Modern.az saytı “Məşhur filmlərdən məşhur sitatlar” adlı yeni rubrika təqdim edir. Burada adından da göründüyü kimi, filmlərdə işlədilən və sonradan zərbi-məsələ çevrilən, insanlar arasında tez-tez işlədilən söz nümunələrindən danışılacaq.
İlk diqqət çəkən ekran əsəri hamımızın sevə-sevə baxdığımız, özündə müharibənin ağrı-acılarını, sarsılmış insan hissiyatını çox böyük ustalıqla əks etdirən “Şərikli çörək” filmidir. Təsadüfi deyil ki, 1969-cu ildə lentə alınmış bu film rejissoru Şamil Mahmudbəyova, ssenari müəllifi Alla Axundovaya dövlət mükafatı qazandırıb. Baş rolun - Vaqifin ifaçısı Kamran Rəcəbovun usta oyunu isə filmə bircə dəfə baxan tamaşaçının yaddaşına yazılıb.
Həmin filmdən bu gün də hafizəmizdən silinməyən sitatlar var və onlar el arasında zərbi-məsələ çevrilib. Beləliklə, “Şərikli çörək” filmini yadınıza salın:
1. Foks göstərmə səhnəsi: Bu səhnə filmdə cəmi bir neçə dəqiqəni əhatə edir. Görkəmli aktyor Əliağa Ağayev əsrarəngiz, məzə dolu danışığı ilə foks göstərən obrazı vasitəsilə bir neçə cümlə səsləndirir. O cümlələr bu gün də aktuallğını qoruyur::
“Baden-Badenin mavi gecələri”; “Fransız xalqı keyf eliyir”. Bu ifadələr illər keçməsinə baxmayaraq, unudulmur və hamı tərəfindən sevilir, yeri gələndə məsəl kimi işlədilir.
Elə həmin səhənədə səsləndirilən daha bir ifadəni yada salaq: “foks ustası”nın dediyi “İzahla 3 manat, izahsız 2 manat” cümləsi də bu günlə ayaqlaşan zərbi-məsələ dönüb.
2. “Uşaqda fərasətə bax eee, hamını aldadıb”. İndi də ən çox işlədilən bu cümləni həmin filmdə işi-gücü pəncərədən ona-buna söz atmaq olan Davud obrazı deyir. Bu sözlər filmin əsas qəhrəmanı Vaqifin ünvanına deyilirdi.
Amma Davudun ilişdiyi adam təkcə o deyildi. Pəncərədən boylanaraq, gizlincə saxladığı toyuq-cücəni tutub hinə salmaq istəyən Roza xalaya dediyi “Tut, tut... Bu gün-sabah sənin özünü də tutacaqlar” cümləsi də filmdəki replikalardan ən yaddaqalanıdır.
3. “Gələrsiz kontora danışarıq” - Bu sözlər “upravdom” Paşa Balayeviçə (aktyor Hüseynağa Sadıqov) aiddir. Bu gün də bəziləri kimisə yola verərkən zarafatla həmin ifadə işlədilir.
Yenə də Paşa Balayeviçin Davuda dediyi sözlər xüsusən də bu gün üçün çox aktualdır: “Bu istidə də adamın keyfin soruşarlar?”.
4. Filmdə epizodik xarakter daşımasına baxmayaraq, qırçı Məhəmməd obrazı da bir neçə məşhur sitatları ilə yadadşlarda iz qoyub. Aktyor Fazil Salayevin yaratdığı bu obraz öz qeyri-adiliyi ilə seçilir. Müharibənin bütün dəhşətləri, aclıq, çarəsizlik, qara məktublar, xəstə insanlar, bir sözlə bütün fəlakətlər sanki onun bir neçə saniyəlik baxışında əks olunur. Radiodan Bülbülün həzin səsi eşidilir, qırçı Məhəmməd başını yırğalayır.. Bu, insan əzabının, hər şeylə, acının bütün rəngi ilə barışan iradəsinin təsdiqidir. Məhəmmədin dilin dilimizə düşən sitatlar: “Yalan danışma indi heç kəs qırçı olmaq istəmir”; “İstirahətə getdi üç illiyə” (burada barmaqlarını göstərərək həbsi nəzərdə tutur).
5. “O boyda Çörçil bundan geyinir, bu hələ fikirləşir”. Bu məşhur cümlə “Kubinka” bazarındakı fırılaqdçı alverçilər müharibədən yeni qayıdan əsgəri aldadaraq, ona pencək əvəzinə bir-birinə bükülən boş kağızları sırıyan zaman deyilir. Bu ifadə yeri gələndə indi də işlədilir.
Filmdə təsirli səhnələr yetərincədir. Amma “sakit bomba” effekti olan faciə ilə dolu səhnələr də yox deyil. Buna bir misal: İsmayıl baba məsciddən çıxaraq Vaqiflə bazara gedir. Orada ərzaq, meyvə-tərəvəz alandan sonra evə dönürlər. Çörək “kartoçka”larını itirən və ac qalan Vaqif bazarlıqdan İsmayıl babagildə nahar edəcəyini düşünür. Amma evə çatha-çatda İsmayıl baba (Ağahüseyn Cavadov) “Hə indi sən get evə, axşam bizə gələrsən, Sona xala sənin üçün nə bişirsin?” deyərək hər şeyə möhür vurur. O günün-günorta çağı bir uşağı küçənin ortasında ac saxlayır. Bax budur əsl müharibənin təlafatı! Müharibə təkcə döyüşdə əsgəri öldürmür, o, arxa cəbhədə də ən nurani insanın mənəviyatını öldürür. İsmayıl babadan küsən Vaqif axşam ac yatır, amma yenə ora getmir. Deməli, müharibə laqeydləşmiş nurani yetişdirdiyi kimi, artıq iradəli və yaşından yuxarı böyümüş uşaqları da formalaşdıra bilib...
Elmin NURİ