ki,  uğurlu nəticə əldə etmək üçün işlərin kompleks şəkildə görülməsi zərurətdir. Birinci Avropa Oyunlarının tarixi əhəmiyyəti nəzərə alınaraq, dövlətimizin başçısı İlham Əliyevin  17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı  Təşkilat Komitəsi yaradıldı. Komitəyə Heydər Əliyev Fondunun prezidenti,  Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva sədr təyin edildi.  Təşkilat Komitəsinin qərarı ilə  «Bakı-2015» Avropa Oyunları Əməliyyat Komitəsi  yaradıldı və Oyunlara hazırlıq işlərinə start verildi.  Dünyanın ən qabaqcıl və təcrübəli mütəxəssislərinin ölkəmizə dəvət olunaraq,   yerli mütəxəssislərimizlə birgə səyləri nəticəsində hazırlıq işləri yüksək səviyyədə təşkil edildi. Qısa zamanda görülən işlər dünyanı heyrətləndirdi. Birinci Avropa Oyunlarının açılış mərasimi bu heyrətə səbəb olan məqamlarla yadda qaldı.

Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində keçirilən «Bakı-2015» birinci Avropa Oyunlarının təqdimatları Azərbaycan reallıqlarının, eyni zamanda bu mühüm idman bayramının təbliğində əhəmiyyətli rol oynadı. Hazırlığın səviyyəsini yüksək qiymətləndirən Beynəlxalq və Avropa Olimpiya Komitələrinin nümayəndələri bu inamı ifadə edirdilər ki,  Azərbaycanda ilk Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcək.

Məlum olduğu kimi, bu günlər 20 idman növü üzrə yarışlar paytaxtımızda  21 idman obyektində keçirilir. Açılış mərasiminin baş tutduğu  68 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, 7300 nəfərlik Olimpiya Şəhərciyi də Oyunları tam hazırlıqla  qarşıladı. Paytaxtın nəqliyyat infrastrukturu təkmilləşdirildi, müvafiq təhlükəsizlik tədbirləri görüldü, qonaqların, idmançıların qarşılanması, yerləşdirilməsi, məşqlərin keçirilməsi və digər təfəərrüatlar tam nəzərə alındı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi həm böyük etimad, həm də böyük məsuliyyətdir. Hazırlıq işlərinin səviyyəsi  ölkəmizin bu məsuliyyətin də öhdəsindən yüksək səviyyədə gəldiyini nümayiş etdirdi. Bu məsuliyyət  2016-cı ildə ölkəmizdə keçiriləcək  Dünya Şahmat Olimpiadası və  «Formula-1»” yarışlarına hazırlıq mərhələsi kimi də dəyərləndirilir. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

Hər nitqində  hazırlıq işlərinin  uğurla başa çatdığını  xüsusi qeyd edən möhtərəm Prezidentimiz İlham Əliyev,  eyni zamanda,  bu əminliyi də  ifadə edirdi:  «Əslində mən şübhə etmirdim, çünki bizim başladığımız bütün işlər uğurla yekunlaşır. Əminəm ki, Avropa Oyunları da böyük idman və dostluq bayramına çevriləcəkdir.» Nadir  idman mərkəzləri paytaxtımızın simasına xüsusi gözəllik verməklə beynəlxalq standartlara tam uyğun avadanlıqlarla təmin olundu. Yarışların keçiriləcəyi ərazilərdə  abadlıq, quruculq işləri həyata keçirildi. Qeyd etdiyimiz kimi, məqsəd Oyunları yüksək səviyyədə təşkil etmək, Avropa Oyunlarının standartlarını məhz Bakıda müəyyənləşdirməkdir.  Azərbaycan hər sahədə uğurlu təcrübəyə malik olduğunu dünyaya nümayiş etdirir.  Təbii ki, bu uğurlar dövlətimizin düşünülmüş və gələcəyə hesablanmış uğurlu siyasətinin  bəhrəsidir. Avropa Olimpiya Komitəsinin prezidenti  Patrik Hikkinin də etiraf etdiyi kimi,  Avropa Oyunlarını reallığa çevirmək üçün 27 ay ərzində  yorulmadan çalışmaq məsuliyyəti hər xalqa nəsib olan keyfiyyət deyil. «Əslində bütün Bakı heyəti  hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı» söyləyən P.Hikki bildirmişdir ki, belə qısa müddətdə görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda  təsəvvür edə bilməzdik. Bu fikir də xüsusi qeyd olunur ki,   Atletlər  və  Media kəndlərində yaradılan  şərait bəlkə də bu günədək  Olimpiya Oyunlarına ev sahibliyi edən heç bir ölkədə  müşahidə edilməyib.  


Məşəl: Bayram, birlik mesajı

Olimpiya ənənəsinə uyğun olaraq  ilk addım qədim od məbədi olan Atəşgahdan başladı.  Birinci Avropa Oyunlarının məşəli  47 gün ərzində  Azərbaycanın hər bir bölgəsini gəzib dolaşdı,  Oyunların rəsmi açılışı  mərasimində Bakı Olimpiya Stadionuna gətirildi. Açılış mərasimində birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva bu anı belə  dəyərləndirdi: «Məşəl bayram, ruhlandırma və birlik mesajını daşıdı.  Məhz alovlanan ruh hamımızı  bir araya gətirir.»

Birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Oyunların başlanğıc günü kimi dəyərləndirilən bu tarixə münasibətini belə açıqlamışdır: «İki ildən bir qədər çox əvvəl biz böyük məmnunluqla elan etdik ki, Avropa Oyunlarını qəbul edən ölkə Odlar Yurdu Azərbaycan olacaq. Ən cəlbedici elementlərdən biri - ölkənizin milli rəmzi olan alov, eyni zamanda, Olimpiya Hərəkatının gücünün və qüdrətinin əsas təcəssümüdür. Məşəlin alovlandırılmasının və estafetin müasir ənənəsinin əsasını qoymuş, qədim idman oyunlarını yaratmış yunan sivilizasiyası odu, alovu müqəddəs sayırdı. Bu axşam biz nadir mərasimimizdə həmin Olimpiya irsinə sadiq qalaraq Atəşgah məbədində Avropa Oyunlarının məşəlini alovlandıraraq məşəli stadiona və «Bakı-2015» Oyunlarının açılış mərasiminə yola salırıq. Bu, Avropa idmanı üçün həlledici məqamdır... Kamillik, dostluq və hörmət kimi Olimpiya dəyərləri məşəl estafetində aydın şəkildə əks olunur. Məşəlçilər qardaşlıq ruhunda alovlanan məşəli bir-birinə ötürərək idman vasitəsilə sülh, dostluq və təntənə mesajını hər yerə yayırlar.»

Sülh, dostluq və təntənə mesajını hər yerə yayan məşəlin sonda Bakı Olimpiya Stadionunda alovlanması ən həyəcanlı və qürurverici an kimi yadda qaldı.  Bu məşəl  50 ölkəni  təmsil edən 6 mindən artıq idmançını sağlam rəqabət uğrunda mübarizəyə çağırdı.  Birinci Avropa Oyunlarının  açılış mərasimi iştirakçılarının  şərəfinə rəsmi qəbulda «Oyunlar başlayır. Bütün komandalar hazırdır. Azərbaycan xalqı  Oyunların başlamasını səbirsizliklə gözləyir» söyləyən  dövlətimizin başçısı  İlham Əliyev bu fikri də xüsusi qeyd etmişdir ki,  qoy güclü qalib gəlsin!

Birinci Avropa Oyunlarının açılış mərasimi  öz möhtəşəmliyi ilə seçildi

Nəhayət, hər birimizin böyük səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. İyunun  12-də Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarının açılış mərasimi  öz möhtəşəmliyi ilə diqqət çəkdi, ən yüksək Olimpiya standartlarını nümayiş etdirdi,  gözəlliyi, rəngarəngliyi, heyrətamizliyi ilə yadda qaldı. Açılış mərasiminin  kompozisiyası sülhü, humanizmi, insanlar, svilizasiyalar  arasında  barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirdi. «Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində  əldə etdiyimiz uğurlar və  nailiyyətlər nəticəsində  bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində  yeni səhifə yazılır. Bu səhifəni biz  yazırıq, Azərbaycan xalqı yazır. Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun» söyləyən birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Azərbaycanın iqtisadi sabitliyi və  davamlı inkişafı fonunda bu inamı ifadə etdi ki,  gələn illərdə  Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və «Bakı-2015»in parlaq ruhunun atəşi orada olacaq. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik  Hikki «Bakı 2015»i uzun yolun ən vacib nöqtəsi kimi  dəyərləndirərək qeyd etdi ki, idman və Olimpiya hərəkatının gənc dövlətin sürətli inkişafının mərkəzində dayanmasına  daim səy göstərən Prezident İlham Əliyevin və  Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın qətiyyətli  mövqeyi hazırlıq  işlərinin aparıcı qüvvəsi oldu.

Sülhü, dostluğu və həmrəyliyi qeyd etmək üçün  açılış mərasimində iştirak edən dövlət və hökumət nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin şərəfinə təşkil olunan rəsmi qəbulda nitq söyləyərək, Azərbaycan və bütün Avropa xalqlarını dostluq, həmrəylik bayramına çevrilən belə möhtəşəm tarixi hadisə münasibətilə təbrik edən Prezident İlham Əliyev  vurğuladı ki,  Azərbaycan artıq  idmanın inkişafı  istiqamətində öz rolunu dünyaya göstərir: «Bu, ölkəmiz üçün tarixi hadisədir. Çünki bu günə qədər ölkəmizdə  bu miqyasda idman yarışları keçirilməmişdir. Eyni zamanda Avropa üçün də tarixi  hadisədir. Çünki başqa qitələrdən fərqli olaraq, Avropada heç vaxt qitə oyunları  keçirilməmişdir. İdmanın, Olimpiya hərəkatının inkişafı  Azərbaycanda  dövlət siyasətidir. Deyə bilərəm ki,  son Yay Olimpiya Oyunlarında  Azərbaycan idmançıları komanda hesabında 30-cu, Avropa ölkələri arasında 10-cu yerə layiq görülmüşlər.» I Avropa Oyunlarında isə  ölkəmizi idmanın müxtəlif növləri üzrə 291 nəfər təmsil edir.

Artıq yarışların 11-ci günüdür. 10 gün arxada qalır. 10 gün ərzində müxtəlif idman növləri üzrə  güclərini sınayan idmançılarımızın  Azərbaycana qızıl medallar qazandırmaları  ölkədə idmanın inkişafı üçün yaradılan şəraitin məntiqi nəticəsidir.  Yarışlar davam edir.  Komanda hesabı ilə iştirakçılar arasında ikinci yerdə dayanan Azərbaycan idmançıları yarışın 11-ci gününə qədər  35 medal qazanıblar. Bunların 14-ü qızıl, 7-si gümüş, 14-ü bürüncdür.  Hər yarışın Azərbaycana, digər iştirakçı ölkələrə  uğur gətirdiyini nəzərə alsaq,  bu rəqəmlərin sıralanmasında  artımların olacağı inkaredilməzdir. İştirakçı ölkələrin bayraqlarını bir araya gətirən birinci Avropa Oyunlarının açılış mərasimində Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın səsləndirdiyi bu fikirləri xatırlatmaq istərdik: «Bakı 17 gün ərzində  sizin evinizdən uzaqda ikinci doğma eviniz olacaq.» İdmançılar təmsil etdikləri ölkələrin bayrağını yüksəklərə qaldırmaq üçün yarışlara yüksək əhval-ruhiyyə ilə qatılır, Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi,  bütün  Azərbaycan xalqı onlara dəstək vermək üçün bir aradadır. 

Reallıq budur ki,  Azərbaycan artıq idmanın inkişafında  öz rolunu dünaya göstərib. Tam qələbə hələ irəlidədir. Bağlanış mərasimi qələbələrin təqdimatı olacaq.   «Oyunlardan sonra əlbəttə ki, həyat davam edəcək. Azərbaycan digər mötəbər idman yarışlarına ev sahibliyi edəcəkdir. 2016-cı ildə  Bakıda  Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkdir. Eyni zamanda  2016-cı il də «Formula-1» yarışı Bakıda keçiriləcəkdir. 2017-ci ildə  İslam Həmrəylik Oyunları  Azərbaycanda, Bakıda keçiriləcəkdir. 2020-ci ildə isə futbol üzrə  Avropa çempionatının qrup mərhələsi və dörddəbir final yarışları Bakıda keçiriləcəkdir» söyləyən möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi,  Bakıya gələn və gələcək yarışlarda  iştirak edəcək idmançılar, qonaqlar ölkəmizdən ən xoş təəssüratlarla  ayrılacaqlar.

28 iyun: Birinci  Avropa Oyunlarının bağlanış günü

Atılan hər bir uğurlu addımın  başlanğıcı  qədər də  sonu  diqqətçəkən və qürurverici olur. Nəzərə alsaq ki, dünyanın idman tarixinə yeni möhtəşəm səhifə yazan birinci Avropa Oyunlarında   20 idman növü uzrə 6 mindən çox idmançı 50 ölkəni təmsil edərək, 253 medal dəsti  uğrunda mübarizəyə qatılıb, təbii ki, sonluq həm  Azərbaycan, eyni zamanda,  dünya üçün daha önəmlidir. Hər bir yarış bir qələbə, hər qələbə təkcə  idmançının deyil, həm də onun təmsil etdiyi ölkənin sevinci, uğurudur. O da aydındır ki, uğurlu başlanğıc sonluq barədə aydın təsəvvür yaradır. Azərbaycan idmançılarının Oyunların ilk günündən yaşatdıqları qələbə sevinci bağlanışı yüksək əhval-ruhiyyə ilə qeyd edəcəyimizə əsas yaradır.   

Birinci Avropa Oyunları ilə bağlı  Azərbaycana qarşı qarayaxma kampaniyası aparanların cəhdləri  boşa çıxdı 

Qərblə Şərqin qovşağında yerləşən  Azərbaycanın  beynəlxalq tədbirlər üçün ideal  məkan kimi seçilməsi ölkəmizdəki  siyasi sabitliyin, demokratik inkişafın nəticəsidir.  İqtisadi və siyasi islahatların vəhdətliyi fonunda uğurlarımız davamlılığı ilə diqqət çəkir.  Olimpiya Ailəsinin üzvləri üçün qəbulda Azərbaycan dövlətinin başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir: «Demokratikləşmə siyasəti, qanunun aliliyi, fundamental  azadlıqların və insan hüquqlarının qorunması bizim siyasətimizin prioriteti olub.  Azərbaycanda bütün azadlıqlar- media azadlığı, senzurasız  azad internet təmin edilir, əhalimizin  70 faizi  internet istifadəçisidir.»    Şərq və  Qərb dəyərlərini özündə birləşdirməklə dünya birliyi üçün əhəmiyyətini balanslaşdırılmış siyasəti ilə təsdiqləyən,  yeni çağırışlara daim hazır olan Azərbaycan demokratiya yoluna sadiqliyini atdığı hər addımında təsdiqləyir.   Sivilizasiyalararası dialoq məkanı kimi tanınan Bakıda   möhtəşəm forumların, simpoziumların, konfransların keçirilməsi ənənə halını alıb. Bütün dünyada  tolerant ölkə kimi tanınan Azərbaycanın təcrübəsi həqiqətən öyrənilməyə layiqdir. Azərbaycanın siyasi, iqtisadi, diplomatik uğurları artdıqca müstəqil, müasir, dünyəvi, dinamik inkişaf edən respublika olduğunu təsdiqləyən reallıqlar daha cəlbedici görünür. İlk Avropa  Oyunlarının Bakıda keçirilməsi də   xarici siyasəti, iqtisadi inkişafı baxımından  seçilən Azərbaycana inam və etimadın təzahürüdür. Birinci  Avropa Oyunlarının məhz Azərbaycanda belə möhtəşəm şəkildə keçirilməsi ölkəmizə qarşı qarayaxma kampaniyası aparan   dairələrə tutarlı cavabdır. İqtisadi inkişafı, demokratiya təcrübəsi, beynəlxalq aləmdə nüfuzu, eyni zamanda  idmanın inkişafına görə belə bir tədbirə ev sahibliyi etmək şansı qazanan Azərbaycana qısqanclıqla yanaşan qüvvələr hər vəchlə uğurlarımıza kölgə salmağa cəhd göstərdilər. «Human Rights Watch», «Amnesty İnternational», «Freedom House», «The Guardian», BBC kimi qərəzli dairələr təkcə Avropa Oyunları ilə deyil, ümumiyyətlə, Azərbaycanda keçirilən  bütün tədbirlərdə  ölkəmizə qarşı  qərəzli mövqelərini açıq-aydın göstərirlər. Göstərilən  cəhdlər Azərbaycanın reallıqları fonunda iflasa uğradı. Birinci  Avropa Oyunları möhtərəm Prezidentimiz İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi,   tarixə dostluq, qardaşlıq, həmrəylik bayramı kimi yazılacaq.  Bu gün də  Azərbaycan reallıqlarını, inkişaf dinamikasını  möcüzə adlandıran xarici qonaqlar I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini, hazırlıq səviyyəsinə görə başqa dövlətlərdən qat-qat üstün olmasını iqtisadi inkişafın, düşünülmüş siyasətin, dövlətçilik təcrübəsinin təntənəsi kimi dəyərləndirirlər. Dünya mətbuatı Azərbaycana qarşı qərəzli mövqedə  dayanan dairələrin birinci Avropa Oyunları ilə bağlı əsassız təbliğatlarını tənqid edir, ölkəmizin uğurlarını yüksək dəyərləndirərək, perspektivlərdən bəhs edirlər. Bugünkü reallıq Azərbaycanın inkişaf yolunda inamla irəliləməsidir.  Dövlətimizin  başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ancaq güclü dövlətlər belə böyük tədbirləri keçirə bilərlər. «Azərbaycan da güclü dövlətdir. Son illərdə aparılan islahatlar, görülən işlər nəticəsində ölkəmiz gücləndi, güclü iqtisadiyyata malikdir, siyasi proseslər müsbət istiqamətdə gedir. Beynəlxalq aləmdə Azərbaycan çox böyük hörmətə malik olan bir ölkədir» söyləyən  möhtərəm Prezidentimiz İlham Əliyev  onu da bildirir ki, Oyunlar bizə imkan verəcək ki, Azərbaycanı olduğu kimi dünyaya təqdim edək və bir daha göstərək ki, gənc müstəqil Azərbaycan böyük uğurlara imza atır, dünyaya açıqdır, ölkəmiz müasirdir, eyni zamanda, öz tarixinə, mədəni köklərinə bağlıdır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir.

Azərbaycanın beynəlxalq nüfuzu  günbəgün  artır

Azərbaycanın 48 səsdən 38 səsi qazanaraq birinci Avropa Oyunlarına ev sahibliyi etmək şansını qazanması da  Azərbaycanın beynəlxalq aləmdə yeri və rolunun təsdiqidir. 50 ölkədən 6 min artıq idmançının qatıldığı bu mötəbər idman tədbiri Azərbaycan reallıqlarının təbliğində əhəmiyyətli rol oynayaraq, xarici siyasət sahəsində də yeni bir səhifənin açılacağına stimuldur. Bu baxımdan ki, hər bir idmançı ölkəmiz haqqında dolğun məlumatlar əldə etmək imkanı qazanacaq, qələbəsi ilə ölkələr arasında dostluq, birlik, həmrəylik körpüsünə öz töhfəsini verəcək. Hər bir qələbə həmin ölkənin bayrağının ucaldılması, dövlət himninin səsləndirilməsi fonunda Azərbaycanın dəfələrlə təqdimatı deməkdir.  Dövlətimizin  başçısı İlham Əliyev Olimpiya Ailəsinin üzvləri üçün qəbulda bu məqamı xüsusi qeyd etmişdir: «Bu gün Azərbaycan dünyada çox yaxşı nüfuza malik olan dövlətdir.  Bunun ən bariz nümunəsi  bir neçə il əvvəl  Azərbaycanın dünyanın ən mötəbər qurumu olan  BMT Təhlükəsizlik Şurasına  qeyri-daimi üzvlüklə bağlı  namizədliyini irəli  sürəndə 155 ölkənin dəstəyini qazanması olmuşdur. İlk dəfə  Azərbaycan BMT Təhlükəsizlik Şurasında  təmsil edilmişdir.  Bu, bizim siyasi  və diplomatik fəaliyyətimizin  zirvəsi olmuşdur. İqtisadi islahatlar olmasaydı, yəqin ki, biz buna nail ola  bilməzdik.»

Göründüyü kimi, ölkənin hərtərəfli inkişafı uğurların davamlılığını təmin edir. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsində də onun  beynəlxalq münasibətlər sistemində  yeri həlledici rol oynayır. Ölkəmizin reallaşdırdığa enerji layihələri ölkələr, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsünü möhkəmləndirdiyi kimi, ev sahibliyi etdiyi tədbirlər də ölkələrin malik olduqları imkanların təhlili, inkişaf strategiyalarının öyrənilməsi əsasında əlaqələrin inkişafını sürətləndirir. Azərbaycan artıq idman ölkəsi kimi də  öz təcrübəsini bölüşmək imkanındadır. Dövlətimizin başçısı İlham Əliyev bildirir: «Biz miqyasına görə  yay olimpiya oyunlarından sonra  ən böyük beynəlxalq idman  tədbirini təşkil etmək imkanı əldə etdik.   Avropa idmanı üçün isə bu, ədaləti bərpa edən qərar oldu.  Çünki bildiyimiz kimi,  digər qitələr uzun illərdir ki, öz oyunlarını keçirirlər və yalnız Avropanın belə bir  Oyunları yox idi.  Buna görə də, düşünürəm ki, bu, ədalətin təzahürü oldu. Çünki Olimpiya hərəkatının, Olimpiya ideyalarının, olimpizmin vətəni Avropadır. Bu, qədim Yunanıstanda başlanıb və daha sonra Baron de Kuberten onu bərpa etmişdir. İndi isə ədalət bərpa edildi və gördüyümüz işdən fərəhlənə bilərik. Biz gərgin çalışdıq, insanlarımızın, qonaqlarımızın və bütün Avropanın yaddaşında  qalacaq səviyyədə Oyunları təşkil etdik.»

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bu fikri xüsusi qeyd etmişdir ki, ölkəmizin həyatında tarixi hadisə olan  ilk Avropa Oyunlarının keçirilməsi bir daha sübut edir ki, Azərbaycan beynəlxalq idman aləminin  aparıcı dövlətlərindən biri kimi  dünyadakı mövqeyini daha da möhkəmləndirir. Azərbaycan yeni-yeni dostlar qazanaraq beynəlxalq münasibətlər sistemində yeri və rolunu möhkəmləndirir. Ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olması sözsüz ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də yol açır. Birinci Avropa Oyunları Dağlıq Qarabağ həqiqətlərinin də dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasında əhəmiyyətli rol oynayacaq. İstər idmançılar, istərsə də yarışları izləmək üçün ölkəmizə gələn qonaqlar  Azərbaycan reallıqlarının təbliğatçısı olacaqlar.           

Bir məqamı da qeyd edək ki,  yarışların 150 ölkədə yayımlanması böyük uğurdur. 150 ölkənin eyni zamanda Azərbaycan reallıqlarını izləmək imkanı əldə etməsi  sözsüz ki, ölkəmizin beynəlxalq nüfuzuna  öz müsbət təsirini göstərəcək. Bir sözlə, Azərbaycan dünya birliyi ailəsinin fəal üzvü kimi yerini və mövqeyini günbəgün möhkəmləndirir.  

Uğurlarımız  xalq-iqtidar birliyinin təntənəsidir

Möhtərəm Prezidentimiz  İlham Əliyev hər nitqində  bu fikri xüsusi qeyd edir ki, atılan addımlar hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Ölkənin hərtərəfli inkişafını təmin edən əsas amillərdən biri məhz atılan addımların, görülən işlərin xalq tərəfindən yekdilliklə  dəstəklənməsi, xoş ovqatla qarşılanmasıdır. Birinci Avropa Oyunlarının rəsmi  açılış mərasimi, eyni zamanda sonrakı günlərdə davam edən yarışlar xalqımızın  bu bayram tədbirini hansı əhval-ruhiyyə ilə qarşıladığını bir daha nümayiş etdirdi. Tədbirə ev sahibliyi etməklə dünyaya gücünü, qüdrətini, iqtisadi imkanlarını, siyasi çəkisini və nüfuzunu, ən əsası hər sahə üzrə  təcrübəsinin mövcudluğunu nümayiş etdirən bugünkü müasir müstəqil  Azərbaycan hər birimizin qürur mənbəyidir. Bu gücü, qüdrəti yaradan isə  möhkəm təmələ əsaslanan siyasət və bu siyasətin xalq tərəfindən dəstəklənməsi, xalqımızın öz Prezidentinin ətrafında sıx birləşməsidir.  Ölkəmizdə  həyata keçirilən bütün islahatların mərkəzində insan amili dayanır və bütün tədbirlər  bu istiqamətə yönəldilir. Nəticədə isə Azərbaycanın  beynəlxalq sahədə artan nufuzuna yeni  dəyərlər əlavə olunur.  Belə  uğurların fonunda Azərbaycanın ən mötəbər forumlara,  yarışlara, beynəlxalq müsabiqələrə ev sahibliyi etməsi  təsadüfi deyil.   Paytaxt Bakı, eyni zamanda regionlarımız  hər gün qəbul etdiyi saysız-hesabsız qonaqların qeyd etdiyi  kimi, ən müasir Avropa ölkələrini belə arxada qoyacaq inkişafa malikdir. Dövlətimizin başçısı İlham Əliyev Olimpiya Ailəsinin üzvləri üçün qəbulda ölkəmizin uğurlarına əsaslanaraq qarşıdakı illər üçün prioritetlərimizi də diqqətə çatdırmışdır: «Azərbaycan, gördüyümüz işlər və gələcək planlar haqqında çox danışa bilərəm.  Çünki bununla bağlı  qısa bir təqdimatda  dolğun məlumat vermək mümkün deyil.  Yalnız onu əlavə edə  bilərəm ki,  biz inkişafı davam etdirməyə sadiqik. Biz gələcək hədəflərimizi bilirik, Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirmək istəyirik və Azərbaycan meyarlarını ən yüksək beynəlxalq  meyarlara  çatdırmaq niyyətindəyik.  Necə ki, biz ilk Avropa Oyunlarının standartlarını ən yüksəyə qaldırmağa  çalışmışıq. Səmimi deyə bilərəm ki,  bu standartları Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi müəyyən edib.  Bu standartlar aşağı da ola bilərdi, lakin Avropa Olimpiya Komitəsi və Təşkilat Komitəsi qərara gəldi ki, elə standartlar tətbiq olunsun ki, Azərbaycanın dinamikliyini özündə əks etdirsin.» Birinci Avropa Oyunları Azərbaycanın bu dinamikliyini, inkişafını dünyaya təqdim etdi. Təbii ki, hər bir uğur növbəti addım üçün başlanğıcdır. Tarix üçün bir an  sayılan çox qısa  müddətə - cəmi 24 illik müstəqillik tarixinə malik olan Azərbaycanın  keçdiyi yola nəzər salsaq, bu addımların uğurlu nəticələrinin saysız-hesabsız olduğunu görərik. Müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovşağında yerləşən ölkəmiz qonaqpərvərliyini bir daha nümayiş etdirdi. İnsanların çöhrələrindəki  sevinc dünənimizin, bu günümüzün və gələcəyimizin harmoniyasıdır. Bütün bunlara görə  adı dünyanın 10 xoşbəxt ölkəsi sırasında çəkilən Azərbaycanın vətəndaşı olmaq böyük xoşbəxtlikdir. 24 ilə yaxın müstəqillik tarixində 100 ilə bərabər inkişaf yolu keçən, inkişaf modeli  ilə dünyanı heyrətləndirən Azərbaycanın uğurları sırasına növbəti uğur əlavə olundu. Bu uğurumuz bir daha xalq-iqtidar birliyinin sarsılmazlığını, möhkəmliyini  nümayiş etdirdi. Reallıqlarımız dövlətimizin başçısı İlham Əliyevin böyük inam və qətiyyətlə söylədiyi bu fikirlərin təsdiqidir: «Biz ölkəmizi Azərbaycan xalqının iradəsi ilə idarə edirik. Milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Bundan sonra da  biz öz prinsipial  mövqeyimizdən kənara çıxmayacağıq. Biz ölkəmizin inkişafı, xalqımızın rifahı üçün bundan sonra da  səmərəli işləyəcəyik.»

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım