Modern.az

Türkiyədə keçirilən Avropa çempionatında güləşçilərimiz 3 medal qazanıb

Türkiyədə keçirilən Avropa çempionatında güləşçilərimiz 3 medal qazanıb

Təhsil

27 İyun 2015, 12:54



Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

Modern.az saytı xəbər verir ki, çempionatın üçüncü günündə mübarizəyə qoşulan Leyla Qurbanova (51 kq) və Elis Manolova (67 kq) gümüş, Türkan Nəsirova (44 kq) isə bürünc medal qazanıb.

Bu gün gənc qızlar arasında 48, 55, 63 və 72 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

55 kiloqram çəkidə mübarizə aparan və bu il keçirilən  U-23 Avropa çempionatının qalibi Alyona Kolesnik bu dəfə də finala qədər inamla irəliləyib. Ardıcıl olaraq Rusiya, Fransa və Estoniya idmançılarını mübarizədən kənarlaşdıran təmsilçimizin finalda rəqibi İtaliya güləşçisi olub. Alyona Kolesnik görüşü uduzub və çempionatın gümüş medalına sahib olub.

63 kq çəki dərəcəsində yığmamızın üzvü Raqnetta Qurbanzadə İsveç və Rumıniyadan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya idmançısına məğlub olub. Güləşçimiz İtaliya təmsilçisi ilə bürünc medal uğrunda həlledici görüşü öz xeyrinə başa vurub və çempionatı 3-cü sırada tamamlayıb.

72 kq-da mübarizə aparan Səbirə Əliyeva finala qədər inamla güləşib. Macarıstan, Polşa və Almaniya güləşçilərini mübarizədən kənarlaşdıran təmsilçimiz finalda Ukrayna komandasının üzvü ilə qarşılaşıb. Rəqibinə şans verməyən Səbirə Əliyeva Avropa çempionatının qızıl medalına sahib olub.

Beləliklə, gənc qızların mübarizəsində yığmamız ümumilikdə 1 qızıl (Səbirə Əliyeva), 3 gümüş (Leyla Qurbanova, Alyona Kolesnik və Elis Manolova) və 2 bürünc (Türkan Nəsirova və Raqnetta Qurbanzadə) medal qazanıb.

Bu nəticə ilə güləşçilərimiz komanda hesabında bütün rəqiblərindən üstün olub və 58 xalla komanda hesabında Avropa çempionu olub. 50 xal toplayan Rusiya ikinci, 40 xal toplayan Türkiyə isə üçüncü pillədə qərarlaşıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım