“Avropa Şurasının bir sıra üzv dövlətləri monitorinq altındadırlar. Azərbaycan da monitorinq altında olan ölkədir. Bu səbəbdən vaxtaşırı həmin ölkələr üzrə təyin olunan məruzəçilər ölkəyə gəlib siyasi vəziyyəti araşdırır, ayrı-ayrı demokratik təsissatların, insan haqlarının vəziyyətini öyrənirlər. Bunun nəticəsində ölkədə hüquqi dövlət quruculuğunun inkişaf səviyyəsi ilə bağlı hesabatı hazırlanır. Azərbaycan haqqında növbəti məruzə hazırlanıb və müəllifləri Pedro Aqramunt və Tadeuş İvinskidir”.
Bu sözləri Modern.az-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvi Rəfael Hüseynov deyib. O qeyd edib ki, bu, prosedur qaydasında olan işdir:
“Azərbaycanla bağlı məruzə bu sessiyaya düşüb. Məruzə Azərbaycanda demokratik təsissatların fəaliyyəti ilə əlaqədərdir. Azərbaycan nümayəndə heyətinin bir çox üzvü, eyni zamanda Avropanın digər ölkələrindən olan deputatlar müzakirədə iştirak etmək üçün yazılıb. İlkin siyahı var, çıxışa yazılanların adları bəllidir, onların arasında Azərbaycanın mövqeyini dəstəkləyən, Azərbaycandakı proseslərə obyektiv yanaşanlar, gördükləri, inkişaf həqiqətlərini dilə gətirənlər də var. Elələri də var ki, hər şeyi qara rəngdə görürlər”.Rəfael Hüseynov bu axşam məruzənin dinləniləcəyini vurğulayıb.
“Məruzədə Azərbaycandakı inkişaf, Azərbaycanın istər demokratik tərəfdən, istər ölkənin Avropa dəyərlərinə uyğunlaşması səmtində, istərsə də Avropa Şurasının irəli sürdüyü prinsiplərə əməl edilməsi baxımından əldə etdiyi irəliləyişlərdən bəhs edilir. Təbii ki, nöqsanlar var və bu da təbiidir.
Çünki Avropa Şurası elə təşkilatdır ki, burada ölkəni yalnız mədh etmirlər, ölkədə qüsur hesab etdikləri, öz nöqteyi-nəzərlərindən inkişafa mane olan məqamları da yazırlar ki, bunları təhlil edilsin və gələcəkdə nəzərə alınsın. Əlbəttə, bu məruzəni iki nəfər hazırlayıb, burada onların subyektiv fikirləri də ola bilər. Məruzə hazırlamaq o demək deyil ki, onun içərəsindəki tənqidi fikrlər qəbul olunacaq”.
Aytən ƏLİYEVA