Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasovun da adı Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”nda hallanır. Modern.az xəbər verir ki, “Azadlıq” qəzetinin məlumatına görə, artıq Nadir Abbasov bu məsələ ilə bağlı DIN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Onun həbsi barədə qərar verilib-verilmədiyi dəqiq bilinmir. Məlumatda deyilir ki, Nadir Abbasovun da Beynəlxalq Bankdan külli miqdarda kredit götürdüyü iddia olunur.
Dünən “Təzadlar” qəzeti də məlumat yayıb ki, Nadir Abbasov həbs olunub. Bildirilir ki, o, bir müddət əvvəl Gəncədə keçmiş “Yeyinti Ticarəti Idarəsi”nin bazasında soyuducular tikmək üçün kredit götürüb. Bir neçə gün əvvəl onu DIN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinə çağırıblar və krediti dərhal qaytarması tələb olunub. Məlumatda deyilir ki, Nadir Abbasov hələ də bu idarədə saxlanılır.
Məlumatda o da vurğulanır ki, bir neçə gün əvvəl Abbas Abbasovun digər qardaşı Həmid Abbasovun isə həyat yoldaşı Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən bağça müdiri vəzifəsindən azad olunub. Onun qızı da işdən çıxarılıb. Bağçanın işçiləri iki gün əvvəl Elmar Vəliyevlə görüşmək istəyiblər. Lakin görüş baş tutmadığından etirazlarını yazılı şəkildə bildiriblər.