23 iyun tarixi həm də Dünya Olimpiya Hərəkatı Günü kimi qeyd edilir. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri bu günün tarixindən danışım. Modern.az saytıma açıalamasında deputat idman oyunlarının tarixinin olduqca qədim olduğunu xatırladıb:
”Min illər öncə dünyada belə oyunlar keçirilib. İdman yarışlarının istiqaməti isə müxtəlif cür olur. Amma buna baxmayaraq, Olimpiya oyunları daha çox tarixdə qalıb. İlk vaxtlar Olimpiya Oyunlarında idmançılar yalnız stadionun uzunluğuna bərabər olan 192, 27 metr məsafə qət etmək üzrə yarışırdılar. Yarışın da birinci qəhrəmanı Koroibosa adlı aşpaz olub. Sonralar oyunlara ağır hərbi alətlərlə silahlanmış piyadaların qaçışı, güləşmə, uzununa tullanma, nizə və disk atmaq, iri təkərli arabalarda yürüşlər daxil edildi. Olimpiya Oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Bu gün Olimpiya Oyunları sülh rəmzinə çevrilib”.
Deputatın sözlərinə görə, bədən tərbiyəsi və idman məsələləri sosial siyasətin tərkib hissəsidir. Bu baxımdan o, hazırda Azərbaycanda keçirilən I Avropa Oyunlarına diqqət çəkərək, onu yüksək qiymətləndirib:
“I Avropa oyunları ölkəmizdə böyük idman bayramına çevrilib. Bütün dünyanın gözü Azərbaycandadır. Kifayət qədər populyar olan, özündə gücü, gözəlliyi, qəhrəmanlıq simptomlarını birləşdirən idman növlərinin nümayişi tamaşaçılara böyük zövq verir, insanı heyran qoyur. Bu gün ölkəmizdə hər hansı bir idman növünün inkişafı, maddi-texniki bazasının gücləndirilməsi, idman növlərinin kütləviləşdirilməsi istiqamətində görülən işlər öz bəhrəsini verməkdədir. Bu möhtəşəm idman bayramının açılış mərasimindəki mükəmməllik, Azərbaycanın qədim tarixini, milli-mənəvi dəyərlərini, bugünkü tərəqqisini özündə ehtiva edən quruluş bütün dünyanı mat qoydu. Şəxsən tanıdığım, başqa ölkələrdə keçirilən olimpiya mərasimlərini canlı olaraq izləmək şansı olan insanlar belə, Bakıdakı açılış mərasiminin çox möhtəşəm olduğunu danılmaz hesab etdilər. Bir Azərbaycan vətəndaşı, bir pedaqoq, uzun illər peşəkar siyasətdə olan biri kimi bunları eşidəndə qəlbim fərəh hissi ilə dolur”.
I Avropa Oyunlarının 2015-ci ilin böyük idman və ictimai-siyasi hadisəsi adlandıran H.Rəcəbli ilk dəfə olaraq Azərbaycanda keçirilən bu yarışmanın dünyada yeni bir idman səhifəsi yazacağı qənaətindədir:
“Oyunların Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Bu, cənab prezident İlham Əliyevin apardığı siyasətin, gördüyü işlərin nəticəsi olaraq dünya ictimaiyyətində, dünya siyasi və iqtisadi elitasında Azərbaycan Respublikası haqqında çox müsbət imic, müsbət rəy formalaşdırıb, etimad qazandırıb. Təsəvvür edin ki, bütün başqa dövlətlərdə bu masştabda bir tədbirə hazırlanmaq üçün ən azı 7-8 il vaxt tələb olunur. Amma Azərbaycanın bu tədbirə hazırlanması cəmi iki il yarım vaxt apardı. Qısa müddət ərzində böyük işlər görüldü. Şəhər infrastrukturu inkişaf etdirildi, müasirləşdirildi, yeni olimpiya stadionu tikildi, digər idman obyektləri təmir etdirildi. Eyni zamanda idmançılarımızın qazandığı möhtəşəm qələbələri unutmaq olmaz. Hələ idman yarışları davam edir. Buna baxmayaraq bu ana qədər idmançılarımız 14-ü qızıl olmaqla ümumilikdə, 40-a yaxın medal qazanıblar. Bu yüksək göstəricidir. Bu idman qələbəsidir. Güləş, sambo, boks, taekvondo, karate, velosipedsürmə, güllə atıcılığı sahələrində göstəricilərimiz, gimnastlarımızın, voleybolçu qızlarımızın uğurlu çıxışları yarışlarda xüsusilə coşqu yaradırdı.
Sevindirici haldır ki, Azərbaycanda idmana olan bu sevgi ulu öndər Heydər Əliyevin miras qoyduğu ideologiyanın, siyasətin başlıca xəttidir. Bunun uğurla davam etdirilməsi özü elə özlüyündə bir uğurdur”.
Hadı Rəcəbli yarışların gedişatının kütləvi informasiya vasitələrində işışqlandırılmasına da münasibət bildirib:
“Hesab edirəm ki, ümumiyyətlə, bu sahədəki işlər həddindən artıq dəqiqliklə yerinə yetirilib. Bu işlərə sərf olunan texniki avadanlıqlar keyfiyyətli və müasir standartlara uyğundur. Elə açılış mərasimini götürək. Mən açılış mərasimində şəxsən iştirak etsəm də, onun Azərbaycan Dövlət Televiziyasındakı videolentini izləyərkən xüsusi zövq aldım. Çox əhatəli idi, hər bir xırda detalı belə ayrıntılarına qədər tamaçaçıya çatdıra bilirdilər. Elə yeri gəlmişkən, fürsətdən istifadə edərək, dövlət televiziyasının rəhbərliyinə və burada əmək sərf edən hər bir əməkdaşına təşəkkürümü bildirmək istəyirəm. AzTV reportajlar, çəkilişlər, rakursların seçilməsi, baxımlılıq profillərinin seçilməsi sahəsində də elə bil ki, dünyanın bu istiqamətdəki yarışlarının qalibi oldu. Verilişlərin hazırlanması, canlılığı hər bir tamaşaçını heyran edir. Bir çoxları bu yarışları AzTV-dən izləməyə üstünlük verirlər. Ayrı-ayrılıqda müxtəlif idman növləri üzrə gedən yarışlar, müxtəlif arenalardan translyasiya olunur. Sistematik şəkildə yarışların gedişatı barədə ətraflı materiallar verilir. Bu gün dünyanın 93 televiziya kanalı bu oyunları translyasiya edir, tamaşaçıların ümumi sayı hardasa bəzi günlər 1 milyonu keçir. Buna baxmayaraq, AzTV “İdman Azərbaycan” televiziyaları heç bir ayrı-seçkilik qoyulmadan, hər bir ölkə idmançılarının uğurlu çıxışlarını göstərir. Əlbəttə, bütün televiziya və radio yayımları şirkətləri, saytlar, informasiya agentlikləri, qəzetlər bu sahədə kifayət qədər uğurlu iş aparırlar. Amma mən bir daha Azərbaycan Dövlət Televiziyasının və onun tərkib hissəsi olan “İdman Azərbaycan” kanalının danılmaz xidmətini vurğulamaq istəyirəm. Onlar fasiləsiz olaraq, sutkanın 24 saatını tam gücü ilə işləyirlər. Təkrarən bu işdə əməyi olan hər kəsə minnətdarlığımı çatdırıram”.