“2014-2015-ci dərs ilində Təhsil Nazirliyi sistemində 9361 nəfər şagird evdə təhsilə cəlb olunub”. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, evdə təhsilə cəlb olunan şagirdlərdən 5558 nəfəri fiziki qüsurlu, 3803 nəfəri əqli inkişafında ləngiməsi olan uşaqlardır: “Həmin şagirdlər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə evdə təhsilə cəlb olunublar”.Bildirildiyinə görə, evdə təhsilə cəlb olunanlar arasında üstünlük Bakı şəhərindədir. Paytaxtda 3684 şagird evdə təhsil alır. İkinci və üçüncü yerdə Gəncə və Sumqayıt şəhərləridir (müvafiq olaraq 388 və 360 şagird). Evdə təhsilə Ağdam rayonunda 331 Füzuli rayonunda 233, Masallı rayonunda 217 nəfər cəlb olunub.
Açıqlamada vurğulanıb ki, Bakı və Sumqayıt şəhərlərində evdə təhsil məktəbləri fəaliyyət göstərir.
2014-2015-ci dərs ilində 517 nəfər XI sinif şagirdi evdə təhsili bitirib. Evdə təhsilə cəlb olunan şagirdlərə 60 mindən artıq müəllim dərs deyir. Onların 95 faizdən çoxu ümumtəhsil məktəblərində dərs deyən müəllimlərdir.
Aytən ƏLİYEVA