filologiya üzrə elmlər doktoru, professor
Bəlkə də dünyada istər maddi, istərsə də mənəvi cəhətdən əziyyət çəkənlər bu dünya üçün artıq olanlardır. Dünyanı nizam – intizama, qayda – qanuna salmaq istəyənlərdir. Ədaləti, haqqı qoruyan və yaşadanlardır. Dünyanı yaşatmaq naminə dünya üçün artıq sayda olanlardır.
Hərdən fikirləşirəm ki, mən ailəmizdə beşinci övladam, beşinci qardaşam. İndi isə ailələrdə bir, iki, çox nadir hallarda üç övlad olur. Bəlkə də mən beşinci övlad kimi müasir dünyanın ailələrindəki övladların sayında artıq olanlardanam. Bəlkə də ona görə mənəvi cəhətdən daha çox əziyyət çəkirəm. Bəlkə də mənim kimi mənəvi cəhətdən əziyyət çəkənlər də belədir.
***
Birisi o birisinə gəl – getdən, olub keçənlərdən danışır. Onun danışdıqlarının doğruluğunu təsdiq etmək üçün ondan şoruşanda ki, bu dediklərin düzdürmü? O cavab verir: Öz gözlərimlə görməsəm də, onu deyə bilərəm ki, dediklərimdə düz olmayan nə varsa, günah qulağımdadır. Günah qulağımdadır ifadəsində dərin məna vardır. Yəni dediklərimi eşitmişəm.
***
Allahdan qorxan adam başqa heç kəsdən qorxmaz. Ona görə ki, Allahdan qorxan kəs Allah xatirinə günah işlətməz. Günahı olmayanın da başqa kəslərdən nə qorxusu olmalıdır?!
***
Deyilənə görə, Anar uşaq vaxtı Səməd Vurğungilə gedir. Səməd Vurğun zarafatla soruşur ki, kim böyük şairdir. O cavab verir ki, Rəsul Rza, Sabit Rəhman (ona Sabit əmi deyirmiş). Səməd Vurğun gülür və deyir ki, bəs mən?!
***
Səttar Axundov adlı bir dramaturq Azərbaycan Yazıçılar Birliyində dramaturgiyamız barədə məruzə edirmiş. İclasın sədri Səməd Vurğun imiş. Səməd Vurğun çox diqqətlə qulaq asırmış. Səməd Vurğundan bu diqqəti görən Səttar Axundov daha da ürəkli danışmağa başlayır. O, danışıb qurtardıqdan sonra Səməd Vurğun deyir ki, indi neçə dramaturq vardır. O cavab verir ki, qırx. Səməd Vurğun deyir: Kaş bu qırx dramaturq öləydi, ancaq Cəfər Cabbarlı sağ olaydı, yaşayaydı.
***
Azərbaycan Yazıçılar İttifaqında olan söhbətlərin birində deyilir ki, ədəbi tənqidin özü də axsayır. Belə olan yerdə ədəbiyyatın inkişafından danışmaq olmaz. Onu da qeyd edək ki, bu söhbətdə Səməd Vurğun da iştirak edirmiş. Odur ki, Səməd Vurğun deyir:
- Ədəbi tənqid ona görə axsayır ki, tənqidçilərimiz Əkbər Ağayev, Yəhya Seyidov, Pənah Xəlilovdur.
Səməd Vurğun bu tənqidçilərin adını ona görə çəkir ki, onlar fiziki cəhətdən qüsurlu olublar, ayaqları axsaq olub.
***
Deyilənlərə görə, istedadsız şairlərdən biri şeirlərini çap etdirmək üçün Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanlarına aparır. Şeirlər zəif olduğu üçün redaktor onu çap etmək istəmir. Həmin istedadsız şair Azərbaycan Yazıçılar İttifaqının sədri Mirzə İbrahimovun yanına şikayətə gedir. Mirzə İbrahimov həmin redaktoru yanına çağırıb deyir ki, özünü qorumaq üçün belə istedadsızları da çap et. Ona görə ki, istedadsızlar sayca çoxdur. Onlar sənə qənim kəsilə bilərlər.
***
Haqsızlıq həmişə olub. Haqqı olan adamlara qarşı haqsızlıq həmişə tüğyan edib. Belə haqsızlıqlar Azərbaycan Yazıçılar İttifaqında da az olmayıbdır.
İsmayıl Şıxlı Azərbaycan Yazıçılar İttifaqında katib işləyirmiş. Günlərin birində ona haqsızlıq edirlər, tənqid edirlər və tənqidlər baş alıb gedir. Hətta tənqid etmək üçün az qala növbəyə dayanırlar. Bu zaman Anarı bu haqsız tənqidlər çox kövrəldir. Gözləri dolur. Bu haqsız tənqidlərə doluxsunaraq etiraz edir.
***
Deyilənə görə (Səməd Vurğunun qızı Aybəniz xanımın dediyinə görə), Səməd Vurğun xanımların (qızların, qadınların) şairliyinə, yazıçılığına çox da ciddi yanaşmamış və bu işin onlara aid olmadığını söyləmişdir.
***
Şair Oqtay Rza görür ki, onun dostlarından biri özünə deyir ki, boyu alçaqdır. Oqtay Rza onun bu səhvini düzəldir. Və deyir ki, sənin boyun alçaq yox (alçaq sözünün pis mənasını nəzərdə tutur) bəstəboydur. Ona görə də özünün boyun barədə belə demə...
***
Şair Oqtay Rza dostları ilə birgə Azərbaycanın cənub bölgəsinə tədbirə gediblərmiş. Bu tədbirdən qayıdan zaman onun dostlarından biri deyir ki, sən (yəni Oqtay Rza) mənimlə qayıdacaqsan. Məqsədi də o imiş ki, Oqtay Rzaya yaxşı bir qonaqlıq versin. Belə də olur. O biriləri qayıdır. Axşama tərəf isə Oqtay Rzagil qayıdır. Yolda dostu Oqtay Rzaya yaxşı qonaqlıq verir. Gecə də qonaq evində qalırlar. Hər şey ürəkaçan olur. Birdən Oqtay Rza deyir ki, yaxşı olardı ki, mən də o biri dostlarımızla şəhərə qayıdaydım. Bu söz Oqtay Rzanın dostunun xətrinə dəyir. Oqtay Rza görür ki, dostunun kefi yaxşı deyil. Və dostu Oqtay Rzaya deyir ki, niyə belə deyirsən? Oqtay Rza cavab verir ki, o biri dostlarımızla mənim şəhərə qayıtmağım yaxşı olardı, ancaq səninlə qayıtmağım əladır. Beləliklə, Oqtay Rzanın dostunun kefi açılır.
***
İş olan yerdə güc olmalıdır. Gücsüz hər hansı bir işi görmək olmur. Təsadüfi deyil ki, dilimizdə iş – güc sözü var.
İki yaxın adam bir – biri ilə səhər vaxtı görüşür. Biri o birindən soruşur ki, hara gedirsən? O deyir ki, işə gedirəm. Bu biri isə soruşur ki, bəs sən hara gedirsən. O isə cavab verir ki, mən də gücə gedirəm.
***
İki eşşəyin arpasını bölə bilmir ifadəsi belə yaranıbdır. İki ağıldan kəm adam bir ağıllı adama yaxınlaşıb deyir ki, üç kiloqram arpanı iki eşşəyə necə bölərsən? Ağıllı adam deyir ki, bir kiloqramını sənə, birini dostuna verərəm (yəni ikiniz də eşşəksiniz), birini isə özüm götürərəm.
***
Yaxşı deyilibdir:
Qalmaqallı bir məclisə
Salam versən yelə gedər.
Qoca kişi cavan qızı
Alarsa da, elə gedər.
Qoca kişi hara, cavan qız hara? Ancaq belələri var. Elə qocalar var ki, cavan qızlara aşiq olurlar. Yaşlarına və başlarına uyğun olmayan işlər görmək istəyirlər. Ancaq yaş hər şeyi deyir. Yaşla zarafat etmək olmaz. Baxmayaraq ki, bəziləri zarafat edirlər.
Deyilənə görə, bir qoca kişi cavan bir qızı alır. Toy gecəsi qoca kişi deyir: Çayımızı içək, qəlyanımızı çəkək, qalaya hücum edək. Toy gecəsi beləcə keçir. Səhərisi günü qoca kişi yenə də eyni sözləri deyir. Belə olanda cavan qız qoca kişiyə deyir: Çayını iç, qəlyanını çək, ancaq qala sənin sadağan oldu.
***
Sovet dövründə kolxozçular əkin sahəsində işləyirlərmiş. Əkin sahəsi qəbiristanlığın yanında imiş. Tənbəllərdən biri – bir kişi aradan çıxıb qəbir daşlarının arasında yuxuya gedir. Kolxoz sədri əkin sahəsinə gəlir və görür ki, hamı işləyir, bir nəfər yoxdur. Onu yaxınlıqdakı qəbir daşlarının arasında yatmış vəziyyətdə tapır. Kolxoz sədri qəbir daşları arasında yatan kişini oyadaraq deyir ki, hamı işləyir, sən isə yatırsan. Ayağa dur, işlə. Qəbir daşları arasında yatan kişi kolxoz sədrinə deyir ki, o birilərini (o, qəbiristanlıqda yatan ölüləri nəzərdə tutur) də oyat, onlar da işləmir.
***
ADPU-nun fizika fakültəsinin müəllimi İsrail Məmmədov 48 yaşında fizika üzrə fəlsəfə doktoru diplomunu almışdı. Bu barədə dost – tanışa məlumat verirdi. Bu məlumatı Mahir Qabiloğluna da dedi. Mahir Qabiloğlu dedi ki, mən bir İsrail tanıyırdım. O, İsrail Mustafayev idi. Üzünü mənə tutub dedi: Buludxan, sənə İsrail Mustafayev dərs deyib. Dedim ki, deyib. Qayıdıb dedi ki, mən onu tanıyırdım. O, əlli yaşında dünyasını dəyişdi. Bu İsrail isə 48 yaşında fizika üzrə fəlsəfə doktoru olubdur.
***
Günlərin bir günü İsmayıl Şıxlı, Hüseyn Arif və digər dostları yaxşıca yeyib içirlər. Hüseyn Arif bədahətən deyir:
Şuşanın dağları cəndi, dumandı
İsmayıl Şıxlı yamanca vurandı.
***
Amasiyaya – Ağbabaya dönən olsa, məndən salam söyləsin. Mənim gəzdiyim yer - yurdlara salam söyləsin. Futbol oynadığım, xizək sürdüyüm, qaçma - tutma oynadığım, çilik – ağac oynadığım yerlərə salam söyləsin, üstündə gəzdiyim, əzdiyim güllərin, çiçəklərin torpağın dərin qatlarındakı kökünə salam söyləsin. Ulularımızın, müqəddəslərimizin narahat ruhlarına salam söyləsin.
***
Bir xahişim var. Mənə dünyaya gəldiyim kənddən bir qəbir yeri verin. Bu barədə bir xəbər bilsəniz, söyləyin. Allah eşqinə mənə deyin!!!
***
Şair Oqtay Rza mənim barəmdə bədahətən bu misraları dedi:
Bütün ürəkləri dərk edən dekan,
Hamıdan tez gəlib gec gedən dekan.
***
Məmməd Araz, Söhrab Tahir və digər bir neçə şair Moskvada yeməkxanaların birində çörək yeyirlərmiş. Bu zaman həmin yeməkxanaya Səməd Vurğunla birgə Fadeyev də daxil olur. Məmməd Araz, Söhrab Tahir tez yeməklərini yeyib yeməkxanadan çıxmaq istəyirlər. Bu böyük sənətkarın yanında utanıb çəkinirlər. Ona görə də yeməkxanadan tez çıxmağa çalışırlar. Və çıxanda nə qədər pul ödəyəcəklərini soruşurlar. Ancaq onlara deyilir ki, sizin pulunuzu Səməd Vurğun ödəyibdir.
***
Dilimizdə belə bir misal var: “Burada alaqarğa bala çıxarmaz”. Bu misalın mahiyyəti belədir ki, qarmaqarışıq, səsli - küylü, təbiəti təmiz olmayan, suyu, havası təmiz olmayan yerdə alaqarğa yurd salmır, yaşamır. Alaqarğa çox həssas, təmizliyi sevən bir quşdur. Hətta onu da deyirlər ki, alaqarğa olmayan yerdə yaşamaq olmaz. Yəni alaqarğa yaşamayan yerin təbiəti, suyu, havası insanın yaşaması üçün münasib deyildir.
Deyilənlərə görə, qədim insanlar ilk məskunlaşdıqları yerin yaşayış üçün nə qədər əhəmiyyətli olduğunu bilmək məqsədilə fikir verirlərmiş ki, burada alaqarğa yaşayırmı. Əgər alaqarğa yaşayırmışsa, onda həmin yerdə məskunlaşmağı məqsədəuyğun sayırlarmış.
***
Mən hər cür adamla yol gedərəm, ancaq ədalətsiz adamnan yol gedə bilmərəm.Ona görə ki, hər pis şey ədalətsizlikdən başlayır.
***
“Qocanın ağlı, gəncin biləyi”. Bu o deməkdir ki, qocanın ağlı, gəncin isə biləyi güclü olar.
***
Əminliklə demək istəyirəm ki, ədəbiyyat tariximiz müstəqilliyimizin, dövlətçiliyimizin, milliliyimizin maraqları istiqamətində yenidən öyrənilməli və tədqiq edilməlidir. Klassik ədəbiyyatımız, ümumiyyətlə, ədəbiyyatımız ideoloji basqıların təsiri altında tədqiq edilibdir. Zaman isə göstərdi ki, ədəbiyyat, əsl ədəbiyyat sənətdir, onu ideoloji təsirlər altında öyrənmək olmaz. Heç şübhəsiz, Nizami, Füzuli, Yunis İmrə, Nəsimi, Ş.İ.Xətai, M.F.Axundov, Aşıq Ələsgər, C.Cabbarlı, S.Vurğun, S.Rüstəm və digərləri yenidən tədqiq edilib öyrənilməlidir.
***
İnsanda əsas xüsusiyyətlərdən biri onun ruhudur. Ruh insanı daha canlı və cəlbedici edir. İnsan ruhsuz olanda ölü kimi bir şeydir. Təsadüfi deyil ki, “Ruh ki bədəndədir sənindir” deyilmişdir.
Heykəllər də, qəbirlər də ... ruhsuzdur. Ona görə də hər hansı görkəmli bir şəxsin heykəli onun özü deyil, məhz elə heykəlidir. Qəbirlərdə isə uyuyanlar canlı insanın özü deyil, cəsədidir. Müdriklərdən biri demişdir ki, mən öləndən sonra harada istəyirsiniz orada da dəfn edin. Ona görə ki, mənim qəbrimin harada olması əsas deyil. Yəni həmin qəbir mən deyiləm. Mənim cəsədimdir. Məni ziyarətə gələnlər məni yox, mənim qəbrimi görəcəklər.
***
Dünyada elə insanlar var ki, onlar ölü kimidir. Onları nə itirib - axtaran olur, nə yada salan olur, nə də onlara baş çəkən olur. Əslində dünyasını dəyişən insan hələ ölmür. O vaxta qədər ölmür ki, onu yada salırlar, ondan danışırlar, onu yad edirlər, qəbrini ziyarət edirlər və s. Elə ki, dünyasını dəyişmiş adam unudulur, onda o artıq ölür.
***
Görkəmli aktyor Əliağa Əliyev küçə ilə gedirmiş. Birdən binanın yuxarı mərtəbəsinin birindən bir xanım ona olan hörmətini, sevgisini bildirmək istəyir. Balkonda olan dibçəkdəki gülün çiçəklərinin birini qırıb onun üstünə atır. Bunu görən Əliağa Əliyev zarafatından qalmır, dayanır xanıma baxır. Xanım yenə də onun üstünə çiçək atır. Əliağa müəllim zarafatından geri qalmayaraq yerindəcə durur. Xanım əsəbiləşir və balkondakı gül dibçəyini götürüb yerə atır.
***
Bir neçə sənət vardır ki, onunla məşğul olanların fəaliyyəti maraqlı və düşündürücüdür. Bunladan biri geoloqdur. Heç nə itirməyib, ancaq ömrü boyu nəyisə axtarır. Digəri müəllimlikdir. Ömrü boyu danışır, izah edir. Ancaq hər danışığından, izahından sonra deyir ki, elə deyilmi, elədirmi. Sanki dediklərinə və izahına özü inanmır. Başqa bir sənət isə sürücülükdür. Hər yerə maşınla gedir, evinə piyada.
***
Dilçi Azər Hüseynov mənim barəmdə dedi: Qardaşların yekunu, qızılı, xalqa lazım olanı sənsən.
***
Birindən soruşursan ki, bu iş niyə belə oldu? Cavab verir ki, əcəb oldu. Yaxud da deyir ki, yaxşı oldu. Bəzən də deyir ki, əlimin içindən gəlir, əcəb oldu. Bəzən də utanmadan deyir ki, yaxşı eləmişəm və s. Ancaq bu cavabların heç birində məntiq yoxdur. Başqa xalqlarda bu məntiqə söykənən ifadə forması da yoxdur.
***
Tənbəldən soruşurlar ki, yemək yaxşıdır, yoxsa yatmaq. Tənbəl cavab verir ki, yeyə - yeyə yatmaq. Fikrə baxın, yeyə - yeyə yatmaq. Görəsən bu mümkündürmü? Bunu fizioloji cəhətdən etmək olarmı? Burada da bir məntiq yoxdur.
***
İş dalınca qaçanın işi də olur, pulu da. Pul dalınca qaçanın işi də olmur, pulu da.
***
Sevən kəs sevdiyini ürəyinin ən dərin guşəsində həbs edir. Sevginin həbsini heç nə ilə müqayisə etmək olmaz. Ona görə ki, haqsız həbs olunmuş hər bir kəs bəraət ala bilər. Vəkil tuta bilər, öz haqqını qoruya bilər. Ancaq sevən kəs bunu öz sevdiyinə qarşı edə bilməz.
***
Həqiqəti heç nəyə dəyişmək olmaz. Həqiqət elə bir gerçəkdir ki, onun qarşısında hamı acizdir.
***
Hər hansı bir peşəyə, sənətə bağlanan insan ondan əl çəkə bilməz. Heç onsuz yaşaya bilməz. İnsanlara olan bağlılıq da belədir. Kiməsə bağlanırsansa, ondan ayrılmaq, yaxud onu itirmək çox çətin olur.
***
İnsan bəzən öz hisslərini, duyğularını, istəyini sözlərlə, cümlələrlə ifadə edə bilmir. Nə qədər istəsə də, öz istəyini çatdıra bilmir. Bu, insanın acizliyi deyil, bəlkə də səmimiliyi və təmizliyidir. Sevginin təmizliyidir. Sevginin saflığıdır. Sevginin kor, kar, lal olması ayrı bir məsələdir: Kor, kar və lal yolla gedirlərmiş. Birdən kar dünyasını dəyişir. Bu zaman lal kora karın dünyasını dəyişməsini deyə bilmir. Axı bir mümkün deyil. Bunu necə deyə bilər?!
***
Yaxşı adamlar yaxşı meyvələrə, pis adamlar yaxşı meyvələrin içərisindəki qurdlara bənzəyir.
***
Xoşbəxtlik barədə hərə bir cür fikirləşir.
Anrı Matiss yazır: “Xoşbəxt o kəsdir ki, təmiz və açıq bir ürəklə oxuya bilir. Hər yerdə – göydə, yerdə, ağaclarda belə sevinc tapmağı bacarır. Müğənninin səsi olduğu kimi, rəssamın da rəngi hiss etmək qabiliyyəti olmalıdır”.
***
Səslə sözün bir fərqi də odur ki, səs tərcümə olunmur. Ancaq söz tərcümə olunur.
***
Müdriklərdən biri deyib ki, yaxşı nə varsa onu istəyin, o, sizin olacaq. Bu, ümumdünya cazibə qanunudur.