Modern.az

“Bir kəndin məşhurları” - Şəkinin Baş Göynük kəndinin tanınmışları - RUBRİKA

“Bir kəndin məşhurları” - Şəkinin Baş Göynük kəndinin tanınmışları - RUBRİKA

25 İyun 2015, 10:36


Baş Göynük kəndi Şəki rayonunun şimal-qərb hissəsində yerləşir. Kənd Böyük Qafqaz dağlarının ətəyində yerləşdiyi üçün sərt qışı və mülayim isti yayı ilə fərqlənir. Azərbaycanın ən çox selli çaylarından biri olan Şin çayı da bu kəndin ərazisindən keçir. Bu çayın uzunluğu 36 kilometrdir. Əhalisinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Maldarlıq və əkinçiliyin yaxşı inkişaf etməsinə baxmayaraq, yararlı torpaq sahələrinin kənddən uzaqda olması (10-15 km) maddi və vaxt itkisinə yol açır. Sovet İttifaqı dövründə Baş Göynük əsasən tütünçülük və baramaçılıq üzrə ixtisaslaşmış təsərrüfata malik idi və Şəki rayonunda bu sahələr üzrə əsas yeri tuturdu.

Modern.az saytı “Bir kəndin məşhurları” rubrikasında növbəti yazını təqdim edir. Beləliklə, baxaq görək Şəkimim Baş Göynük kəndindən hansı məşhurlar çıxıb.

Məhəmməd Cavadoğlu - XIX əsrin sonu, XX əsrin əvvəllərində Çar Rusiyasına (imperializmə) qarşı vuruşan xalq qəhrəmanı, qaçaq olub. Baş Göynük kəndinin tarixi şəxsiyyətlərindəndir. 

Gülarə Köylü qızı – Gülarə Qədirbəyova Azərbaycanın ilk qadın jurnalistlərindən biridir. Dövrünün mütərəqqi fikirli ziyalılarından olan Gülarə xanım 1903-cü ildə Baş Göynükdə anadan olub. Hüseyin Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və digər dühalarla dostluq edib. Bu da onun izlənməsinə, təzyiqlərə məruz qalmasına səbəb olub. Ağır repressiya illərində Sibirə sürgün olunan Gülarə xanım 1942-ci ildə orada dünyasını dəyişib. Hazırda Göynük kəndindəki məktəb onun adını daşıyır. Mərhum akademik Ziya Bünyadov “Qırmızı terror” kitabında Gülarə xanımdan geniş bəhs edib.

Abid Şərifov - (baş nazirin müavini). 1940-cı ildə Şəkinin Baş Göynük kəndində anadan olub. Adı mətbuatda tez-tez hallanan Abid Şərifov uzun müddət həm respublika, həm də SSRİ miqyasında tanınan mühəndislərdən olub.
Usta vəzifəsindən “Azəryolnəqliyyat” trestinin rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddət Türkiyədə də tikinti sahəsində məsul vəzifələrdə çalışıb. 1995-ci ildən Azərbaycanda baş nazirin müavini vəzifəsində işləyir.

Fikrət Məmmədov - (ədliyyə naziri). Fikrət Məmmədovu bakılı kimi tanısalar da, əslən Baş Göynük kəndindəndir. Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirən Məmmədov 1977-ci ildən etibarən hüquq-mühafizə orqanlarında çalışır.
2000-ci ilin aprel ayından ədliyyə naziri təyin edilib. 2005-ci ilin fevral ayından Məhkəmə-Hüquq Şurasının sədri seçilib. 2005-ci ildən Dövlət Qulluğu İdarəetmə Şurasının yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Azərbaycan Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.



Nadir Əhmədov
– Baş Göynük kəndinin daha bir yetirməsi keçmiş rabitə naziri Nadir Əhmədovdur.
1940-cı ildə bu kənddə anadan olan Əhmədov 1965-ci ildə Odessa Elektrotexniki İnstitutunu elektrik rabitəsi mühəndisi ixtisası üzrə bitirib. 1985-ci ildən - 12 il rabitə nazirinin müavini və 1997-ci ildən - 7 il rabitə naziri işləyib. 50-dən çox şəmərələşdirici təklifin, bir ixtiranın, beş texniki kitabın, çoxsaylı məqalənin müəllifidir. Qarabağ müharibəsinin veteranıdır. 

Yaqub Mahmudov (deputat) - Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, professor, deputat Yaqub Mahmudov Baş Göynüyün ən məşhur elm xadimlərindən biridir. Azərbaycan Dövlət Universitetinin (indiki BDU - red.) Tarix fakültəsini  bitirən Yaqub Mahmudov fəaliyyətinə kənd orta məktəbində müəllim kimi başlayıb. Sonradan Azərbaycan Sovet Ensiklopediyasında müxtəlif vəzifələrdə, o cümlədən baş redaktorun müavini vəzifəsində çalışıb. Ondan sonra həyatını Azərbaycan Dövlət Universiteti ilə bağlayıb. 1986-cı ildən 2004-cü ilə qədər BDU-nun Tarix fakültəsinin dekanı olub.  

Fərman İsmayılov (filosof,  fəlsəfə elmlərin doktoru)  - Azərbaycan fəlsəfəsində orijinal fikirləri və tutduğu yolu ilə seçilən Fərman İsmayılov orta məktəbi elə anadan olduğu Baş Göynük kəndində bitirib. Fərman İsmayılov dilin metafizikası və fəlsəfəsinin humanitar meylləri istiqamətində bir sıra dəyərli araşdırmaların müəllifidir.

Qərib Cəlalov: AMEA-nın müxbir üzvi olan Qərib Cəlalov 1937-ci ildə bu kənddə anadan olub. Orta məktəbi Göynükdə bitirəndən sonra o vaxtkı Azərbaycan Dövlət Universitetinin Mexanik-riyaziyyat fakültəsinə daxil olub. Sonra neft istehsalı istiqamətində fəaliyyət göstərib. Geologiya və Geofizika İnstitutunda şöbə müdiri kimi çalışıb.

Musa İslamov – mərhum professor Musa İslamov da Baş Göynük kənd məktəbinin yetirməsi olub. BDU-nun Filologiya fakültəsində müəllim işləyib. Dilçilik, dialektologiya istiqamətində araşdırmaları var.

Zahid Hacızadə - Baş Göynükdən olan daha bir professor isə Zahid Hacızadədir. Neft istehsalatı və istismarı üzrə bir sıra vacib nəzəri kitablar yazan alimin bütün karyerası Azərbaycan Dövlət Neft Akademiyası ilə bağlıdır. Zahid Hacızadə 2014-cü ildə vəfat edib.

Baş Göynük kəndinin yetirmələri olan başqa professorlara İbrahim Məmmədovu, Baba Babazadəni və Rafiq Səmədovu misal göstərmək olar.



Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU