İyunun 7-də keçirilən seçkilərdə Türkiyə Böyük Millət Məclisində mandat əldə edən Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və Xalqların Demokratik Partiyası (HDP) parlament sədri vəzifəsinə namizədlərini müəyyən ediblər.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, CHP bu posta keçmiş partiya sədri Dəniz Baykalın, MHP 2014-cü il prezident seçkilərində CHP ilə ortaq namizəd kimi irəli sürülən Ekmeleddin İhsanoğlunun, HDP isə AKP-nin qurucularından olan Dengir Mir Mehmet Fıratın namizədliyini irəli sürüb.
İndi diqqət Ədalət və İnkişaf Partiyasının (AKP) kimi namizəd göstərəcəyinə yönəlib. AKP dəhlizlərində partiyanın Məclis sədrliyinə namizəd üçün 4 nəfərin üzərində dayanıldığı bildirilir.
Məlumatda qeyd edilir ki, baş nazir Əhməd Davudoğlu bu gün və sabah millət vəkilləri ilə görüşərək həm koalisiya axtarışları, həm də Məclis sədrliyinə namizədlərlə bağlı fikirlərini öyrənəcək. TBMM sədrliyi üçün namizədlər üçün müraciətin müddəti şənbə günü saat 24:00-da sona çatacaq.
AKP-nin namizədinin cümə günü açıqlanacağı gözlənilir. Partiya dəhlizlərində gedən müzakirələrə görə bundan əvvəl TBMM-in Ədalət komissiyasına başçılıq edən Ahmet İyimayanın, hüquqşünas, AKP sədrinin köməkçisi Mustafa Şentopun, TBMM başqan vəkili Ayşe Nur Bahçekapılın və milli təhsil naziri Nabi Avçıpın bu vəzifəyə namizəd göstərilə biləcəyi daha çox ehtimal edilir.
Modern.az