Modern.az

Vəzifəli şəxs cinayət törədənin doğması, qan qohumu olanda...

Vəzifəli şəxs cinayət törədənin doğması, qan qohumu olanda...

25 İyun 2015, 14:15

Gündən-günə artan çeşidli cinayət statistikasında cəmiyyətin kasıb  təbəqəsinin payına düşən hadisələr çoxluq təşkil etsə də, zəngin zümrənin də ailə üzvləri, ən yaxın nəsil çevrəsindən, hüquqi qanunlar xofu daşımayan, bu və ya digər cinayətlərdə ismi keçənlərin “hünəri”, “mərifətləri” mətbuat manşetlərinə qədər gəlib çıxır.

Vahim faktlarda, idbar hərəkətlərdə  populyar  soyadlar az qala, hər ay yenisi ilə əvəzlənir, yüksək mənsəb sahiblərinin statusları öz doğmalarının sirrinin faş olunmaması, ictimai qınaqdan qorunmasında güclü zirehə çevrilə bilmir.

Bəlkə bu zireh həbsxana divarlarında, məhkəmə zallarında hadisənin qapanmasında, sadəcə, ikicə kəlmənin ucunda yetərli potensiala malikdir. Amma boğulması mümkünsüz ictimai düşüncədə tanınan ailələrin də halı aşağı sinifin halına qarışır, varlılar öz soyadlarının,  şərəf və ləyaqətin qorunması imtahanından üzüağ çıxmaqda  çətin vəziyyətlə qarşı-qarşıya gəlir.    

Yaxın iki ildən başlayaraq, ta  ötən həftəki təqvimə qədər, mətbu arxivlər bir neçə icra hakimiyyət başçısı, bir neçə millət vəkili, başqa dövlət qurumlarındakı yüksək məqam sahiblərinin ailə, yaxın qan qohumlarının cinayət əməlləri ilə bağlı faktlar silsiləsini qarşımıza obyektiv reallıq kimi qoyur.  

Bir maddi yoxsulun, səfilin  kiminsə cibinə girməsi, oğurluq etməsi, bir cahil və nadanın primitiv mübahisə, çəp gələn mənasız bir söz  üzərindən qarşısındakını qətlə yetirməsinə haqq verilməsə də,  başa düşmək olar- aclıq, amansız ehtiyac onu arzuolunmaz  əyri yollara sürükləyir, bisavadlığı isə şüurunu gücsüzləşdirir deyə, insan münasibətlərini  idrak etməyə zorlanır.  

Amma səfalət nə olduğunu bilməyən bir zənginin, ortababın  dələduzluq yolunu seçməsi, yaxud, bir nüfuzlu, oxumuş məmur balasının yüksək sürətə zövqlənib, birisinin ölümünə, əlil qalmasına baiskarlığını, başqa bir yüksək imkanlara malik ailə övladının hansısa sözü həzm edə bilməyib, dostuna, tanışına bədən xəsarəti yetirməsini isə anlamaq o qədər də asan deyil.

Çünki bu insanlar üçün yazılmamış əxlaq qanunları var ki, nüfuzlu ataya, əmiyə, hətta sinəsində millət vəkili nişanı gəzdirən anaya görə mənəvi qanunlara tebeçilik məcburiyyəti daşıyırlar. Ailə böyüyü, nəsil böyüyü, özü də bu böyük hər zaman cəmiyyətin gözləri qabağında olan birisidirsə, etimad və hörmətinin ciddi cat almamasında doğma ətrafın üzərinə böyük məsuliyyət düşür...  


Sovet əyyamının özəlliklərindən birini xatırlayırsınız: vəzifəli şəxsin şəxsi qovluğu son dərəcə ciddi sənəd səviyyəsində öyrənilirdi. Xaricdə qohumu, yaxud, həbsxana divarları arasında yatan yaxını varmı-dosye hərtərəfli araşdırılıb hazırlanırdı. Biri dövləti imperialist, kapitalist  ölkələrin təhlükələrindən qorumaq üçün idisə, digəri  dövlət qulluqçusunun nüfuz və etibar məsələsi idi ki, idarəçilik sistemi üçün kristal  insanların tərcihi xüsusi önəm daşıyırdı.

Çağdaş zamanda bunların ikisinin də heç bir əhəmiyyəti qalmayıb; məmurun ailə üzvü, qan qohumu bir yana qalsın, hətta onun özü belə, çeşidli cinayət faktları üstündə yaxalanır. Çox uzaqlardan bəri, hətta  son həbslər, həbslərin ikinci dalğasının başlanmasına qədər hadisələrə istinad etsək, qarşıya heç kəsin inkar edə bilməyəcəyi acı bir tablo çıxacaq.

Müasir ideoloji sistem bəşəri sistemin tələblərinə az və çox dərəcədə tabedir, bu sistemə əski sistemin yasaqlarını tətbiq etmək nə mümkündür, nə də kiminsə maraqlarına cavab verir.

Oğlu vəhhabilik təriqətinin ardınca gedən məmur-ata illərdir, laxlamayan kreslosunda iri bir şəhərin idarəçiliyini yürüdə bilirsə, dələduzluq üzrə ittiham edilənlərin nüfuzlu ataları, anaları, əmiləri hələ də başını qaldırıb hamının gözünün içinə baxa bilir, məzar kimi dar və qaranlıq bir yerə sıxışıb qalmırsa, övladı üzündən adı mətbuatda neqativ rakursdan hallanan icra başçısı könüllü istefa ərizəsi yazmırsa, demək, üzünü qara çıxaran övlada, meşşan təbiətli yaman qan qohuma görə mənəvi məsuliyyət və xəcalət  məsələsi keçmişlərin qalığıdır, siyasi- ideoloji müasirlik özü ilə ehkamlaşan yeni qayda-qanunlar, təzə əxlaqi normalar  gətirir.   

Amma vəzifəli şəxs cinayət törədənin doğması, ən yaxın qan qohumu olanda,  adiləşmiş bu dəyərlərə yeni, soyuqqanlı yanaşma sayəsində  dayandığı mərtəbəni xilas edə bilir, hörmətini, nüfuzunu yox.

Vəzifəsi üzərinə düşən kölgədən qaça bilir, cinayəti yaddaşlarında təptəzə saxlayan toplumun kinayəsini dəf etməyə isə deyil.

Soyadlarına düşən ləkələr onların karyera ömrünü qısaltmasa da, etibarlarını yerlə bir edir ki, bu səbəbdən cəmiyyət əxlaq, dürüstlük dərslərinin məruzəçisi rolunu əllərindən alır.

Çünki vacib ailə senzorluğunu hüdudsuz azadlıq dəbinə dəyişmək, evində hər kəsə öz taleyinin ağası olmaq küll-ixtiyarını vermək, nəticədə sərhəddi olmayan sərbəstliyin hökmündən yaranan  mənəvi naqisliklər, nəhayət ən pis halda cinayətə gedib çıxan xətalar,  hər zaman yüksək tribunalara qalxan nüfuzlu atanın, cəsur və qətiyyətli ananın, hörmətli əminin sözünün çəkisini tamamilə azaldır, onların bilik və təcrübəsindən, dayandığı məqamdan cəmiyyətə gələcək xeyirə ictimai şübhə yaradır...      

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi