Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Tarixci-araşdırmaçı
Dünyada izaholunmaz və sirli hadisələrə tez-tez rast gəlinir. Vaxt keçdikcə, bəzi sirlərin üstü açılır və onların izahı tapılır. Lakin elə hadisələr də olur ki, uzun illər izahı tapılmır.
Elə təqdim etdiyim bu hadisə də izahı tapılmayanlar silsiləsindəndir. Apardığım araşdırmalar nəticəsində 7 izaholunmaz və sirli tarixi məkan aşkar etmişəm. Tariximizin gizli qalmış məkanlarıdır. Onlardan 3-nü mətbuata açıqlamışam.
Sağalmaz xəstəlik
Soltan səhər tezdən həkimə zəng etdi.
Həkim istəkli dostunun səsini eşidən kimi dilləndi:
- Soltan, üç gündür səni yığıram, cavab vermirsən. Hardasan, narahat qaldım?
Soltan:
- Hər şey qaydasındadır. Həkim, mənə düzünü de, bu xəstəliyin müalicəsi varmı? Mənim nə qədər ömrüm qalıb?
Həkim:
- Neçə ildir ki, dostluq edirik. Bizim aramızda yalan ola bilərmi?! Bu xəstəliyin müalicəsi hələ tapılmayıb. Avropa ölkələrinə, Türkiyəyə - hara getsən, həmin diaqnozu qoyacaqlar. Mən sənə dedim axı, Allahın möcüzələrini də unutma!
- Ankaraya getmişdim, gecə gəlmişəm.
- Təki mənim diaqnozum yanlış olaydı... Nə dedi həkimlər?
- Sənin diaqnozun səhvdir, dostum.
Həkim bir az susdu... və dedi:
- Nə? Nə qədər yaşayacağını necə, dedilər?
- Onlar 9 aya qədər yaşaya biləcəyimi söylədilər. Sənsə çox demişdin, indi bildim ki, bir az ömrüm uzansın deyə, qəsdən belə demisən.
- Yalan niyə danışım, elədir. Ona görə demişdim ki, get kefini çək, ye-iç, gəz. Amma sən verdiyim müddətdən də artıq yaşaya bilərsən. Əstağfürullah, Allah deyiləm ki... Sadəcə, tibbin bildiyi və mənim də öyrəndiklərim bura qədərdir. Həyat möcüzələrlə doludur, dünyanın işini bilmək olmaz...
- Mən də elə düşünürəm. Qalan günlərimi dağlarda keçirəcəm – harda olmamışamsa, o dağların qoynunda. Səndən bir xahişim var, oğlum bu barədə bilməsin. Onun üzülməyini istəmirəm. Onsuz da anasıyla ayrılmağımıza görə çox pis olub, ürəyində mənimlə barışmayıb. O bilmir ki, mən xəstəliyimin ucbatından boşanmışam. Heç bu haqda anası da bilmir. İstəmədim onlar məndən birdən-birə ayrılsınlar. Sən də bu sirri saxlamağa söz ver. Mən də dediyim kimi, dağlara gedəcəm. Azərbaycanın demək olar, hər yerində olmuşam, Tovuzdakı dağlardan başqa. Nə qədər ömrüm var, nə qədər ki, ayaq üstə dura bilirəm, gedib gəzib-dolanacam təbiət qoynunda.
- Lap yaxşı fikirdir. Çəkdiyin mənzərələrdən mənə də göndərərsən. Hə, yaxşı yadıma düşdü, o səndəki noutbuku da özünlə apar, datakartı da. Sağlıq olsun, boş olan kimi bəlkə mən də gəldim...
Soltan həkimlə sağollaşıb, telefonunu söndürdü. Neçə illərdir ki, saxladığı “alpinist” çantasını çıxartdı. Özünə yol tədarükü gördü. Həkimin verdiyi noutbuk və datakartı da çantasına yerləşdirdi. Açılıb-yığılan palatkasını, kəndir, çəkic və gərək olan başqa əşyalarını da səliqə ilə maşınına yerləşdirib yola çıxdı.
Soltan 400 kilometrdən çox yol qət etdikdən sonra Tovuza çatdı. Tovuz-Böyük Qışlaq yoluna döndü və dağlara tərəf üz tutdu. Beləcə, Tovuz dağlarına yetişdi. Maşınını bir ağacın altında saxladı. Çantasını kürəyinə keçirib yüksəkliyə doğru qalxdı. Təxminən 2400 metrlik yüksəkliyə çatanda isə artıq hava qaralmağa doğru gedirdi. Tez palatkasını qurdu və şam yandırdı. Uzaqdan hansısa balaca bir kəndin yamac boyu səpələnmiş evlərinin işıqları közərirdi. İndi diqqətlə nəzər yetirdiyi bu şam işığının hər yandan göründüyünü düşündü...
Həkimlə danışmaq üçün noutbuku açdı. Hal-əhval tutduqdan sonra necə gəldiyini, necə yerləşdiyini dostuna danışdı. Ay işığnda az qala aydınca görünən yüksəklikləri göstərdi.
Həkim dilləndi:
- Nə gözəl dağlarımız var imiş. Sənin kimi belə
yüksəkliyə çıxa bilmirəm, düzdür, amma gələcəm bu cənnət-məkanı görməyə.
Bir az söhbətləşib, deyib-güldülər və sağollaşdılar.
Soltan bu dəfə oğlunun nömrəsini yığdı. Amma oğlu skaypı açmamışdı. Bir qədər ara verməklə bir neçə dəfə yığdı. Nəhayət, oğlu salam-kəlamsız cavab verdi:
- Eşidirəm!
Soltan:
- Oğlum, necəsən? Darıxdım. Ürəyim səni istədi. Yanında olmaq istədim. Amma indi uzaqlardayam. Bax, bu gördüyün yer Tovuzun Kəmər qayasıdır, dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşir. Ətrafda canavarlar ulaşır. Bax, o qayanın düz başında bir ağac var – dağdağan ağacı. Mən belə möçüzə görməmişəm.
Soltan belə həvəslə danışdığı yerdə oğlu:
- Ata, mən dərs oxuyuram, başqa sözün yoxdursa, sağol, - dedi.
Soltan əlaçsız qalıb, - sağ ol, oğlum, bir az rahat oldum, - söyləyərək düşüncələrə daldı: “Səni də, ananı da dünyalar qədər sevirəm. Ananla boşandığımıza görə küsmüsən, bilirəm. Axı mən xəstəyəm. Ömrümün sonuna heç bir il də qalmayıb. Qoy anan bu müddətdə ayrılığa öyrəşsin. Yoxsa ona çox çətin olar. Səsinə qurban, oğul! Bu dərdi sizə bildirmək istəmirəm. Yoxsa sizi buraxıb niyə gəlirdim ta bu canavarlar ulaşan yerə?!”.
Fikirləşdikcə daha da darıxmağa başladı... Bu vaxt skaypın çağırışı eşidildi. Həkim idi. Soltan elə bil yatmışdı, ayıldı.
– Noolub, - dedi. Həkim isə cavabında, - heç, bayaq orda canavar ulaşır, dedin. Narahat qaldım. Tək neyləyəcəksən orda? – deyə soruşdu.
Soltan dedi:
- Bir dəqiqə dayan... Gördün?
Həkim yenə sual verdi:
- Noldu ki,.. nə oyun çıxarırsan orda? Nəyi görməliydim?
Soltan sözü çox uzatmadı - şamı söndürən kimi canavarların səsi kəsildi, - dedi və əlavə etdi:
- Mən zamanında dağlarda çox olmuşam. Çox gecələmişəm belə yerlərdə. Canavarlar işıq görən kimi başlayırlar səs salmağa. Bəzi meşə heyvanları kimi, canavarlar da ərazi davası edirlər. İşıq gəlirsə, demək onların ərazisinə giriblər. Allah bilir, bəlkə də düşünürlər ki, buralara insan ayağı dəyibsə, meşəni qıracaq, buralara yiyələnəcək, hər şeyi məhv edəcəklər. Biz onları heyvan kimi tanısaq da, onlar bizi daha yırtıcı hesab edirlər.
- Razıyam səninlə. Biz insanlar Allahın yaratdığı və illərlə böyütdüyü ağacları, gözəlləşdirdiyi təbiəti bir günün içində məhv edirik. Amma doğrusu, canavarların dilini belə bilməyindən xəbərsiz idim. Sözündə böyük həqiqət var.
Dostunun söhbətinə qulaq asan Soltan bayaq dediyi fikrini daha da inkişaf etdirdi:
- Biz insanlar bir əraziyə yiyələndiyimiz kimi, onların da öz ərazisi var. Canavar dəstəsi də başqa bir dəstənin yerində ov edə bilməz. Bax bu dağın o üzündə, tarixən bizim olmuş torpaqlarda ermənilər yaşayır indi. Məsələn, o ərazilərdə yaşayan canavarlar gəlib burda şikar ovlaya bilməz, burdakılar qoymaz yəni. Gör nə qədər ağıllı, qorxmazdırlar, özlərinə görə qaydaları, yaşayış və həyat tərzləri var! Amma biz erməni yırtıcılarına imkan verdik ki, ərazilərimizi işğal etsinlər. O görünən yerlər... off... indi də Qarabağ...
Bu minvalla gecə saat 2-yədək danışıb, sağollaşdılar. Soltan yorğun olduğundan gözlərini yuman kimi yuxuya getdi.
Sabah açıldı. Soltan durub ənginliklərə tərəf boylandı. Dağların ətəyindən qalxan duman buralara xüsusi bir gözəllik verirdi. O, əl-üzünü yuyub, olandan bir tikə ağzına atdı. Durub palatkanı sökdü, əşyalarını toplayıb qablaşdırdı. Bu vaxt telefonuna zəng gəldi.
Dostu idi:
- Sabahın xeyir! İnanırsan, bütün gecəni səni fikirləşmişəm.
- Salam! Qorxdun ki, məni canavarlar yeyər?
Həkim gülümsəyərək: - Yox, elə fikirləşmədim, – söylədi və əlavə etdi: - Sən canavardan qorxsaydın, day orda neynirdin?! Dedim, mən də heç olmasa bir neçə saatlığa o dağın zirvəsində olaydım. Dağların havasından udub, sərin sularından içəydim. Axşam göstərdiyin mənzərəni bir də göstər, görüm Günəş işığında necə görsənir.
Soltan skaypın kamerası ilə hər yanı göstərdi. Göz işlədikcə uzanan sıralanmış ərazilər elə gözəl görsənirdi ki... Sonda noutbukun kamerasını dalğalanan Azərbaycan bayrağının üstünə gətirdi. O, bu mənzərəni dostuna göstərərək söylədi ki, adamı qəribə bir qürur hissi ağuşuna alır...
- Belə yerdə adam qocalmaz.
Həkim dostunun sözünə qüvvət verdi:
- Qocalmaz dedin, yadıma bilirsən, nə düşdü... onsuz da deyəcəkdim, sən də dedin, lap yaxşı oldu bu. Çingiz xanın dostu, Çin alimi Yelusika burada - Azərbaycanda həmin o dağlarda yaşayanların uzunömürlü olduğunu deyib. İnşallah, o dağlar sənə şəfa verəcək.
Soltan:
- Mən də oxumuşam onu. Çingiz xan o vaxt bu dağlara saatlarla baxaraq deyib ki, bu dağları yadınızda saxlayın. Sonralar bu faktı bir fars alimi də yazılarında təsdiq edib. Artıq 800 ildir ki, dünya Çingiz xanın qəbrinin yerini axtarır. Allah bilir, bəlkə də onun qəbri bu dağların birinin içindədir.
Cənnətin qoynu
Onlar sağollaşandan sonra Soltan dağdan enməyi qərara aldı. O, dünən dağın sağ tərəfindəki uçurumla yuxarı qalxmışdı. İndi soldan düşməyə başladı. Endiyi uçurumda qarşısına çıxan cır meyvələrdən dadaraq imkan düşdükcə bu əsrarəngiz gözəllikləri çəkməyi də unutmadı. Bir müddət endikdən sonra aşağıda – dərənin dibiylə axan bir çayın qırağına gəldi. Özüylə götürdüyü xəritəni açıb baxdı ki, bu Əsrik çayıdır. Çantasını yerə qoydu. Çubuq kəsərək ucunu itiləyib, dupduru suda üzən balıqlardan bir neçəsini tutmağı da bacardı. Tutduğu balıqları çırpılardan yandırdığı ocaqda bişirib yedi. Bir az düşünüb-daşındı. Və yenə “yaraqlanaraq” yoluna davam etdi. Bir az da getdikdən sonra sıx bir meşəliyə girdi. Qarşıda sərt sıldırımı olan dağ gördü. Yenə xəritəsi köməyinə çatdı. Hə, bu Şiş dağdır. Bu dağa qalxmaq planını bir andaca qətiləşdirdi. Cavanlıqda öyrəndiyi priyomlardan yararlanaraq kəndirini işə saldı. Sıldırımlarla qalxmağa başladı. Bir xeyli əzab-əziyyətdən sonra məqsədinə nail oldu. Soltan artıq Şiş dağın başına çatdı. Buraya da Vətən bayrağını sancdı. Palatkasını açıb quraşdırdı. İçərisində yanan işıqdan çadırın çölündə “AZƏRBAYCAN” yazısı aydınca oxunurdu.
Telefonuna zəng gəldi. Yenə dostu idi:
- Hə, alpinist qardaş, aç skaypını görək indi hansı mənzərələri görəcəm.
Soltan skaypı işə salıb mümkün olduğu qədər kameranı fırlatmağa çalışdı. Yenə canavar ulaşması eşidildi. Həkim dedi:
- Nə gözəl yerlərdir! Bu an sənin yanında olmaq istədim. Amma canavarların səsi canıma üşütmə saldı.
Soltan güldü. Və ona bu zirvəyə necə qalxdığını, nələr gördüyünü danışdı. Balıq tutmağından söhbət açanda nəsə düşünərək əlavə etdi:
- Adətən, balıq yeyəndən sonra əllərimi nəynən yusam da bir müddət balığın iyi əlimdən getməzdi. Buranın suyuyla yudum, inanırsan, elə bil heç balığa dəyməyib əlim.
Həkim ürəyindən gələnləri söylədi:
- Gör indi içəndə nə ləzzəti, xeyri və şəfası var!
Dostu ilə danışıb qurtarandan sonra Soltan oğlunu yığdı:
– Oğlum, neçəsən? Bax gör hardayam? Bura dəniz səviyyəsindən 2000 min metr yüksəklikdə yerləşir. Cənnətdir, bala, vallah, cənnətdir yerlərimiz! – dedi.
Oğlu yenə atasına cavabında, - dərs oxuyuram, ciddi sözün yoxdursa, sağ ol – deyib telefonu bağladı. Soltanın “sağ ol, oğlum, sağ ol” deməkdən başqa ayrı əlacı qalmadı.
Yenə zəng gəldi. Dostunun adını telefonun ekranında görən Soltan zarafatla dedi:
- Yaman tez-tez danışırsan, qoymursan işimi görəm.
Həkim cavabı çox gözlətmədi:
- İstəmirsən, danışmayım! Canavarlarla dostlaşmısan ta yəqin ki...
Gülüşdülər.
- Elə mənzərələr göstərirsən ki, deyirsən əl də çəkim?! – deyə həkim əlavə etdi. Sonra Soltanın səsindəki titrəyişi hiss edib soruşdu:
- Oğlunla danışmısan? Hə, danışmısan... Onlardan nahaq gizlədirsən vəziyyətini. Əzizlərin kimi onların haqqıdır bunu bilmək. Sən düşünürsən ki, onlara əziyyət verməyəsən, acı çəkdirməyəsən, amma səhv edirsən. Oğlun da, anası da daha çox acı qarşısında qalacaqlar, xəbərdarlıq edirəm.
Soltan ürəksiz halda dilləndi:
- Bu barədə danışmağını istəmirəm, həkim. Bir dəfə də demişdim bunu. Mən onları yoxluğuma alışdırmağa hazırlayıram...
- Nə deyirəm, sən bilirsən. O mənzərələrdən yenə göstər. Elə bilirəm ordayam. Həm də bir az səni duyğulandırdım, gəl mövzunu dəyişək. Sən məni lap həvəsə gətirmisən, bir də gördün yanındayam. Amma tək gələ bilmərəm. Canavar məsələsi...
Gülüşdülər.
...Səhər açıldı. Soltan yenə yır-yığış etdi. Çantasını kürəyinə aldı. Kəndir vasitəsilə zirvəni enməyə başladı. Arada maraqlı mənzərələri, ürəyincə olan yerləri fotoaparatının yaddaşına köçürtdü. Endiyi yerdə dupduru suyu olan bir çay gördü. İştahından yenə balıq keçdi. Bıçağını çıxardıb çubuqlar hazırladı, düşdü balıqların canına. Ocağı yandırıb “yeməyini” hazırladı. Kəmərinin altını bərkidib rahatlandı... Xəritəsinə baxıb bildi ki, bu Zəyəm çayı, dayandığı yer isə Xınna dərəsidir. Buralar sakit və mənzərəli yer olduğundan palatkasını açıb elə buradaca quraşdırdı. Və həkimə zəng etdi. Əvvəl zəng çatmadı. Sonra telefonun dəstəyindən səs gəldi. Soltan dostu ilə hal-əhvallaşdıqdan sonra dedi:
- Bura Xınna dərəsidir. Göz işlədikcə uzanıb gedir. Çox gözəldir buralar. Burda lap keçmişdən qalan şam ağaclarının kötükləri qalıb. Qəribə adamlarıq. Dünyanın görməli yerlərini axtaranlar niyə buralara gəlmirlər görəsən? Cənnətdir ey, cənnət! Çox danışmayacam, işində ol. Harda olsam oranın şəklini çəkirəm. Amma gözlərinlə görəsən deyə, tez-tez zəng edirəm.
Onlar sağollaşdıqdan sonra Soltan oğlunu yığdı. Yenə köhnə cavab, köhnə əhval. Əlini başının altına ataraq fikrə getdi: dağı arana daşıdı, aranı dağa. Axır ki, yuxuladı...
Bu dəfə dostuna başqa bir dağın zirvəsindən zəng etdi Soltan.
- Bax bu gördüyün yer Qız dağının zirvəsidir, - dedi.
- Göstərdiyin yerlərdən ən mənzərəlisi bura oldu. Nə gözəldir! O uzaqda görsənən kənddir elə?
- Yaxşı görürsən, maşallah. Hə, Baqqallı kəndidir. Amma əslində onun dəqiq adı Baxqaldır.
- Baxqal niyə? Nə deməkdir, nə maraqlı adı var?
- Hə, maraqlı addır. Sovet hakimiyyəti qurulanda bəylər, mal-mülk sahibləri, başqa varlı adamlar bu kəndə gəliblər. Bura gözdən uzaq bir yer imiş onda. Təhlükəsizlikləri üçün bura münasib imiş. Kənd ağsaqqalları onlara bu dağı göstəriblər və deyiblər ki, gedin baxın, istəsəniz qalın. Onlar da gəlib buralarda məskən salıblar, o zamandan da buranın adı olub – Baxqal.
Skaypın kamerasına gözlərini zilləyən həkim soruşdu:
- Uzaqda dağların başında elə bil evlər görsənir. Onlar da kənddir elə?
- Hə, odur ey... o üzbəüzdəki dağın başında evlər
görürsən. Bax ora Şıxheybət kəndidir. O kənddən solda görsənən - ağaran yer isə məşhur Ağ qayadır. Bu üzdəki yaşayış məskənlərinin ümumi adına “Böyük Qışlaq tərəf” deyirlər.
- Sən əməlli-başlı səyyahsanmış ki... Xarici ekspedisiya qrupu olsa, yaxşıca tanış edə bilərsən bu ərazilərnən. Ağıllı iş gördün ora getməkdə...
- Sən hələ zarafat elə... Acmamısan? Bəlkə balıq yeyək?
- Balıqdır o? Onu necə tutursan? Kefsən ey sən, vallah!
- Bura Əsrik çayının baş tərəfidir. Bulaqlar birləşib bu çayı əmələ gətirib. O qədər təmiz suyu var ki, balıqlar aydınca görsənir. Çubuğun ucunu itiləyib batırıram balığa, sonra da ehmalnan götürürəm. Sonra da yığdığım çırpılarla balaca bir ocaq qalayıb bişirirəm orda. Vəssalam. Çöllükdə bunları bilməsən acından ölərsən ki...
- Ta sənə sözüm yoxdur! O, bulaqlar dedin ey, yenə o suları yadıma saldın. İç o sulardan. O sudan, o havadan dəyərli, şəfaveriçi heç nə yoxdur. Ordan haradır yolun, ya hələ orda qalacaqsan?
Soltan xəritəsinə baxaraq danışdı:
- Burdan enəcəm aşağı. Orda Pələngli kəndi yerləşir. Ordan da qalxacam növbəti dağa... Sonra Qaradaş Seyidlərinə gedəcəm. Ordan qayıdacam Maral dağa, oradan da Qalaboyun kəndindəki Qızılı Koroğlu dağına. İndiyədək gedəcəyim dağların ən yüksəkdə olanı məhz ora olmalıdır. O dağın zirvəsindən isə bizim qədim torpaqlarımz olan, indi Ermənistan ərazisində qalan Şəmşəddin rayonu görsənir. Bu dediyim yerləri ziyarət etdikdən sonra qayıdacam bu biri üzə. Məşhur Haçaqaya ziyarətgahında olacam. O qayanın üstündə deyilənə görə, Nuh peyğəmbərin atının nal izi var. Bax belə, dostum... Hələ planlar çoxdur, ömür vəfa eləsə.
Dostunu diqqətlə dinləyən həkim dedi:
- Bu gedişlə, inşallah, yaxşı olacaqsan. Bu gözəlliklər və belə mənzərələrlə başını qatıb özünü yaddan çıxarmayasan ha. Mən həkiməm, bilirəm nə deyirəm. Dağ yeridir, göy otların üstə çox oturma, daşların üstündə də onun kimi. Yəni, qısası, özünü unutma.
Beləcə, Soltan səyahətini davam etdirirdi. Harda noutbukun və telefonunun yüklənməyə ehtiyacı olurdusa, özünü yaxınlıqdakı yaşayış evlərinin birinə verirdi. Bu dəfə də evlərin birində həmin prosesi başa vurub, yoluna davam etdi. Bir müddətdən sonra baxdı ki, artıq Maral dağın başındadır. Yenə adəti üzrə, komasını qurub rahatlandı. Və dostuna telefon açdı.
Həkim dostunun səsini eşidən kimi dilləndi:
- Nə var, nə yox, səyahətçi qardaşım? İndi hansı dağın zirvəsinə yiyələnmisən?
- Kaş ki, sən də burda olaydın. Söznən demək olmur. Heç kameranın göstərdiyi də burda olmağın ləzzətini verməz.
- Olaram, inşallah! Bu dəfə qısa danışası olacam. Bir balaca işim var. Gecikməyim.
Soltan:
- Oldu, anlayıram, həkimin işi nə olar! – deyib uzandı ki, dincini alsın. Şamı söndürdü. Sabahı haralarda olacağını nəzərində götür-qoy etdi...
Qızılı Koroğlu dağı Soltanın çox xoşuna gəldi. O, dağın başına qalxanda artıq səhərdən xeyli keçmişdi. Ətrafa nəzər yetirdi. Gördüyü mənzərələrin şəklini çəkdi. Niyə indiyədək buralarda olmadığının təəssüfünü də yaşadı. Buralarda insan qocalmaz, qocalsa da lap gec qocalar, - deyə düşündü. Bu düşüncə ilə də Qızıl qayaya qalxdı. Bura bir az küləkli idi. Birtəhər uyğun yer tapıb palatkasını qurdu. Həkimə zəng edərək bu gün sözünə əməl edə bilməyəcəyini, çox yorulduğundan yatmaq istədiyini bildirərək uzandı.
Səhər tezdən həkim zəng etdi. Soltan tələm-tələsik telefonu açıb, - bir şey olmayıb ki, - təşvişlə soruşdu və axı sən bu vaxt zəng edən deyildin, - deyə əlavə etdi.
- Salamatçılıqdır, narahat olma. Axşam yorulmuşam, yatacam dedin, nigaran qaldım. Çoxdandır dağlıq ərazilərdə olmayan insan üçün bu çox çətindir. Adam hər addımda yorulur, bilirəm. Mənzərələr, gözəlliklər başını qatır, amma uzananda ölü kimi yatırsan. Özüm narahat eləmədim, amma hər ayılanda yadıma düşdün. Ona görə erkən zəng etdim.
Soltan:
- Dəli eləmişdin məni, - dedi.
Bir xeyli ordan-burdan danışdılar. Sonra Soltan bildirdi ki, “axşam külək əsirdi, bir az vahiməliydi, özüm də bərk yorulmuşdum”.
Danışa-danışa noutbuku açdı və telefonu söndürdü. O, dostuna Koroğlu qayasını, Qızıl qayanı göstərdi. Sonra kameranı fırladıb Şəmşəddin rayonunun torpaqlarının görüntülərini göstərdi:
– Hər oraya baxanda əsəbiləşirəm. O boyda Şəmşəddin mahalından Azərbaycan ərazisində nə qalıb – Tovuz. Nə isə... bu mövzuda danışanda özümə gələ bilmirəm.
Daha sonra Soltan dedi ki, bu gün Maral dağ ətrafında olacaq. Dostu ona, - ehtiyatlı ol, özündən muğayat ol. Tez-tez əlaqə saxla. Sən sıldırım qayalıqlardasan. Uyğun olmayan vaxt zəng edərəm birdən. Özün zəng et, - söylədi.
Soltan bir az nahar etdi. Özünə əl gəzdirdi. Əşyalarını adəti üzrə gözdən keçirdi. Və nəhayət, “əməliyyat”a başladı. Bu dağdakı qayalıqlar çox maraqlı idi. Qaya üzərində təxminən 20-ə yaxın insan başının siluetini gördü. Onların şəkillərini çəkdi. Və özünü saxlaya bilməyib həkimə zəng etdi.
Ardı var