Azərbaycanda hər il müqəddəs Həcc ziyarətinə 2 mindən çox zəvvar gedib-gəlir.
Bəzən ziyarətdən qayıtdıqdan sonra həmin insanların içki məclislərində iştirak etməsi, içkiyə qurşanması kimi xoşagəlməz, həm də ikrahdoğurucu hallarla rastlaşırıq.
Məhz o insanların bu cür əməlləri isə cəmiyyətdə İslam dininə etiqadı azaldır. Maraqlıdır, ziyarətə gedib qayıtdıqdan sonra içkiyə qurşanan və ardınca da tövbə edən insanlar olubmu? Ətrafımız da belə insanların olduğunu nəzərə alaraq Modern.az saytı Tövbə cəmiyyətinin sədri Hacı Əbdülün fikirlərini öyrənib.
Hacı Əbdül bildirib ki, ümumiyyətlə, şəxs Həcc ziyarətinə getməmişdən əvvəl tövbə etməli, günahlardan, bəd əməllərdən çəkinməlidir: “Həcc ziyarəti gəzmək, kurort yeri deyil ki, ziyarətə gedib qayıtdıqdan sonra sonra içki içəsən, sonra tövbə edəsən. Ora gedəndə dərk etməlisən ki, Allahın dərgahıdır. Buna görə əvvəl tövbə edib, fikirlərində dəqiq olduqdan sonra ziyarətə getməlidirlər”.
Tövbə cəmiyyətinin sədri hesab edir ki, ziyarətdən qayıtdıqdan sonra içki içənlər şan-şöhrət üçün Həccə gedənlərdir: “Onlar hamısı ad üçün gedənlərdir. İstəyirlər ki, bunlara da hacı desinlər. Onlar məhz Allahın buyurduğu üçün yox, dəb üçün hacı olanlardır”.
Hacı Əbdül hazırda da tövbə üçün ona müraciət edənlərin olduğunu istisna etməyib: “Düzdür, onların sayı çox deyil. Amma müraciət edənlər olur. Mən onları şəri qayda-qanunlara uyğun olaraq, tövbə etdirir və 4-5 şallaq vururam. Yaxşı olar ki, belə insanlar imkan daxilində yenidən ziyarətə getsinlər”.
Gülşən RAUFQIZI