Birinci Avropa Oyunlarının həm açılış, həm də bağlanış mərasimləri çox möhtəşəm keçirildi. Azərbaycanın bu səviyyədə oyunlar keçirməsini istəməyənlər də var idi. Amma Azərbaycan bütün əks təbliğatlara baxmayaraq öz gücünü ortaya qoyub hər zaman yaddaşlarda qalacaq tədbir keçirdi.
Birinci Avropa Oyunları yaddaşlarda necə qalacaq?
Modern.az saytı bu sualla bir necə tanınmış şəxsə müraciət edib.
"Gündəlik Teleqraf" MMC-nin rəhbəri Aynur Camalqızı:
“Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çağdaş tariximizdə çox önəmli bir məsələdir. Azərbaycanın belə bir mötəbər oyuna ev sahibliyi eləməsi müsbət haldır. Bu idman oyunlarının başlaması və bitməsi ikiqat diqqətə alınmalı məsələdir. Çünki Birinci Avropa Oyunlarının istər açılış, istərsə də bağlanış mərasimi Azərbaycan xalqının mədəniyyətini, tarixini çox təntənəli şəkildə bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, hər iki mərasimlə Azərbaycan dövlətinin gücü, indiyə kimi və bundan sonrakı uğurları, Azərbaycan xalqının inkişafı, böyük mədəniyyətə sahib olması, mədəniyyət səviyyəsinin nə qədər güclü olması bir daha bu tədbirlərlə diqqətə çatdırıldı. Düşünürəm ki, istənilən Azərbaycan vətəndaşı bu tədbirlərin ölkəmizdə keçirilməsi ilə qurur duymalıdır. Çünki həddən çox qürurverici hadisələrin şahidi olduq. Gözümüzün bir tarix yazıldı. Biz o tarixin həm şahidləri, həm iştirakçıları, həm də tamaşaçıları olduq”.
Xalq artisti, müğənni Faiq Ağayev:
“Bu tarixdə keçirilən Birinci Avropa Oyunlarıdır. Təbii ki tarixlərdə qalacaq. Böyük Olimpiyada səviyyəsində keçirilən bir tədbir idi. bu danılmaz bir faktdır. Azərbaycanın dostları da, bizim uğurlarımıza qıcıqlanıb qara piar aparanlarda bu danılmaz qələbəni və həqiqəti etiraf eləməli oldular. Gələn dəfə oyunlar keçiriləndə alov yenidən Azərbaycandan götürüləcək. Azərbaycan təsdiq etdi ki, irimiqyaslı dünya tədbirini yüksək səviyyədə keçirə bilir. Cənab prezident çox gözəl bir fikir səsləndirdi: “Əvvəllər deyirdik Avropa və dünya standartları. İndi isə dünya idmanında Azərbaycan standartı var”.
Necə vaxtı bədnam qonşularımız tərəfindən edilən oğurluqlar bizi narahat edirdi. Onlar bizim milli mətbəximizə, musiqimizə, tariximizə əl atmaq istəyirdilər. Cavab olaraq “Sarı Gəlin” səsləndi, Azərbaycanın simvolu olaraq nar və simurq quşu göstərildi. Hətta bəzi qüvvələr Nizami Gəncəvinin Azərbaycan yazıçısı olmadığını iddia edirdilər. Amma onun əsərləri üzərində açılış mərasimi quruldu. Mərasim estetik, bədii və tarixi dolğunluq baxımından çox gözəl idi”.
Deputat Elmira Axundova:
“Birinci Avropa Oyunları yaddaşlarda çox böyük bir hadisə, tədbir, bayram kimi qaldı. Mən də həmin tədbirlərdə iştirak etdim, mətbuatda oyunlarla bağlı çıxışlar edib xalqımıza oyunların müsbət tərəflərini çatdırdım.
Biz Avropa Oyunlarını çox böyük uğurla başa vurduq. Bunu xarici ekspertlər, jurnalistlər daxil olmaqla hər kəs deyir. Görək, bizdən sonra kim hansı səviyyədə bu oyunları keçirəcək.
Bundan sonra bizim əsas məqsədimiz ondan ibarətdir ki, yeni tikilən böyük möhtəşəm stadionlardan səmərəli və tam effektli şəkildə istifadə edək. Biz bir sıra beynəlxalq və iri miqyaslı idman tədbirlərinin keçirilməsinə iddialı olaq. Çalışaq ki, yeni tikilən idman stadionları işsiz qalmasın. Bizə bundan sonra stimul olaraq mənfəət gətirsin. Əsas məsələ bundan ibarətdir. Fikrimcə, hökumətdə bunu çox yaxşı başa düşür. Gələcəkdə 3 mötəbər idman yarışı Azərbaycanda keçiriləcək. Azərbaycanın uğurları dayanmır.
Azərbaycan bir çox yarışlara ev sahibliyi edə bilər. Məsələn, artıq bizdə də üzgüçülük çempionatları, Mingəçevirdə yeni yaradılan şəraitə uyğun avarçəkmə yarışları keçirilə bilər. İdman nazirliyi və Olimpiya komitəmiz bu barədə düşünməlidir. Çünki artıq biz gündəmdəyik. Biz öz sözümüzü demişik. Artıq hamı Azərbaycanda yeni yaradılan idman obyektlərini gördü. Biz gərək yeni tədbirlərə ev sahibliyi edək ki, bizi yaddan çıxartmasınlar. Biz bu uğurları davam etdirək.
Düzü açılış mərasimi xoşuma gəldi. Çünki daha rəsmi di. Bağlanış mərasimi isə bir növ cavanlar üçün nəzərdə tutulmuşdu. Karnaval stilli bir mərasim təşkil olunmuşdu. Bunun da öz formatı var. Bu karnaval cavanlara məxsus idi. Amma o da çox möhtəşəm keçdi. Hər şey yüksək səviyyədə oldu.
Hamı da deyir ki, təşkilatçılıq səviyyəsindən Birinci Avropa Oyunları doğrudan da Olimpiya Oyunlarına oxşayırdı”.
Xalq artisti, aktyor Rasim Balayev:
“Hər şey öz möhtəşəmliyi ilə seçildi. Bütün işlər gözəl şəkildə təşkil olunmuşdu. Həm açılış, həm də bağlaş mərasimi uzun müddət yaddaşlarda qalacaq”.
Xalq artisti, bəstəkar Faiq Sücəddinov:
“Birinci Avropa oyunları çox yüksək səviyyədə təşkil olunmuşdu. Hər şey elə bir səviyyədə təşkil olunmuşdu ki, bizdən sonra kimsə bu cür tədbir keçirə bilməz. Əgər keçirilsə belə, çətin olacaq. Çünki hər bir dövlət o birindən daha maraqlı eləmək istəyir.
Bizdən sonra oyunları hansısa ölkənin elədiyimiz səviyyədən yuxarı qaldırması böyük sual altındadır. İnanmıram ki, kimsə bizdən yaxşı eləsin.
Hamı heyran içində, düşmənlər isə təlaş içindədir. Musiqimizin bütün inciləri mərasimlərdə səsləndi. Mərasimdə xalq mahnılarımız, muğamımız, bəstəkar mahnılarımız səsləndi. Sarı gəlinin səslənməsi başqa bir möhtəşəmlik idi. . Hətta Fikrət Əmirovun. Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Tofiq Quliyev, Arif Məlikovun, Azərbaycan qədim xalq mahnıları səsləndi. O qədər zəngin musiqi xəzinəmiz var ki, səsləndikcə bitmir”.
Sevin YASİNQIZI