Modern.az

70 yaşlı bənzəyiş

70  yaşlı bənzəyiş

Təhsil

24 İyun 2015, 14:50

Bu yaxınlarda   Hüseynbala Mirələmovun  özünün atası ilə bağlı yazdığı bir uşaqlıq  xatirəsini oxudum. Deyirdi ki, rəhmətlik atam Fazil kişi məni yanına salıb dərs ləvazimatı almaq üçün dükan-bazarı gəzdirirdi. Böyük bazarda atamın tanışlarından biri ondan soruşdu:

- Fazil kişi, hara belə, bu uşağı istidə niyə yanına salıb gəzdirirsən?

- Sentyabr yaxınlaşır, Hüseynbala bu il birinci sinfə gedəcək. Pal-paltar, canta-manta alıram.

Kişi istehza ilə gülərək:

- Gözlə, sənin oğlun oxuyub nazir olaçaq.  Əşşi, uşağı bu istidə inçitmə, nə məktəb bazlıqdı…

Üstündən 60 ildən  artıq  vaxt  keçir, amma o kişinin sözlərini  unuda bilmirəm…

 Mən bilmirəm,  həddindən çox  hörmət  bəslədiyim  Hüseynbala Mirələmov o istehzanı niyə unuda  bilməyib, o sözlərdəki istehza niyə onu elə ağrıdıb?..   Bircə onu bilirəm ki,  oxşar  hadisələrdən  çoxsaylısını mən də yaşamışam.  Bəzən yaxşı oxuduğumu eşidən  tanış-biliş  bir az sadə və kasıb insan olan  atama – Ay kişi, kasıb adamsan, bu qız niyə müəllim  yanına-zada gedir… Oxuda  biləcəksən ki??? Yalandan usagı incitmə… Bakı hara, sən hara???? – deyirdilər… Uşaq qəlbimlə  içimdə bir şeylər çiliklənsə də, taleyin kasıb şilləsini qəbul etmiş bir  ailədən olsam da  bircə kəlmə deyirdim: “Baxarsız  indi…”

Hüseynbala müəllim yazısında  deyirdi ki,  şükürlər olsun ki, 1988-1992- ci illərdə Mən Azərbaycan Dövlət Yanaçaq  Komitəsinin sədrinin birinci müavini, bir ildən artıq isə sədri(naziri) əvəz etdim.  Amma o kişinin sözlərini unuda bilmədim.

Mən də Bakıya  gəlib burda  oxuya  biləcəyimi, sonra,  o yerlər  üçün burnumun ucu göynəsə də institutu  bitirəndən sonra  burda  qalmağı qərarlaşdırdım… “Bakı hara, siz  hara?” – deyə düşünənləri yanıltmaq  üçün… İllər  keçdi. Mən atama istehza ilə yanaşan o insanlarla birər-birər üzləşdim… Hamısına Bakıda  oxuyduğumu, yaşadığımı, buraların hər yerinə çox kirayələr  dəyişmə səbəbi ilə  tanış olduğumu, mənə  bəzən hər  hansı bir  məsləhət  xarakterli də olsa işləri düşə biləcəyini, onlara kömək etmək gücündə olduğumu, bunun üçün bəzən boyumdan böyük işlərə qatışmağımı  göstərdim də… Bəzən iş adamın başını qatanda çox  açı çəkdiyim o günləri unuduram da… Amma o  özündən müştəbehlərin  bəy nəvəsi olan atama istehzasını heç unuda bilmirəm… Eynən Hüseynbala  müəllim kimi…

Hüseynbala Mirələmov ədəbiyyatda mühəndis  qəlbi və yazıçı qələmi arasında güclü melodik  qaynaq yarada bilmiş nümayəndədir.  …Mən də texniki ali təhsildən  jurnalistikaya sürətli və alayarımçıq bir keçid  eləmişdim. Eynilə atalarımıza olunan  istehza kimi Hüseynbala müəllimlə burada da özümə bənzərlik tapdım…

20 ilə yaxındır  çalışdığım  Milli Məclis  Aparatının inzibati binasında  ən azından komitə iclasları və plenar sessiyalar zamanı onunla üz-üzə gəlirik… O, Milli Məclisin deputatıdır, mən isə işçisi… Burada da var o bənzərlikdən…

O daim, xeyirdə-şərdə görünən insandır. Kollektivin ən sıravi bir üzvünün də xeyir işlərində tost deyir, qol götürüb oynayır, gülür… Allah şər qismət  eləməsin… Mən də belə yerlərdən qalmıram… Bir az burada da bənzəyiş gördüm…

O, Yeni Azərbaycan  Partiyasının  yarandığı ilk günlərdən bir əsgər kimi  partiyanın sıralarındadır. Bu gün partiyada Bakının ən böyük rayonlarından biri olan  Xətai  payon  təşkilatının sədridir. Təşkilatın yerləşdiyi binanın  qarşısında  həmişə onu  gözləyən insanlar  var. Hüseynbala müəllim hər vaxt bu partiyanın məfkurəsini daşıyan insanların  yanındadır, köməyindədir... Mən də Yeni Azərbaycan Partiyasının sıravi üzvüyəm...

Hüseynbala Mirələmov haqqında  yazmaq  istəyim burdan yarandı…  Yoxsa, hansısa məşhur filosof deyib ki, “hər cür müqayisə qüsurludur”.  Müqayisə etməyə cəsarətim olmazdı ki... Əsərlərini sevə-sevə oxuduğum bu insanın mükəmməl bir  yazıçı, Milli Məclisin deputatı,  Respublikanın “Əməkdar mühəndis”i, tanınmış pedaqoq, dövlətçilik məfkurəsi  güclü olan bir  siyasətçi olduğunu  bilməmiş deyildim ki… Cəsarət  etməzdim bəlkə də… Özümü  onunla  müqayisə  edirəm  kimi  bir  görüntü  yaradacağımdan  qorxmazdımmı?

Hüseynbala  müəllim  respublikanın  qaz  təsərrüfatı  sənayesində tanınan, seçilən, həyatının az qala mənim yaşım qədər  dönəmini  bu sahəyə  həsr  edən bir  mütəxəssisdir. Texnika elmlər  doktorudur, professordur. Azərbaycan Dövlət Neft  Akademiyasında  “Neftin, qazın  saxlanması  və nəqli” kafedrasının müdiridir, bu qocaman elm ocağında İxtisaslaşdırılmış doktorluq  dissertasiyaları Şurasının sədridir.   İstehsal  prosesində əldə  etdiyi  təcrübəni böyük bir şövqlə tələbələrinə öyrədən istedadlı pedaqoqdur.  Onlarla  elmi əsərin, monoqrafiyaların müəllifidir. Bir  an belə qələmi əlində  yerə qoymayan  məhsuldar bir  yazıçıdır. Müəllifi olduğu onlarla hekayə, povest, roman və dram əsərlərini oxucular hər  dəfə eyni intizarla  gözləyirlər. O, öz oxucusunu sevən yazıçıdır. Heç nəyin qoxusunu bir-birinə qatışdırmayan bir nasirdir. Onun  “Görkəmli adamların həyatı”  silsiləsindən ulu öndər  Heydər Əliyevin, onun  xanımı, böyük oftalmoloq-alim Zərifə Əliyevanın,  Prezident İlham Əliyevin  həyat  və fəaliyyətlərinə  həsr  etdiyi  trilogiyalar, eləcə  də  50-dən artıq  kitab və  publisistik əsərlər dünyanın bir çox dillərinə tərcümə edilib,  böyük rəğbətlə qarşılanıb. Özündə  milli  təəssübkeşlik, vətənpərvərlik kimi ali  dəyərləri  və nəcib  duyğuları  əks  etdirən “Xəcalət”, “Miras”, “Gəncə qapıları” və “Sonuncu fateh” əsərləri əsasında  hazırlanan  tamaşalar  bu gün Azərbaycan Milli Dram Teatrının, Gənc  Tamaşaçılar  Teatrlarının repertuarındadır, tamaşaçıları  anşlaqla  bir  yerə  toplanan tamaşalardır.  Vətənpərvər alim, məhsuldar  yazıçı, fəal ictimai xadim kimi beynəlxalq elmi konfrans və simpoziumlarda Azərbaycanı uğurla təmsil edən bir insandır.

Mən necə  onunla özümü  müqayisə edərəm???

Mən sadəcə bənzəyiş tapdım... Biri dağın başında, biri  dərənin dibində olan iki daşın  tərkib oxşarlığı kimi bir bənzəyiş... Uşaqlığı ilə bağlı xatirəsi də məni elə silkələdi ki,   bütün  insanlar kimi  yaşadığım taleyin 70 yaşı olduğunu gördüm… Qəlbimizdə xəbis insanların xisləti ilə vurulan  eyni yaralar, eyni ağrılar gördüm… 

Hüseynbala müəllimin  “Gəlinlik paltarı”, “Gecə bənövşələri”, “Xəcalət” kitablarından biri həmişə baş ucumdadır.  Mütalimə cox güvənirəm.  Mən klassikləri  də oxumuşam, cağdaşları da… Füzulidən, Nəsimidən tutmus, Salam Sarvana qədər, Mirzə Fətəlidən tutmuş, Elxan Elatlıya  qədər… Oxuduğum hər bir  şairə, hər bir  nasirə, hər bir publisistə böyük hörmətim var. Hüseynbala müəllimin  əsərlərində taleyimdən qoparılan parçalar gördüm… Xoşbəxtlikdən  çalışdığım Milli Məclis  Aparatının inzibati binasında  tez-tez  üz-üzə gəlirik… Ondan soruşduğum ilk  və ənənəvi sual belə olur: “Hüseynbala müəllim, təzə nə isə var?..”  Sevimli yazıçım mənim çox yaxşı bir oxucusu olduğumu bilirdi, amma talelərimizdə oxşarlıq  axtardığımı bilmirdi…

Bəli,  Hüseynbala Mirələmovun  çörəyini qələmdən çıxaran bir insana  bənzəyişi varmış... Ən azından, mən buna əminəm...

Hüseynbala  müəllimin  bu günlərdə  70  yaşı tamam olacaq. İnanmağım  gəlmir... Axı  əsərlərini oxuyanda  onun gənc bir insanın qələmindən çıxmış olduğunu düşünürsən... Zəhmətsevər, sevilən, xeyirxahlığı ilə insanların könlündə özünə taxt quran  yazıçımıza bu  gənclik şövqünün daim onunla olmasını   arzu  edirəm... Bu bənzətmələrə görə  məni bağışlasın...


Qərənfil  Mansurova,

Jurnalist

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım