Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Tarixci-araşdırmaçı
əvvəli burada
Soltan telefonu açan kimi dostu soruşdu:
- Hə, yenə nə tapmısan?
- İnanılmaz möcüzələr... İnsan şəkilləri var. Çəkmişəm. Oymaqla qayada əks etdiriblər. İnanmıram ki, sən və məndən başqa bundan xəbəri olan olsun. Qayanın elə yerindədir ki... Daşdan insan heykəlləri var burda. Deyəsən sabah yenidən burda olacam. Hələ heç kimə bu haqda danışmaq məsləhət deyil. Elə bunları demək üçün zəng etdim, işində ol.
Soltan möçüzə adlandırdığı bu rəsmlərə bir də baxdı. Heyrətləndi: bunu necə yaradıblar? İlahi, insan oğlu nələrə qadirdir – deyə düşündü. Bu vaxt ətrafda qarğaların xüsusi qaydalara əməl edirlərmiş kimi uçduqlarını müşahidə etdi. Baxdı ki, qara qarğanın biri bu şəkil olan yerə tərəf gəlir, o biri gedir... beləcə, bu maraqlı uçuşu davam etdirirlər. Yuxusu yadına düşdü: “İri bir cam, camın içində ləl-cəvahirat, qızıl, gümüş, brilyant, bir sözlə alışıb yanan aləm”.
Vahimələndi bir az. Həkimlə bu haqda söhbətlərini xatırladı. Və öz-üzünə düşündü: “Bəlkə doğrudan da dostumun yozumu düzgündür. Yəni, onun dediyinə görə mənim şəfamdır o yuxuda gördüklərim: yuxarıdan su damcılaması, camın içinə su yığılması... Doğrudanmı o camı tapsam hələ yaşayacam...”.
Həkimə zəng etmək istədi, vaxt itirməsin deyə fikrindən vaz keçdi.
Çingiz xanın hüzurunda
O, heykəllər olan yerə enməyə münasib yol axtardı. Axır ki, bir yer müəyyənləşdirə bildi. Kəndirini işə saldı. Qarğaların narazı halda qaynaşmasına baxmayaraq, yavaş-yavaş aşağıya enməyə başladı. Ayağıyla qayaya vuraraq bir qədər məsafəni sürüşdürdü. Sonra sürüşməni davam etdirməyə mane olan heykələ qayaya vurduğu kimi vurdu. Bu vaxt təxminən 4 metrlik heykəl yerində firlandı. Soltanın belinə dolayıb əliylə də yapışdığı kəndir qırıldı və o, təqribən 6-7 metrlik boşluqdan qayanın içindəki otaq kimi bir mağaraya düşdü. Düşdüyü yerdə başını qaldırıb qalxmaq istədi. Baxdı ki, saray kimi bir yerdədir. Buraya iki yerdən işıq düşərək müxtəlif rənglərə çalırdı. İşıq onun gözlərini qamaşdırdı. Çantasından eynək çıxarıb gözünə taxdı. Hər yana göz gəzdirdi. Baxdı ki, çöldəki heykəllərdən burda da var. Bura qəribə - nağıllarda təsvir olunan kimi bir yer idi. Heykəllərdən birinin gözlərində brilyant kimi parlaq nəsə vardı, işıq da ordan düşürdü. Və hər rəngə çalan həmin işıq zolaqları o qədər güclüydü ki, eynəklə də gözə təsir edir. Birtəhər durub gəzişdi. Qorxu, həyəcan, maraq canında bir-birinə qarışdı. Baxdı ki, bura əməlli-başlı xəzinədir. Burada nələr yoxdur?! Bir tərəfdə taxt var idi. Yaxınlaşıb gördü ki, Çingiz xanın mumiyasıdır, öz taxtında oturub. Yanında isə Çin alimi saqqallı Yelusikadır – bir əlində qılınc və bir əlində isə monqol ordusunun döyüş simvolu olan dəyənək var. Başqa bir otağa keçdi. Burada Çingiz xanın məşhur 20 təkərli arabası qoyulmuşdu. Araba balaca evə bənzəyirdi, içi daş-qaşla dolu idi. Arabaya 20 at mumiyası qoşulmuşdu. Başqa otağa keçdi. Orada çoxlu mumiyalanmış qızlar var idi. Soltan nağıllardakı kimi, bunların sayının yəqin 40 olduğunu düşündü...
Soltan özünü itirmədi. O təbiətən cəsarətli, necə deyərlər, ciyərli adam idi. Odur ki, Çingiz xanın mumiyasının yanına qayıtdı və dedi: “Bütün dünya əsrlərdir ki, sənin mavzoleyini axtarır. Amma mən tapdım. Tarixdə yazıldığına görə, sənin xəzinənin miqdarı hesaba gəlməz dərəcədə çoxdur. Amma mən bu var-dövlətə sevinmirəm. Çünki həm gözümdə dünya malı yoxdur, həm də olsa belə, ömrümə az qalıb”.
Əlini Çingiz xanın qılıncına atdı. İki əlilə ancaq götürə bildi. Qılıncı birtəhər yuxarı qaldırıb bağırdı: “Bu saat səni iki yerə böləcəm”.
Bu vaxt nəsə bir səs eşitdi. Arxaya dönəndə gördü ki, qadın heykəlidir, gözündən yaş axır. Vahimə necə güc gəldisə, qılıncı çəkməyilə qadının başının yerə düşməyi bir oldu. Başı bədəndən ayrılmış qadının gözündən yenə yaş gəldi. Soltan baxdı ki, yaş gözdəki daşdan gəlir. Kəsilmiş başa yaxınlaşdıqda gözünə bir yazı sataşdı. Özünü itirməyərək telefonuna mesaj yazıb köhnə bir dostuna göndərdi ki, bunu təcili tərcümə etsin. Amma olanlar barədə ona heç nə bildirmədi.
Cavab tez gəldi: “Burda kim xəzinəni tapsa, ən qiymətli olan nə varsa, ancaq tək onu apara bilər, özgə heç nə”.
Soltan öz-özünə: - əlbəttə. Mən ən qiymətli nədirsə, onu aparacam. Brilyantları aparacam, - deyərək çantasındakı çox şeyləri çıxarıb atdı. Heykəlin başından çıxan brilyantları çantasına yığa-yığa Çingiz xanın taxtına yaxınlaşaraq dedi: “Mənim ölkəmi neçə dəfə işğal etdin. Sonda da gəlib burda – mənim ölkəmdə özünə saray kimi bir mavzoley tikdirdin. Bu saat elə öz qılıncınla səni də iki yerə böləcəm”.
O, qılıncı götürüb başı üzərinə qaldırıb endirmək istəyərkən ayağından bir ilan sancdı. Soltan yerə yıxıldı. Qılınc əlindən düşdü. O vaxt özünə gəldi ki, bayaqdan cavabsız qalmış noutbukda oğlunun səsi eşidildi: “Ata, cavab ver, hardasan? Bağışla məni, ata!”.
Soltanın ürəyi paralandı. Çingiz xanın ayağından yapışıb dedi: “Heç nə aparmayacam. Onu da bil ki, mən ölümdən qorxmuram. İmkan ver oğlumla bircə dəfə də görüşüm. Onsuz da ömrümün bitməsinə bir şey qalmayıb...”.
Soltan yerdə uzanıqlı vəziyyətdə taqətsiz halda sözünü bitirməmiş gözü yuxusunda gördüyü cama sataşdı. Baxdı ki, camın üstündə ilan şəkilləri var. Bu an yuxarıdan hansısa bir ağacın kökünün sarmaşıq kimi həmin camın üzərinə sallandığını və süd kimi nəyinsə damcı-damcı cama töküldüyünü müşahidə etdi. Bu yandan da başı qopardılmış heykəlin göz yaşı həmin cama damcıldayırdı. Soltan heyrətindən az qala yerində quruyub qaldı, bir anlıq halsızlığını belə unutdu. Bu zaman, ilan göründü. O asta-asta cama yaxınlaşıb oradakı qarışıqdan içərək uzaqlaşdı. Soltan nə olacağını düşünmədən camdakından bir qədər içdi. Necə yuxuya getdiyini hiss etmədi.
...Soltan yuxudan ayıldı və heç nə olmayıbmış kimi ayağa durdu. Hiss etdi ki, bədənindəki ağrı-filan da yoxa çıxıb. Hətta kəndiri kəsilən zaman qolunda yaranmş şiş də çəkilib. Sakitcə çantasındakı brilyantları qaytarıb yerinə yığdı. Töküb-dağıtdıqlarını səliqəyə saldı. Heykəlin başını yerinə qoydu. Bu vaxt divarda yazı gördü. Telefonunu götürüb yazının şəklini çəkdi. Heç nə anlamadığı üçün qədim yazılar üzrə mütəxəssis olan köhnə dostuna göndərdi.
Dostundan aldığı çavab onu daha da heyrətləndirdi: “O dövrdəki Çin alimləri Yelusika, Çan Çyen və başqaları Çingiz xanın göstərişiylə ömür uzadan dərmanı axtarıb burda tapıblar. Bu dağın zirvəsindəki ağacın kökü və içəridəki heykəlin göz yaşı qarışaraq ömür uzadan qarışıq-maye yaradır. Bu qarışıq 100 il qalandan sonra su şəklinə düşür. Buna ömür uzadan su – dirilik suyu deyirlər”.
Burada olan ən qiymətli xəzinə elə həmin su imiş!.
Soltan özlüyündə düşündü ki, deməli, “ən qiymətli olanı götürməyə icazə var” deyiləndə, həmin su nəzərdə tutulurmuş.
O daha bir yazı gördü. Monqol dilində olan bu yazının da şəklini çəkib dostuna göndərdi.
Bir azdan bu sualının da cavabı gəldi. Belə ki, dostunun tərçüməsinə görə, orada yazılıb ki, ömür uzadan dərmanı hazırlayanlar o dövrdəki dünyaca məşhur alimlər – Yelusika ve Çan Çyen olublar. Onlar tədqiqat apararaq müəyyən ediblər ki, həmin məhlul həqiqətən ömrü uzadır. İlk tədqiqat obyekti kimi qarğaları seçiblər. Qarğanın 300 ildən çox yaşamasının səbəbi zirvələrdə bitən dağdağan ağacının kökü ilə qidalanmasıdir. Soltan o dəqiqə qarğaların daş heykəllər ətrafinda dolanmalarının elə həmin məsələ ilə bağlı olduğunu anladı. Bu su camı doldurandan sonra artıq hissəsi axıb çölə gedir, qarğalar da ordan içirlər.
Soltan həyəcan və maraq içində daha nələr var deyə, düşündü. Hər küncdə bir ilanın olduğunu gördü. Onlar hərəkətsiz halda Soltana baxırdılar. Soltan bayaqdan bəri göz çıxaran bu rəngarəng işıqlara alışmış kimi asanlıqla hər yanı görə bildi. O, brilyantları yerinə qaytardıqdan sonra çantasındakı təxminən bir litrlik su qabına camdakı sudan götürdü və heykələ yaxınlaşdı. Onu qapı kimi firladaraq kəsilmiş kəndirdən yapışıb çıxdı. O, qabaq endiyi yerdən aşağıya doğru enişini davam etdirdi. Bu vaxt gördü ki, daha bir cam qoyulub, qarğalar suyu burdan içir. O içəridəki cam dolandan sonra dirilik suyunun buraya axdığını dəqiqləşdirdi. Ürəyində bir ümid baş qaldırdı. İnanmırdı ki, bir belə hündürlükdən yıxılasan, ilan vura, bir belə həyəcan, yorğunluq keçirəsən və heç nə hiss olunmaya – hara getdi bütün bunlar...
Həkimlə danışmaq istədi. Noutbukun və telefonunun yükləntisi olmadığından onları yerinə yığışdırıb dağı endi. Sanki cavanlaşdığını hiss etdi. Uzun bir yolu az müddətdə qət edən Soltan yaxın kənddə saxladığı maşınına yetişdi. Bir az fikirləşib nəsə planlaşdırdı və Bakıya qayıtmaq qərarına gəldi. Ya Allah! – deyib yola çıxdı.
Yolda başına gələnləri saf-çürük etdi. Yadına düşdü ki, onu mağarada ilan vuran vaxt noutbukdan oğlunun səsi gəlirdi: “Ata, hardasan, ata? Məni bağışla!...”. Sanki ürəyi partlayacaqdı indi... Gah oxuyur, gah öz-özünə danışır, gah gördüyü xəzinəni, çəkdiyi mənzərələri düşünürdü... Bir də gördü kü, artıq şəhərdədir.
...Qapını oğlu açdı. Atasını bərk-bərk qucaqladı və özünü ələ ala bilməyərək hönkürdü. Göz yaşı içində üzünü atasına tutub dedi:
- Səndən incimişdim, səbəbini özün bilirsən. Amma səni çox istəyirəm, hər şeyi bilirəm. Anam da sənin yolunu gözləyir, neçə gündür özünə gələ bilmir.
Bu vaxt Soltanın həyat yoldaşı yan otaqdan çıxdı. Onlar bir-birinə sarıldılar. O Soltana üzünü tutub: - Bundan belə heç vaxt ayrılmayacağımıza söz ver, - dedi. Soltan cavab olaraq onu bərk-bərk qucaqladı. Həyat yoldaşı əlavə etdi: - Bir də ona söz ver ki, oğlundan, məndən sirr saxlamayacaqsan.
Soltan: - Anlamadım, nə sirr saxlamışam ki? – deyə soruşdu. Oğlu hər şeyi bildiklərini söylədi. Həkimlə görüşdüyünü, nələr baş verdiyini, Tovuz dağlarına niyə getdiyini, bir sözlə artıq çox şeyi bildiklərini dedi.
Soltan onları sakitləşdirməyə çalışdı. - Məndə heç nə yoxdur, əvvəlkindən də sağlamam, - dedi və ürəyində həkimi asıb-kəsdi: - Səni bağışlamayacam! Sözünün üstündə dura bilmədin, dostum.
Soltan yuyundu, çoxdan həsrətini çəkdiyi xanımının süzdüyü çayı içdi, bir az dincəldi. - Həkimlə danışacam, - deyib, telefonunu da götürüb çıxdı. Zənginə dostu cavab verdi və Soltanı qabaqladı:
- Hardasan?
- Gəlmişəm, evdəyəm. Onu sonra danışarıq. Hanı mənə verdiyin söz?
- Məçbur qaldım. Oğlun elə görkəmdə gəlmişdi ki, yanıma... yerimdə olsaydın, sən də mən etdiyim kimi edərdin. Mən də narahat idim, özüm əlaqə saxlayacam dedin, deyə gözlədim. Qalmışdım, neyləyim. Oğlun elə bil məni də ayıltdı. Dedi, atamdan bir aydır xəbər yoxdur. Hardadır axı? Yəni məni atdı? Ya başına bir iş gəlib? Hə, neyləyəydim bəs mən? Sən olsan, deməzdin olanları?
- Nə bir ay? Mən bir dünən sizinlə danışmamışam.
Dostu ilk anda onun zarafat etdiyini düşündü... sonra gördü yox, səsindən zarafata oxşamır, - bir şeymi olub buna, - deyə pis oldu və özünü toparlayıb dəqiqləşdirmək istədi:
- Xəbərin varmı ki, mənimlə son danışmağından bir ay keçib?!
- Ola bilməz! Hardasan, gəl bizə, danışarıq. Deyəsən zarafat eləməyə vaxt tapdın...
- Əlbəttə, gəlirəm.
Soltan evə qalxdı. Güzgüyə baxdı. Üz-başını tük basdığını gördü. Fikrə getdi: - Demək mən Çingiz xanın mavzoleyində hüşsuz vəziyyətdə bir gün yox, bir ay yatmışam...
Bir az keçdi. Həkim onlara gəldi. Soltanın saçlarının dibinin qaralığı onun nəzərini cəlb etdi. – Sən cavanlaşmısan, xəbərin var? Saçına baxmısan özün? Maşallah, heç xəstəyə oxşamırsan, - dedi. Soltan zarafata saldı:
- Yaxşı, görək! Gözün dəyər.
Söhbət edə-edə çay içdilər. Həkim dedi:
- Dur gedək, səni müayinə etdirək.
Soltan inad etmək istədi, həkim əl çəkmədi:
– Həmişə sən deyən olub, bu dəfə sözə qulaq asacaqsan, - söylədi. Və qalxdılar.
Klinikada həkimin cavabı onları çaşdırdı: - Burda şiş deyilən şey yoxdur. Başındakı şiş tamamilə çəkilib. Harda müalicə almısan? – Soltanı müayinə edən həkim sonda bunu da deməyi yaddan çıxarmadı. Soltan da nəsə söyləməyə tələsmədi. Onlar sevincək evə qayıtdılar.
Soltanın Türkiyə müayinəsi də başdakı şişin çəkildiyini təsdiqlədi. Həkimlər təəccüb etdilər ki, bu necə ola bilər?... Hətta əvvəlki müayinənin doğruluğuna şübhə də yarandı.
Soltan bütün müayinələrdən sonra dostuna gətirdiyi suyu göstərdi və, - bax bu suyun hesabına sağaldım, - dedi: - Al, bir litr gətirmişəm, mənim kimi xəstən olsa verərsən bu sudan, şəfa tapar, inşallah.
Bir müddət də keçdi. Soltan daha da cavan və gümrah görsəndi, onda xəstəliyindən, əzablarından əsər-əlamət qalmamışdı. Ötən bir il içində az qala beş il cavan görünən Soltan ailəsiylə bir yerdə olmaqdan, Allahın bu əvəzsiz bəxşişindən çox xoşbəxt idi.
Günlərin birində həyat yoldaşı evdə səliqə-səhman yaradarkən Soltanın çantasından bir daş düşdü. Bərq vuran daşı götürən qadın, onu ərinin yanına gətirdi: – Baxsana, nə tapmışam, Soltan, - dedi və əlavə etdi: - qiymətli daşa oxşayır.
- Bunu hardan tapdın belə? Yoxsa, çantada qalıb... Mən ki, bütün daşları qaytarıb qoymuşdum yerinə. Necə olubsa qalıb çantada. Bu hələ ordakı daşların ən balacasıdır. Hm... bilirsən, biz bu daş olmasa da xoşbəxtik.
- Nə deyirəm ki,.. bunu da qaytar yiyəsinə, düşər-düşməzi olar, sən Allah. Min belə daş ola, bizim bir yerdə olmağımızın bir gününü əvəz edəmməz. Razıyam səninlə.
Onlar söhbət edərkən həkim zəng edib Soltanla görüşmək istədiyini bildirdi. Onlar görüşdülər. Dostu ona su üçün təşəkkür etdi və bildirdi ki, həmin su ilə neçə xəstə şəfa tapıb.
Soltan razılıqla başını tərpətdi. Və həkimin nə demək istədiyini anlayaraq onu qabaqladı: - Hə, nə deyirsən indi, dirilik suyundan yenə lazımdır?
- Yalan niyə deyim, bu barədə eşitmişdim, amma inamsız idim. Buna möçüzə demək azdır. Bir az ora-burasından danışdın. İlk dəfə sən bu barədə söyləyəndə də inanmadım. Amma indi məəttəl qalmışam ki, sən bu suyu necə əldə etdin...
- Mən uca bir dağın başında gecələyəndə yuxumda bir qoca mənə yaxınlaşdı. Yanımda litrlik qabda su var idi. O, suyu dağdan aşağı tökdü və öz qabından su doldurdu. Ayıldım. Əşşi, yuxudur deyib qayıdıb yatdım. Səhərlər yerimdən duranda həmişə bir az çiy su içirəm. Bu dəfə də su içmək istərkən gördüm ki, su qabındakı su süd kimi ağ rəngdədir. Yuxumu xatırladım. Başa düşdüm ki, bu adi su deyil.
- Bəlkə sən yenə gedəsən həmin dağın başına... Yatarsan yenə. Həm nələr olacağını bilərik, həm də yenə bu sudan olsa neçə-neçə insanlar şəfa tapar.
Soltan razılaşdı.
Onsuz da getməyi planlaşdırırdı. Axı çantasında gətirdiyi brilyantı qaytarmalıydı. Həm də elə ordakı camdan yenə su götürərəm, deyə düşündü.
Yolda olarkən Soltanı polislər saxladı. Sənədlərini istədilər. Soltan sənədini çıxarıb göstərdi. Polislər “bu ki, başqa adamın sənədidir”, deyib bir-birlərinə ötürdülər. Soltan gülümsəyərək: - “Naçalnik, bu elə özüməm. Başqasının sənədinin məndə nə işi var”, - dedi. Polislər isə - axı burdakı adam yaşlıya oxşayır, siz, maşallah, hələ çavansınız” söylədi. Soltan dilləndi: - Siz də gəlin mənimlə gedək Tovuz dağlarına. Oranın havasından alın, suyundan için, o gözəllikləri gözlərinizlə görün, dünyanın dərd-qəmindən uzaq olun, görün cavanlaşırsınız, yoxsa yox.
Bir az da yarıçiddi-yarızarafat söhbətləşəndən sonra sənədlərini geri alan Soltan yoluna davam etdi.
O dağlara çatanda axşamüstü idi. Vaxtı itirmədən Maral dağa qalxdı. Burada onu ilk qarşılayan qarğalar oldu. Onlar suyun cama axan yerində yenə özləri bildiyi qaydalara uyğun hərəkət edirdilər. Soltan qarğalara üz tutdu: “Ey qarğalar, qoyun insanlar da gəlib bu sudan içsinlər, mənim kimi onlar da şəfa tapsınlar, ailələrini sevindirsinlər”.
O danışa-danışa daş heykəllərin böyüyünə yaxınlaşdı. Bu heykəlin gözündəki brilyantları sildi. Qapı kimi açılan daşın yanına keçdi. Heykəl qapı firlanaraq Soltana “yol verdi”. Soltan birbaş gəlib mumiyalanmış Çingiz xanın qarşısında dayanaraq dilləndi:
- Mən sözümün üstündə durdum. Demişdim, nə götürmüşəm yerinə qaytaracam. Çantamda bir brilyant daş qalıbmış, onu gətirmişəm.
Soltan həmin brilyantı yerinə qoyaraq əlavə etdi:
- İçazənizlə divarda yazılmış “ən qiymətli olanı apara bilərsən” sözlərinə əməl edərək burdakı sudan yenə götürüm.
O, brilyantı yerinə qoyandan sonra bayaqdan baş qaldıran ilanlar hərəsi öz yerinə - küncə çəkilərək sakitləşdilər.
Soltan ağac kökündən süzülən ağ rəngli şirəyə və qadın heykəlinin gözlərindən axan yaşa diqqətlə baxdı. Və öz-özünə: - Möçüzəyə bax, İlahi – dedi. Yaxınlaşıb su götürdü. İşini görüb qurtarandan sonra geri qayıdıb çantasını maşınına qoyaraq yola düşdü. Yol boyu yenə yol polisinin sözü yadına düşdü. Belə gümrah, sağlam və cavan olmasından daha da xoşhallandı. Allahına şükranlıq etdi.
O gətirdiyi suyu həyat yoldaşına verdi və başqa qablarla qarışıq salmamasını tapşırdı. Həyat yoldaşı soruşdu ki, bundan çox gətirmək olmazdımı? Soltan: - Bilirsən də, artıq tamah nə edər? – deyə cavab verdi və əlavə etdi, - əlbəttə, olmaz. Ancaq bu qədər götürə bilərəm, elə də edirəm.
Soltan paltarını dəyişərkən istədi həyat yoldaşına desin ki, brilyantı aparıb götürdüyü yerə qoyub, bu zaman həyat yoldaşı içəri girib dedi: - Sən apardığın brilyantı yəqin ki, yerinə qoydun?
Soltan onun üzündəki ifadəni hiss edərək: - Hə. Noolub ki? İndi nə tapmısan? – deyə soruşdu.
Qadın əlindəki su qabını göstərərək içində ötən dəfəkindən də parıltılı bir daş olduğunu bildirdi. Və, - sən düz elədin, halal iş gördün, yəqin ona görə Allah da səni mükafatlandırıb, apardığının əvəzində bu daşı verib, - deyə əlavə etdi. Soltan baxdı ki, su qabının içində bir brilyant daş görsənir və elə parıldayır ki, adamın gözü qamaşır. – Bəs yaxşı, mən bunu niyə görməmişəm, - deyə Soltan təəccübləndi. Həyat yoldaşına tərəf dönüb dedi:
- Düz deyirsən, bunu Tanrı göndərib bizə. Bu daşı saxlayaq oğlumuza, inşallah gələçəkdə iş qurar və bu qiymətli daşnan xeyriyyəçilik işinin təməlini qoyar.
Soltan gördüklərinə inanmadı. Çəkib gətirdiyi yazı şəkillərini ilk olaraq məlumat xətrinə internet vasitəsilə tərçümə etdi. Bu lövhədə yazılanlar Əmir Teymurun imzasıyla olan bir yazı idi. Təəccübü də bundan ibarət idi ki, Çingiz xanla Əmir Teymurun yaşadığı dövrlər arasında təxminən 200 il vaxt fərqi olub, bəs onları bağlayan nə ola bilərdi? Bu maraq Soltanı məcbur etdi ki, lövhədə yazılanların hamısını tərçümə etsin... Lövhədə yazılmışdı:
“Mən Xarəzm şahı İbrahim xanın oğlu Cəlaləddin şahın nəvəsi Əmir Teymuram”
Çingiz xanin mavzoleyindəki daş mərmərdəki yazılar isə belə idi:
“Çingiz xanın gizli tarixi”.
Çingiz xan – dünyanın tarixini dəyişdirən hökmdar. Daha ətraflı “Çingiz xanın xəzinəsi” romanında...
Son