Səhiyyə Nazirliyi bu ilin ilk altı ayında baş verən zəhərlənmələrin statistikasını açıqlayıb.
Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Modern.az saytına bildirib ki, mövsüm üçün xarakterik olan ilan sancmaları may ayından etibarən qeydə alınıb:
“İlan sancması ilə zəhərlənmələr may ayından başlayıb. May ayında 5 nəfər, iyun ayında isə 11 nəfər ilan sancmasından zəhərlənib”.
Toksikoloq bildirib ki, ilan zəhərlənmələri əsasən bölgələrdə qeydə alınıb: “Bizim şöbəyə Şamaxı, Qəbələ, Yevlax, Qazax, Bərdə, Şəmkir, Gədəbəydə, həmçinin, Bakıətrafı kəndlərdə, daha çox daş karxanalarının olduğu Qaradağ, Güzdək, Zirədə baş verən ilan zəhərlənmələri ilə bağlı müraciətlər daxil olub. Onların əsasən gürzə ilanının sancmasından zəhərləndiyi məlum olub.
2015-ci ilin ilk 3 ayında 38 nəfər dəm qazından zəhərlənib. İl başlayandan bu günə qədər 31 nəfər allergik reaksiyalara məruz qalıb”.
Azər Maqsudov deyib ki, ümumi zəhərlənənlər içərisində yalnız bir nəfər sirkə turşusu ilə zəhərlənərək dünyasını dəyişib.
Gülşən RAUFQIZI