Modern.az

Hansı vəzifə adları böyük, hansılar kiçik yazılmalıdır... - Mətbuat katibləri mütləq OXUSUN

Hansı vəzifə adları böyük, hansılar kiçik yazılmalıdır... - Mətbuat katibləri mütləq OXUSUN

23 İyun 2015, 23:37

Azərbaycan mətbuatında çalışan jurnalistlər bir sıra sözlərin yazılışı zamanı əksər hallarda səhvə yol verirlər. Elə mətbuat katibləri də həmçinin. Səhv yazılan sözlərin sırasına yüksək dövlət vəsifələrinin adları da daxildir.

Bəzən görürsən ki, hansısa nazirliyin mətbuat xidmətinin rəhbəri press-reliz, xəbər yayarkən ya bilərəkdən (nazirə xoş gəlsin deyə və ya buna görə hər hansı irad eşitməkdən qorxduğu üçün), ya da bilməyərəkdən nazirin vəzifəsini böyük hərflə yazıb mediaya tirajlayır. Məsələn, Nəqliyyat naziri, Gömrük Komitəsinin Sədri, Ədliyyə naziri, Səhiyyə Naziri kimi...

Belə xətalara hətta bəzi təcrübəli və ya gənc jurnalistlər də tez-tez yol verir, hazırladıqları məqalələrdə və xəbərlərdə vəzifə adlarını bəzən böyük, bəzən isə kiçik hərflə yazırlar.

Bir sözlə, mediada hansı vəzifə adının böyük, hansının kiçik hərflə yazılışı ilə bağlı qarışıqlıq müşahidə olunur.

Bəs mövcud qayda və tələblərə görə vəzifə adları necə yazılmalıdır? Hansı vəzifələr böyük, hansılar kiçik hərflə yazılmalıdır?

Modern.az saytı bununla əlaqədar mövcud qanunvericiliyə müraciət edib. Ölkə başçısının 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat"da hansı vəzifə adlarının necə yazıldığı müəyyənləşdirilib.

Təlimatın 39-cu müddəasında qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələrin adları göstərilib. Sənəddə bildirilir:

“Böyük hərflə yazılması qanunvericilikdə bilavasitə nəzərdə tutulan vəzifələrin adları Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikasının Baş prokurorudur. Bu vəzifələr istisna olamaqla, qalan vəzifə adları kiçik hərflə yazılır (Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Bakı Dövlət Universitetinin rektoru, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və s.).

Beləliklə, qanunvericiliyə istinad edərək, yalnız “Prezident”, “Baş nazir” və “Baş prokuror” sözləri böyük yazılmalıdır. Qalan bütün vəzifələrin adlarını isə kiçik hərflərlə yazmalıyıq.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi