Modern.az

Hadı Rəcəbli: “Mənim anam Hüseynbala Mirələmova "böyük oğlum" deyərdi” - MÜSAHİBƏ

Hadı Rəcəbli: “Mənim anam Hüseynbala Mirələmova "böyük oğlum" deyərdi” - MÜSAHİBƏ

Parlament

24 İyun 2015, 17:04


Milli Məclisin deputatı Hüseynbala Mirələmovun 70 yaşı tamam olur. Hüseynbala Mirələmov haqqında özəl məlumat və fikirləri onun uşaqlıq dostu deputat Hadi Rəcəbli danışa bilərdi. Modern.az saytının əməkdaşı bunu nəzərə alaraq, Hadı Rəcəbliyə müraciət edib.

- Hüseynbala müəllimi neçə ildir tanıyırsınız?

-
Lənkəranda şəhərin böyük bazar hissəsi ilə mikrorayon və kiçik bazar ərazilərini birləşdirən bir məhəllədə yeni məktəb tikmişdilər. Təxminən 60 il əvvəl biz o tədris ocağına yığıldıq və həmin illərdən bu günə kimi dostluq edirik. Tale bizi ayırmadı, qısa müddətli fasilələr olsa da, həyatımızın 60 ilini dostluq etdik, ömrümüzü, günümüzü bir yerdə keçirdik və keçiririk.

- Hüseynbala Mirələmovla bağlı məktəb xatirələrinizi eşitmək istərdik?

-
Hüseynbalanı elə həmən ilin sentyabrın ilk günlərdən sinif nümayəndəsi seçdilər. Biz yaxşı oxumaq, yaxşı idmançı olmaq, tərbiyə nümunəsi göstərmək üçün yarışırdıq. Bədii özfəaliyyət kollektivinin üzvləri idik, güləşdə o məni yıxardı. Hüseynbala müəllimə çata bilmirdim. Səbəblərdən biri də onun məndən yaşca azca böyük olması idi. İkimiz də çoxuşaqlı, qismən kasıb ailənin övladları idik. Yay tətilində işləyib paltarlarımızı və dərs vəsaitlərimizi özümüz alırdıq. Dostum bədii yaradıcılığa 7-ci sinifdən başladı. Onun ilk “Bir tikə çörək” hekayəsi Lənkəranda çıxan o vaxtkı “Leninçi” qəzetində dərc olunmuşdu. Sonra ədəbi fəaliyyəti daha geniş vüsət aldı. O lider kimi seçilirdi. Məktəbdə şagird komsomoluna rəhbərlik etdi. Məni komsomola qəbul etdiyini indi də yarızarafat, yarıgerçək xatırlayır. Orta məktəbi Hüseynbala medalla bitirdi. Mənə bədən tərbiyəsindən “4” yazmışdılar. Ayrı-ayrı vaxtlarda ayrı-ayrı institutlara qəbul olduq.

- Gənclik illərinizin çılğınlığı nə ilə seçilirdi?

-
Bizim üçün çılğınlıq böyük mənada yaxşı oxumaq, seçilmək, irəli getmək, fərqlənmək. inkişaf etmək müstəvisində özünü göstərirdi. Hüseynbala Azərbaycan Politexnik İnstitutunun Sənaye və mülki tikinti fakültəsinə daxil oldu. Buna baxmayaraq, tələbə ikən “Azərbaycan pioneri” qəzetində o dövr üçün nadir sayılan ştatlı əməkdaş kimi də çalışırdı. 1960-cı illərin sonlarında tikinti fakültəsində oxuyan tələbələr indi də yaxşı yadındadır ki, geodeziya fənnini  tədris edən, onlardan bir kurs yuxarıda oxuyan Hüseynbala Mirələmov idi.

İnstitutu bitirdikdən sonra ali təhsil ocağında qalıb işləmədi. Ailə vəziyyəti ilə bağlı, valideynlərinə kömək üçün rayona geri döndü. Burada da seçildi, onu tapdılar, böyük bir tikinti trestinə baş mühəndis təyin etdilər.


- Bəs o vaxtlar dostluq əlaqələrinizi necə qoruyurdunuz?

-
Ordu sıralarında olarkən məktublaşırdıq. Başqa vaxtlarda tez-tez görüşərdik. Mənim anam Firuzə xanım Bəylərova ona” böyük oğlum” deyərdi. Uşaqlıqda bir neçə dəfə dalaşmışıq da, hərdən valideynlərdən gizli loto da oynamışıq, şərab da içmişik, amma heç vaxt aludə olmamışıq. Siqaret çəkmədik, bu gün də çəkmirik. Ailələrimizin xoş və ağır günlərini bir yerdə bölüşərdik. Sirlərimiz də bir olardı. Tale mənə də yol açdı. Komsomol, mətbuat pillələrindən zaman-zaman ucalıb, Lənkəran şəhərinə rəhbərlik etdim. 32 yaşım vardı. Böyük iclaslar keçirərdim, gənc idim, bəzən emosiyalara qalib gələ bilmirdim. Hüseynbala Mirələmov həmin vaxtlar idarə rəisi idi. Mənim iclaslarda özümü necə apardığımı bircə onun haqqı vardı ki, ikilikdə müzakirə edək. O, mənim bütün çatışmazlıqlarımı kəskin şəkildə  üzümə deyə bilən yeganə dostum idi.

Addım-addım yüksəldik. O da, mən də çoxlu orden, medal, dövlət mükafatları aldıq. Dəyişmədik, qoşa-qoşa addımladıq.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul işçisi olarkən də mənim aparat dostlarımla oturub-durar, yoldaşlıq edərdik. Şəkidə rayon rəhbəri olarkən də süfrələrimin başında o olardı.

- İllər ötür, vəzifələr artır. Belə olanda münasibətlər dəyişmir ki?

- Ə
lbəttə dəyişir. Formaca dəyişir, məzmunca dəyişmir. Dostluğun kökündə bir neçə vacib şərtlər var. Səmimilik, sədaqət, bölüşmək, paylaşmaq, münasibətləri qorumaq, təkəbbürlü olmamaq, güzəştə getməyi bacarmaq.

Həyatda eniş də gördük, yoxuş da. Hüseynbala müəllim nazir oldu. Onu Heydər Əliyev xəttinə sədaqətinə görə işdən çıxardılar. Məni də vəzifələrdən uzaqlaşdırdılar. YAP-ın ilk üzvlərindən biri oldu, təşkilatlanma prossesində fəallıq göstərdi, elmlə mütəmadi məşğul oldu. Hazırda Neft Akademiyasının professoru, kafedra müdiridir. Xətai rayon Yeni Azərbaycan Partiya təşkilatının sədri, Milli Məclisin deputatıdır.

İndi bizi bir-birimizə bağlayan dövlətçiliyə sədaqət, parlament əməkdaşlığı, hökumət, gündəlik ailəvi tədbirlərdə bir yerdə olmaq, xeyri-şəri buraxmamaqdır.

Mən dostum Hüseynbala Mirələmovla fəxr edirəm. O, Azərbaycanın tanınmış yazıçısı, dramaturqu, ssenaristidir. Əsərləri dünyanın 38 dilinə tərcümə olunub. “JZL” seriyasından olan Heydər Əliyev haqqındakı kitabının yaxşı mənada dünyada analoqu yoxdur.

Bu gün möhtərəm prezidentimiz İlham Əliyev cənabları Hüseynbala Mirələmovu ölkəmizin ictimai-siyasi həyatındakı böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib. Ordenin mübarək qardaşım. Bir daha səni ürəkdən təbrik edirəm, ən xoş arzularımı bildirirəm.

Sevinirəm ki, gümrahdır, sağlamdır. 4 övladı, 8 nəvəsi var. Gözəl ailə başçısıdır. Qardaşımı yubileyi münasibətilə bir daha təbrik edir, ona ən xoş arzularımı bildirirəm. Sükanı belə saxla deyirəm.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama