
“İyunun 23-də AŞPA-da keçirilən dinləmələr və ölkəmizlə bağlı qəbul edilən qətnamə Azərbaycan rəsmilərinin, Qeyri-Hökumət təşkilatlarının, hüquq müdafiəçilərinin hiddətinə səbəb olub”.
Bu haqda Modern.az saytına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib.
Deputat narazılığının səbələrini belə izah edib: “Bu cür qətnamələrdə insan haqları, demokratiya və s. məsələləri olur və biz də ona uyğun rəsmi mövqeyimizi ortaya qoyur, anlaşma əldə edirik. Həmin qətnamə layihəsindəki Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və yeddi rayonu ilə bağlı cümlənin ermənipərəst deputatların təşəbbüsü ilə çıxarılması bizi hamılıqla hiddətləndirdi”.
Ç.Qənizadə “Çıraqovlarla bağlı” məsələni xatırladaq deyib: “Avropa Şurasının Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamələri var. BMT-nin 4 məlum qətnaməsi isə 20 ilə yaxındır ki, icra olunmur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovlarla bağlı” çıxardığı qərarda Azərbaycanın Laçın adlı ərazisinin Ermənistan tərəfindən işğalı faktı tanınıb. Yəni bir qurumun bir institutunda fakt tanınır, digərində isə əksinə, tanımaq istəmirlər. Bu həmin qurumun nüfuzunun sarsılmasından xəbər verir”.
Deputat 1-ci Avropa Oyunları ərəfəsində aparılan antiAzərbaycan kampaniyalarının iflasa uğradığını xüsusi vurğulayıb: “Yanvar ayından başlayaraq Azərbaycanla bağlı dinləmə iclasları keçirildi, oyunları boykot etmək cəhdləri oldu. Təbii ki, hamısı iflasa uğradı. AŞPA-dakı bu addım da həmin kampaniyanın tərkib hissəsidir.
Nəzərinizə çatdırım ki, orada Azərbaycana dəstək verən deputatlar olsa da, ermənilərə dəstək verənlərin sayı həddindən artıqdır. Pier Ompzink, Mays Reps, Bernar Pasi, Andreas Qross, həmçinin Ermənistandan olan Hovanesyanın təşəbbüsününü dəstəklənməsi Avropa Şurasının ikili standartlara xidmət etməsinin sübutudur”.
Gülşən RAUFQIZI