Modern.az

İlham Əliyev bağlanışa gələn prezidentlə görüşdü

İlham Əliyev bağlanışa gələn prezidentlə görüşdü

Təhsil

28 İyun 2015, 18:55


İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev ilə görüşüb.

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rosen Plevneliyevi qarşılayıb.

Görüşdə Bakıda keçirilən birinci Avropa Oyunlarının əhəmiyyəti qeyd olunub. Bolqarıstan Prezidenti Rosen Plevneliyev tarixdə ilk dəfə baş tutan birinci Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib, Oyunların yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına bolqar xalqının təşəkkürünü çatdırıb. Rosen Plevneliyev onilliklər ərzində ideya kimi qalan ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycanın tarix yazdığını deyib. Bolqar idmançılarının Bakıda onlar üçün yaradılan şəraitdən heyran olduqlarını, bu şəraiti heç bir yerdə görmədiklərini deyən Bolqarıstan dövlətinin başçısı idmançıların yaşayış yerlərinin, idman infrastrukturunun çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev bir vaxtlar Avropa Oyunları ideyasına pessimist yanaşıldığını, standartları mövcud olmayan belə Oyunların lazımsızlığı barədə düşünənlərin olduğunu bildiribi. “Biz qərara gəldik ki, bu Oyunların standartı mümkün qədər ən yüksək standartlar olsun. İndi isə hər kəs görür ki, bu standartlar Yay Olimpiya standartlarıdır”, - deyən dövlət başçısı birinci Avropa Oyunlarının bəzi parametrlərə görə hətta Yay Olimpiya Oyunlarından daha da yüksəkdə dayandığını diqqətə çatdırıb. Azərbaycan Prezidenti digər ölkələrin nümayəndə heyətlərinin də birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini bildirdiklərini vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. Əlaqələrin siyasi, iqtisadi, energetika, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım