Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında 2015-cilin fevral ayında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dələduzluğa görə saxladığı Həzrəti Sabir ləqəbli Sabir Abbasovla bağlı yeni xəbər var.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata əsasən, Sabir Abbasovun istintaq müddəti artıq başa çatıb və yaxın günlərdə məhkəmə prosesi keçiriləcək.
Bakı şəhərində yaşayan, Binəqədi rayonunda fəaliyyət göstərən “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, özünü “Həzrət Sabir” kimi təqdim edən 48 yaşlı Sabir Abbasov öz qulluq mövqeyindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıqla məşğul olub.
Guya mistik qüvvələrin köməkliyi ilə şər qüvvələrdən təmizləməklə vətəndaşların bəxtini, yolunu açacağını söyləyib, işsizlik problemlərinin həllini vəd etməklə onları aldadıb. Belə hüquqazidd əməllərinin müqabilində Sabir Abbasov adıçəkilən mərkəzə müraciət edən şəxslərdən dələduzluq yolu ilə xeyli miqdarda pul alıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tadbiri nəticəsində o, cinayət başında tutulub. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.
Gülşən RAUFQIZI