İyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərindən sonra Ədalət və İnkişaf Partiyası (AKP) təkbaşına hökumət formalaşdırmaq şansını itirib. Bu dəfə parlamentə seçilən digər partiyalarla birlikdə millət vəkilləri koalisiya hökuməti qurmalıdırlar.
AKP təkbaşına hökumət formalaşdırdığı illərdə ölkədə dini meyllərin xüsusilə gücləndiyi, dinin siyasəti üstələdiyi qeyd edilirdi. Bəs, yeni koalisiya hökuməti formalaşandan sonra din arxa plana keçəcəkmi?
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov Modern.az-a bildirib ki, yeni iqtidarda Atarükçü meyllərlə dini baxışların dialoqu olmalıdır:
“Tamamilə Atatürkçülük mövqeyində durub, keçən əsrin 20-30-cu illərində olduğu kimi dindən tam imtina etmək olmaz, eyni zamanda Atarükçü mövqeyi sıxışdırıb itirmək də olmaz. Türkiyə dövlətinin ictimai-siyasi, mənəvi, mədəni əhval-ruhiyyəsi dialoq tələb edir və indiki situasiyadan çıxış yolu da budur. Türkiyə Böyük Millət Məclisinə seçilən millət vəkilləri də düşünürəm ki, bu dialoqu lazımı səviyyədə təqdim etməkdən ötrü çalışacaqlar”.
Nizami Cəfərov bunun üçün partiayalararası dialoqu da vacib hesab edir:
“Belə bir fikir var ki, Atarükçülük ümumiyyətlə, dindən imtina edib. Amma Atatürkün dinə münasibəti deyildiyi qədər də olmayıb. Çünki o dövrün öz tələbləri var idi və müasir, modern Türkiyə yaratmaqdan ötrü milli şüur daha çox qabardılırdı. Çünki şəriətlə işlər alınmırdı.
Müasir dünyada belədir, din mədəniyyət və mənəviyyat bütün dövlətlərin siyasi xarakterində mövcuddur, ona görə də burada dialoqa ehtiyac var. Bütövlükdə dini dövlət yaradılması baxımından hesab edirəm ki, AKP də bu fikirdə olmayıb. Ona görə də dialoq, müəyyən tarazlıq lazımdır”.
Türkiyə cəmiyyətinin tam müasir, modern və etnoqrafik dəyərlərə sadiq bir cəmiyyət olduğunu deyən deputat vurğulayıb ki, yeni iqtdarda bunların hər ikisi ifadə olunmalıdır.
Aytən ƏLİYEVA