Yay mövsümünü ilə əlaqədar sərinləşdirici içkilərə və dondurmaya olan tələbat artıb. Satış mərkəzlərində keyfiyyətli mallarla yanaşı, vaxtı keçmiş, saxta məhsullara da rast gəlmək olur.
Modern.az saytı məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun və Standartlaşdırma, Metorologiya və Patent üzrə Dövlət Komitəsinin İctimaiyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblının fikirlərini öyrənib.
Eyyub Hüseynov bildirib ki, bu sahədə bazarda vəziyyət heç də yaxşı deyil: “Hər həftə Azad İstehlakçılar Birliyinə sərinləşdirici içkilər və dondurmalarla bağlı 8-10 telefon zəngi gəlir. Əhali məhsulun markalanmasından, üzərində olan telefon nömrələrinin cavab verməməsindən narazılığını bildirir. Alıcı bilməlidir ki, dondurma alanda əgər qablaşdırması əyilibsə, deməli o əriyib, yenidən dondurulub. Əyilmiş, bükülmüş dondurmalar saxlanma şəraitinə uyğun saxlanmayıb və belə dondurmalar da yeməli deyil. Alıcı bilməlidir ki, dondurma süd məhsuludur. Dilin üzərinə qoyulanda qaymaq dadı verməlidir. Əgər acı dad verirsə, bu deməkdir ki, onun tərkibinə bitki yağı ilə marqarini qarışdırılıb. Açıq satılan dondurmalarda problemlər var. Alıcı öz hüququndan istifadə edib onun sertifikat sənədlərini, buraxılış tarixini, son yararlılıq müddətini müəyyənləşdirməlidir”.
AİB sədrinin sözlərinə görə, sərinləşdirici içkilərdə də vəziyyət o qədər də yaxşı deyil: “Sərinləşdirici içkiləri ayırd etmək məqsədi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sıdrinə məktub vermişəm. Əhali birmənalı şəkildə rənglənmiş sərinləşdirici içkilərdən kənar dursun. Suların da tərkibində böyük problemlər var. Bu yaxınlarda sular haqqında məlumat verdim, çox böyük hədələrə, təzyiqlərə məruz qaldım. Bununla belə, dayanmaycağıq. Ölkədə litri 30 qəpikdən 8 manata qədər olan adi su satılır. Araşdırmalıyıq ki, iki hidrogen bir oksigendən (H2O) ibarət olan suyun tərkibində nə var ki, bunlar bu qədər baha qiymətə satılır?! Həqiqətənmi brend markalı sular qablaşdırmanın üzərində göstərildiyi kimi bölgələrdən gətirilir, yoxsa Bakıda doldurulur?! Dövlət Komitəsinin dəstəyi olandan sonra bunları ciddi araşdıracam”.
Eyyub Hüseynov deyib ki, bu cür məhsullardan zəhərlənmələr barədə Azad İstehlakçılar Birliyinə məlumat verilmir: “Bu cür məlumatlar Səhiyyə Nazirliyinə gedir. Bu vaxta qədər görməmişik ki, kütləvi istehsaldan kiminsə zəhərlənməsinə görə kompensasiya verilsin, məhkəmə iddiaları olsun. Səhiyyə Nazirliyi zəhərlənmələri ciddi cəhdlə gizlədir. Çünki sertifikat verən orqanla əhalinin sağlamlığı keşiyində duran orqan birləşib”.
Standartlaşdırma, Metorologiya və Patent üzrə Dövlət Komitəsinin İctimaiyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı da Modern.az-a açıqlamasında bildirib ki, yay mövsümünün başlaması ilə sərinləşdirici içki və dondurmaya olan tələbat artdığından bu növ məhsulların istehsalı da artıb: “Bu gün ölkəmizdə müasir texnologiyalarla standartlara uyğun məhsul istehsal edən müəssisəslərlə yanaşı, qeyri-sağlam rəqabət əsasında bazara keyfiyyətsiz məhsul buraxan müəssisələr də var. Bununla bağlı Komitə yanında Texniki Tənzimləmə və Strandartlaşma üzrə Dövlət Nəzarəti Xidməti fəaliyyət göstərir və adıçəkilən qurum mütəmadi olaraq ticarət obyektlərində, satış mərkəzlərində bu cür məhsulların monitorinqini aparır. Hər il olduğu kimi, adıçəkilən qurum tərəfindən bu il də aparılan monitorinqlər nəticəsində bazarda keyfiyyətsiz və standarta uyğun olmayan sərinləşdirici içkilər və dondurmalar aşkar edilib.”
Komitə rəsmisinin sözlərinə görə, standarta uyğun olmayan və keyfiyyətsiz məhsullar istehsal edən müəssisələr müəyyən edilib: “Artıq standarta uyğun olmayan bir neçə müəssisənin sərinləşdirici içki və dondurma istehsalına qadağa qoyulub və onlara qarşı ciddi sanksiyalar tətbiq edilib. Bu müəssisələrə qarşı İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq cərimələr tətbiq olunub. Tədbirlərimiz davam etdirilir”.
Fazil Talıbov ictimaiyyətə müraciət edərək, vətəndaşları da bu işdə onlara yardımçı olmağa çağırıb: “Onlar rast gəldikləri istənilən neqativ hal və keyfiyyətsiz məhsulla bağlı dərhal Komitənin 963 nömrəli qaynar xəttinə müraciət etsinlər. Hər bir kəs bu nömrəyə zəng vuraraq, keyfiyyətsiz məhsulların satışdan çıxarılmasında və istehsalının qarşısının alınmasında bizlərə yardımçı ola bilər”.
Yeganə OQTAYQIZI