Modern.az

Milli Məclisin komitələri 5 ildə hansı qanun layihəsini müzakirəyə çıxara bilməyiblər? - SORĞU

Milli Məclisin komitələri 5 ildə hansı qanun layihəsini müzakirəyə çıxara bilməyiblər? - SORĞU

25 İyun 2015, 10:27

2010-cu ilin payızında keçirilən seçkilərində deputat mandatı əldə edənlərin Milli Məclisdəki 5 illik fəaliyyəti başa çatmaq üzrədir. Ötən illərdə Milli Məclisin ayrı-ayrı komitələrində müxtəlif qanun layihələri hazırlanıb, onların bir çoxu plenar iclaslarda müzakirəyə çıxarılaraq qəbul olunub. Amma Milli Məclisin komitələrinin hazırladığı, ancaq qəbul edilməyən qanun layihələri də qalıb.

Modern.az Milli Məclisin komitələrində hansı qanun layihələrinin yarımçıq qalması ilə bağlı sorğu keçirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, onların komitəsində 5 il müddətində yarımçıq qalan məsələ olmayıb:

“Komitədə hansı məsələ müzakirəyə çıxarılıb Milli Məclisin plenar iclasına tövsiyə olunubsa, onlar da qəbul edilib. Komitədə elə bir layihə yoxdur ki, ona baxılsın, komitədən keçsin və qəbul olunmasın”.   Əli Hüseynli aktuallığına görə də hər hansı sənədin onlar tərəfindən təqdim olunmadığını vurğulayıb: “Bu müddətdə bizim komitə tərəfindən hansısa əhəmiyyətli sənəd təqdim olunmayıb. Ümumiyyətlə, son iki sessiyada daha çox iqtisadi məsələlər müzakirə olunub”.  

Milli Məclisin Regional məsələlər komitəsinin üzvi Tahir Rzayev də komitədə yarımçıq qalan qanun layihəsinin olmadığını deyib:

“Gündəlikdə nəzərdə tutulan qanunvericilik aktları ilə bərabər əlavə sənədlər də komitəyə daxil olub. Onların hamısı müzakirə edilib və qəbul olunub. Ümumiyyətlə, bizdə gündəlikdə nəzərdə tutulan və yarımçıq qalan məsələ yoxdur”.  

Tahir Rzayev bələdiyyələrlə bağlı məsələlərin onlar üçün aktual olduğunu qeyd edib:

“Yerli özünüidarəetmə orqanlarının, bələdiyyələrin güclü olmasını istəyirik. Bu yaxınlarda ölkə başçısı bələdiyyələrin ünvanına çox ciddi tənqidi fikirlər söylədi. Biz də istəyirik ki, Azərbaycanda yerli özünüidarəetmə orqanları fəallaşsınlar və ölkədə gedən prosesə onlar da öz töhfələrini verə bilsinlər”.    

Aytən ƏLİYEVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama