Modern.az

Qeyri-ixtisaslı jurnalistlər: “Dua edirdim ki, topladığım bal jurnalistikaya çatmasın” - RUBRİKA

Qeyri-ixtisaslı jurnalistlər: “Dua edirdim ki, topladığım bal jurnalistikaya çatmasın” - RUBRİKA

Media

27 İyun 2015, 12:56

“Heç vaxt maddi vəziyyəti normal olan qəzetlərdə çalışmamışam” 


İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir. 

“Azadlıq” qəzetinin köşə yazarı Elnur Astanbəyli bu gün də ən çox “Alma” qəzetinin aurasını özləyir: “İxtisasca filoloqam. Gəncə Dövlət Universitetini bitirmişəm. Diplom rəhbərim, dəyərli ədəbiyyatşünas Xəlil Yusifli universitetdə qalıb magistratura təhsili almağımda israr etsə, diplom işimi elmi iş kimi davam etdirməyimi məsləhət görsə, hətta məni yola gətirmək üçün valideynlərimə ismarış yollasa da, mən ailənin maddi durumunu nəzərə alıb Bakının yolunu tutdum.  

Təəssüf ki, ixtisasım üzrə işləyə bilmədim. Elə buna da ailəmizin o zamankı çətin maddi durumu mane oldu. Elə bir vəziyyət yaranmışdı ki, ailəyə ciddi köməyim dəyməsə belə, əlavə yük də olmamalıydım. Bu da ən azı öz başımı saxlaya biləcək iş axtarmağı diqtə edirdi. Amma bu dəfə də belə işdə çalışmağa sağlamlığım imkan vermədi və günün birində mən gözümü açıb özümü qəzet redaksiyalarında görməyə başladım. Əslində ilk ixtisas seçimim də elə jurnalistika idi, amma gəl gör ki, bu da atamın ürəyindən deyildi. O məndən öz gerçəkləşməyən arzusunu reallaşdırmağımı – tarixçi olmağımı gözləyirdi. Şübhəsiz, təzyiq etmirdi, ümumiyyətlə, həmişə seçimlərimə hörmətlə yanaşırdı. Və mən seçdiyim  ixtisasların siyahısında ən başa jurnalistikanı yazandan sonra, nə gizlədim, peşman olmuşdum – hətta dua edirdim ki, topladığım bal ikinci sırada yazdığım tarix ixtisasına düşməyə kifayət etsin. Atama çox bağlı idim, istəyirdim, onun qəlbi xoş olsun. Ancaq di gəl, sonda nə mən istəyən, nə də o arzulayan oldu – qəbul imtahanlarının nəticəsi məni tamam fərqli bir ixtisasa - filologiyaya tuş etdi. Mən bununla dərhal, özü də sevinə-sevinə razılaşdım. Niyə də razılaşmayaydım? Axı bu əslində tarix ilə jurnalistikanın “qızıl ortası” idi.

Qəzet redaksiyalarına necə ayaq açdığımı xatırlamıram. Bu şüurlu seçim olmayıb – baxmayaraq ki, ilk ixtisas seçimim məhz jurnalistika idi. Mənə bu işi tanıdan və sevdirən adamları – “Abi” dediyim Tofiq Abdindən (qəbri nurla dolsun!) Qulu Ağsəsədək! – hamısını sayğı ilə anıram. Uzun müddət müxtəlif qəzetlərlə əməkdaşlıq etmişəm, ədəbiyyat səhifələri də hazırlamışam, mədəniyyət səhifələri də. Amma artıq sırf jurnalistika ilə məşğul olduğumu düşünmürəm, sadəcə, müəllif yazıları yazıram. Hazırda köşə yazarı olduğum “Azadlıq” qəzetinin ağır maddi vəziyyəti hər kəsə bəllidir. Ümumiyyətlə, iş elə gətirib ki, heç vaxt maddi vəziyyəti normal olan qəzetlərdə çalışmamışam. Həmişə əlavə işə ehtiyac olub, indi də belədir: ən müxtəlif redaktə sifarişləri yerinə yetirirəm. Halımdan məmnun deyiləm, amma başqa yolum yoxdur, əlimdən bundan savayı heç bir iş gəlmir. 

İlk maaşı Tofiq Abdinin araçılığı ilə Qulu Ağsəslə tanış olduqdan sonra mədəniyyət müxbiri olduğum “Xalq cəbhəsi” qəzetindən almışam. Sonra oradan müsavatçı olduğum üçün qovdular, dərhal da Aqil Abbas “Ədalət” qəzetinə dəvət etdi, orada mədəniyyət şöbəsinə məsul oldum. Hazırladığım yazılarla Aqil Abbasın özündən tut daha kimlərlə - əlbəttə, ədəbiyyat və mədəniyyət sahəsində! – üz-üzə gəldik, dartışdıq, mübahisə etdik. Şübhəsiz, qəzet səhifələrində. Yəqin, mən baş redaktorun öz qəzetində əməkdaşı, əməkdaşının da baş redaktoruna qarşı tənqidi yazı yazdığı ilk jurnalistəm. Ardınca bir çox dəyərli imzalarla mərhum Şahin Ağabəylinin yaratdığı, onun baş redaktor, mənim də baş redaktor müavini olduğum “Milli Yol”da çalışdıq. Ora ilə bağlı da çoxlu xoş xatirələr var. Və nəhayət, Azərbaycan mətbuatında son 20 ilin ən fərqli, ən qeyri-hadisəsi olan “Alma” qəzeti – gizlətməyəcəm, bu gün də ən çox “Alma”nın havasını, aurasını özləyirəm. “Alma”dan getdikdən sonra da mənim aktiv qəzetçilik həvəsim tamamilə söndü.

Bir az əvvəl də dedim, hazırda jurnalistika ilə məşğul deyiləm, bunu iddia etsəm, bir xəbər hazırlamaq üçün minbir çilə çəkən, bir reportaj, bir müsahibə uğruna nə qədər tər tökən, üzü üzlər görən adamlara sayğısızlıq etmiş olaram. Müəllif yazılarını da əsla bir jurnalist əməyi yox, ölkəsində olub-bitənlərə seyrçi qalmağı özünə yaraşdırmayan, düşündüklərini başqası ilə də bölüşmək istəyən bir vətəndaşın həssaslığı sayıram. O ki qaldı peşman olmağa – bu gün aktiv jurnalistika ilə məşğul olsaydım, bütün ağır şərtlərə rəğmən, yenə peşmanlıq duymazdım. Zaman hər cür məhrumiyyətinə, əzab-əziyyətinə baxmayaraq, mətbuatın vicdanlılığa, dürüstlüyə, obyektivliyə dayanan təməl ilkələrini qoruyan hər kəsin dəyərini verəcək. Bu quru pafos deyil, bu tarixin sınağından çıxmış çox sadə, adi bir həqiqətin xatırladılmasıdır”.      

“Kəpəz” televiziyasının “Regionxəbər” informasiya proqramının aparıcısı Vüsalə Cənnətova ömrünü jurnalistika ilə bağladığı üçün çox xoşbəxtdir: “İxtisasca pedaqoqam. Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin rus dili ixtisası üzrə fərqlənmə diplomlu məzunuyam. Üç il öz ixtisasım üzrə fəaliyyət göstərmişəm. Azərbaycan dilini çox sevirəm və ona mükəmməl yiyələnməyi özümə borc bilmişəm. Lakin əcnəbi dillər də məni özünə cəlb edib. Bu səbəbdən ixtisasımı istəyərək seçmişəm. Jurnalistika sahəsi də məni özünə “Əkinçi”, “Molla Nəsrəddin”, “Kaspi”, “Azərbaycan” və sair kimi dövrünün cəmiyyətə işıq tutan mayakları olan mühüm nəşrlərlə, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi kimi bu sahəyə həyat verən ziyalılarla cəlb edirdi. Uşaqlıqdan Azərbaycan televiziyası və radiosunda xüsusən, “Xəbərlər” proqramını maraqla izləyirdim. Mediaya illərini vermiş müxbir qohumumun olması da məni bu sahəyə cəlb edirdi. 2002-ci ildə fəaliyyətə başlayan regional televiziyada xəbər proqramına aparıcı seçimi aparılırdı. 179 rəqib arasında seçilərək, “Xəbərlər” xidmətində aparıcı-müxbir kimi fəaliyyətə başladım. Bir jurnalist kimi yetişməmi ABŞ, İngiltərə, Rusiya, Polşanın ən nüfuzlu televiziyalarından, mətbu orqanlarından olan peşəkarların apardığı çoxsaylı treninqlərə, nəzəriyyədə öyrəndiklərimi işdə tətbiq imkanlarına borcluyam. 2003-cü ildə “Internews-Azərbaycan” Təşkilatının keçirdiyi “Ən sevilən aparıcı” sorğusunun qalibi olmuşam. 2005-ci ildən “Xəbərlər” xidmətində şef-redaktor olaraq çalışmışam. İndiyədək fəaliyyətimi “Alternativ” və “Kəpəz” televiziyalarında, İctimai Televiziya və Radio Yayımları Şirkətində davam etdirmişəm, müxtəlif internet və yazılı media qurumları ilə əməkdaşlıq etmişəm. Hazırda da televiziya və xəbər sahəsində çalışıram. Ömrümü jurnalistika ilə bağladığım üçün çox xoşbəxtəm. Özümü bu sahə ilə tapmışam. Fəaliyyətinlə ictimai həyatın bütün sferalarını əhatə edə bilmək, siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan media, bütövlükdə cəmiyyət üçün yararlı olmağa çalışmaq, peşəkarlıq, obyektlivlik, operativlik kimi amilləri üstün tutaraq, ictimai əhəmiyyətə malik sözün, xəbərin məsuliyyət yükünü daşımaq mənim həyat devizimə çevrilib artıq”.

İncəsənət sevgisi “Lider” TV-də yayımlanan “Sport Maqazin” verilişinin müəllifi, rejissoru və layihə rəhbəri Ceyran Nərimanı oxuduğu universiteti yarımçıq atmağa vadar edib: “İxtisasım rejissorluqdu. Mədəniyyət və İncəsənət Universitetinin məzunuyam. Universitetdən əvvəl isə Teatr məktəbini bitirmişəm. İncəsənətə sevgim sonsuzdur... Mən teatr və kinonu sevərək bu sahəni seçmişdim. Əgər bu sahəni sevməsəydim “Narxoz”u (Azərbaycan Dövlət İqtisad Universiteti) yarımçıq atıb, teatr məktəbinə, daha sonra İncəsənət Universitetinə gəlməzdim...

Fəaliyyətimə ilk olaraq  aktrisa kimi başladım. Elə o vaxtlar pərdəarxasında  baş verən hadisələri kağıza köçürürdüm. Sonra da uşaqlara oxuyub, qələmə aldığım hadisələrə gülürdük. Yazmaq sadəcə hobbim idi.. Heç özüm də bilmədən  yazırdım. Necə ki insan yatır, durur, yeyir, içir –eləcə də mən ancaq özüm üçün yazırdım. Günlərin bir günü  isə yazdıqlarım Gənc Tamaşaçılar Teatrının əhatəsindən, dar dəhlizindən  çıxıb “Azərbaycan” Nəşriyyatında dolaşdı. Və beləcə, bir də gördüm ki, “Mədəniyyət” qəzətində dərc olunuram.

Əvvəllər mən sadəcə yazırdım, yəni heç bilməzdim ki, insan sevdiyi işlə həm məşğul ola bilər, həm də qonarar qazana bilər (gülür). “Mədəniyyət” qəzətində düz 2 səhifəni zəbt etmişdim. Həm pərdəarxasında baş verənlərdən, həm də teatr, kino, musiqi, rəssamlıq ümumiyyətlə, mədəniyyət və incəsənət aləmindən yazırdım. Elə o aralar paralel bir neçə qəzet və  jurnallarda da çap olunurdum. “Mədəniyyət” qəzeti nəşriyyatın 2-ci mərtəbəsində yerləşirdi. Buna baxmayaraq, mən ora çatana kimi bütün yazdıqlarım əlimdən alınıb başqa mərtəbələrə kimi qalxırdı (gülür). Müxtəlif yazılarım olurdu.. “Kirpi” jurnalında ancaq satirik cızma-qaralarım, ”Ədalət”, ”Söz”, adları yadımda qalmayan digər qəzetlərdə köşə yazılarım və replikalarım çıxırdı.. Hətta bir dəfə “Söz” qəzetinə bir nəfər gəlib  Ceyran Nərimanı axtarırmış, kişi məni görəndə çaşıb qaldı. Qarşısındakı hörüklü qızın o cür yazılar yazdığına inana bilmirdi. Təəccübünü gizlətmədən etiraf etdi : “Elə bilirdim bu replikaların müəllifi şişman, eynəkli və yaşlı bir xanımdır” (gülür).

Bundan başqa “Rəfiqlər”, “Nisa” jurnallarında müxbir, “İnfoline.az” saytında isə redaktor kimi fəaliyyət göstərmişəm.

O vaxtlar həm mətbuatda dərc olunur, həm də səhnədə çıxış edirdim. Aktrisa kimi fəaliyyətim güclü idi. Əsas rollarda çıxış edir, festivallara qatılırdım. Hətta Mono Tamaşalar festivalında “İlin ən yaxşı aktrisası” olmuşdum. Bundan düz bir il sonra Mədəniyyət Nazirliyinin keçirdiyi “Naməlum Kino “ festivalında “İlin ən obyektiv jurnalisti” adına layiq görüldüm. Həm “Mono Tamaşalar”, həm də “Naməlum Kino” festivalında məndən müsahibə alan TV jurnalisti  elə başa düşmüşdü ki, mən həmin aktrisanın bacısıyam. Yəni inanmamışdı ki, bir adam həm aktrisa, həm də jurnalist kimi birincilik əldə edə bilər.

Jurnalistika ilə mən sırf peşə olaraq “Space” telekanalından başladım. Maqazin proqramı olan “Bazar” verlişindən.. Çünki artıq teatr sənətindən ayrılmışdım. Mənə çoxları sual verir, sən niyə teatrdan ayrıldın ki, ən yaxşı rollar sənin olub, efirlərə dəvət ediblər, festivallara qatılmısan, qalib olmusan, qastrolları gəzmisən, səhnə ustasısan - inanın səmimiyyətimə, heç özüm də bilmirəm niyə ayrıldım...

Beləcə, şou-biznesə gəldim. O vaxt məndən bir aktrisa kimi yazan jurnalistlər sonra  məni öz sıralarında görəndə çox təəccübləndilər. Onlara dedim ki, istədiyim sualı sizdən ala bilmədiyim üçün o sualın ardınca yanınıza gəldim... Amma inanın, hələ də o sualı axtarıram...

Televiziya jurnalisti olmağımın üstündən bir il keçmədi ki, aparıcı kimi fəaliyyət göstərdim- beləcə, həm jurnalist, həm aparıcı oldum... Daha sonra “Lider” TV-də redaktor kimi çalışdım. Sonra layihə rəhbəri, müəllif və rejissor kimi “Lider” TV-də ilk olaraq idmançıların maqazin proqramını yaratdım. “Sport Maqazin” verilişi çox qısa vaxt ərzində idmançıların ən sevimli proqramı oldu.

Əslinə qalsa, mən heç bir zaman öz sahəmdən ayrılmamışam.. Sadəcə öz ixtisasıma başqa aspektlərdən yanaşdım. Mən elə indi də öz sahəmdəyəm. Hazırda “Bakıfilm” ilə əməkdaşlıq edirəm.

Yazmağı sevirəm. Əlbəttə, jurnalistikaya gəldiyim üçün razıyam. Ona görə yox ki, siz məni saytda dərc edəcəksiniz və mən “RAZIYAM” - deməliyəm, XEYR! Ona görə sevirəm ki, jurnalistika məni insanlara yaxın edib, onların istək və arzularını öyrənmişəm, özümə gözəl dostlar qazanmışam. Bəli, neqativ hallara da rast gəlmişəm, amma o nüanslar mənə dərs olub, səhvlərim mənə çox şey öyrədib. Biz insanlar peşəmizdən asılı olmayaraq, səhvlərə meylliyik.. Əslində bu normaldı. Ən əsası odur ki, nəticə çıxaraq və ən azından eyni səhvi iki dəfə təkrar etməyək. Bir də jurnalistikadan ona görə razıyam ki, insanları, müxtəlif xarakterləri öyrənirəm. Bunlar da sənətimə tam uyğundur. Axı mən rejissoram, müsahibə aldığım hər kəs mənim üçün həm də maraqlı personajlardır”. 

“Anspress.com” saytının əməkdaşı İdrak Camalbəyli hüquqşünas olmaq istəyib: “Mən ixtisasca hərbi hüquqşünasam. 1994-cü ildə Hərbi Akademiyaya qəbul olmuş, 1999-cu ildə bitirmişəm. İxtisasım üzrə işləməmişəm.

Orta məktəbi 1992-ci ildə qurtarmışam. Hüquq sahəsinə həvəsim olub. Uşaqlıqdan arzum olub ki, hüquqşünas kimi bir sistemdə işləyim. O vaxt hüquqşünaslığa qəbul üçün imtahan verdim, müəyyən miqdarda bal çatmadı, getdim hərbiyə daxil oldum. Hərbi Akademiya onda təzə açılmışdı. Hərbi məktəbdə oxuduğumuz vaxt hərəkatla bir yerdə başlayan müəyyən bir dövr idi. Həm jurnalistikaya marağım olub, həm də demək olar ki, hadisələrin inkişafı məni bu episentrə atıb. O zaman bügünki kimi geniş informasiya almaq imkanlarımız yox idi. Mətbuatı, əsasən Rusiya mətbuatını oxuyurduq, maraqlanırdıq. İstər-istəməz bu sahəyə maraq, istək var idi. Hardasa 2001-2002-ci ildən tam olaraq jurnalistikaya gəldim. Mətbuatda çalışan adlı-sanlı jurnalist dostlarımız var, elə onların sayəsində, onların ətrafında mətbuata gəldim. “Bakı-Xəbər” qəzeti ilə başladım, uzun müddət orada işlədim. “Yeni Müsavat”, “Ölkə”, “Paytaxt sabah” qəzetlərində çalışmışam. Sonra 2-3 il Rusiyada, əsasən Moskvada jurnalist kimi fəaliyyət göstərmişəm. Hazırda “Anspress.com” saytının axşam növbəsində jurnalistəm.

Jurnalistikaya gəldiyimə görə demək olar ki, heç bir peşmançılıq hissi yoxdur. Bu sahə həqiqətən çox maraqlıdır, istər-istəməz insana maraqlı gəlir. Jurnalistikada çalışdığım üçün tam razıyam. Xoşuma gəlir. Təəssüf də keçirmirəm ki, 5 il hərbi məktəbdə əziyyət çəkmişəm, oxumuşam. Hərbi sahədə də biliyim, bacarağım var. Ehtiyac olsa, o sahədə də daim hazıram”.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi