Modern.az

Əli Məsimli bankların əhalinin başına açdığı oyundan DANIŞDI: “Bu, yolverilməzdir”

Əli Məsimli bankların əhalinin başına açdığı oyundan DANIŞDI: “Bu, yolverilməzdir”

30 İyun 2015, 10:56

“Fevralın 21-də manatın kəskin devalvasiyasından sonra əhalinin banklara inamı əhəmiyyətli dərəcədə azalıb”.

Bu haqda Modern.az saytına Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirib.

O qeyd edib ki, devalvasiyadan əvvəl Azərbaycan vətəndaşlarının banklara yetərincə etimadı vardı, ona görə də son illər banklara qoyulan əmanətlər sürətlə artırdı: “Hazırda bu inam azalıb. İnamın azalmasının əsas səbəbi şok devalvasiya, ikinci səbəbi isə devalvasiyadan sonra yaranan qeyri-müəyyənlikdir.

Konstitusiya Məhkəməsinin kreditlərin qaytarılması ilə bağlı problemi yüz faiz bankların xeyrinə həll etməsi də bu inamsızlığa əlavə inamsızlıq gətirdi.

Bəzi banklar manipulyasiya edərək, bəzi müştərilərin manatla olan kreditlərinin dollara çevrilməsinə nail olub və bu da ciddi narazılıq yaradıb”.

İqtisadçı deputat bildirib ki, bununla bağlı vətəndaşların ona ünvanladığı məktublarda da qeyd olunub: “Bizə göndərilən məktubların birində bank vətəndaşa bildirmədən manatla olan krediti dollara çevirib və ödənişi yeni məzənnə ilə tələb edir. Bu, yolverilməzdir.

Doğrudur, bəzi banklar dollar əmanətlərinin faiz dərəcəsini aşağı salıb. Amma sadalanan proseslər və bankların atdığı bu addımlar əhalinin banklara olan inamına ciddi zədə vurub. Yaxın dövr üçün manatın taleyi ilə bağlı qeyri-müəyyənlik əhalidə yaranan gözləmə mövqeyini davam etdirəcək. İnamı artırmaqdan ötrü milli valyutanın sabitliyini təmin etmək və əhalini buna inandırmağı bacarmaq lazımdır. Bankların devalvasiya ərəfəsi və ondan sonrakı dövrdə həm əmanətçilərə, həm də kredit alanlara qarşı münasibətini maraqların balanslaşdırılması istiqamətində dəyişdirmək lazımdır.

Hazırda elə vəziyyət yaranıb ki, manatla əmanət qoymaq faiz dərəcəsinə görə cəzbedici görünsə də, manat ətrafındakı qeyri-müəyyənlik hələ də davam etdiyindən, bu variant həm də xeyli riskli qiymətləndirilir.

Dollarla əmanətlərin faiz dərəcəsini o qədər aşağı salıblar ki, həmin faizlə əmanətin üzərinə gələn illik gəlir istehlak mallarının illik qiymət artımı nəticəsində pulun alıcılıq qabiliyyətinin itmə dərəcəsini örtə bilər. Ona görə də dollarla əmanətlərin faiz dərəcələrinin kəskin surətdə aşağı salınması əhalinin bu sahədəki pozitiv gözləntilərini aradan qaldırdı”.

Deputatın fikrincə, yaxın aylarda manat sabitlik nümayiş etdirərsə, əhalinin manatla əmanət qoyması qismən də olsa canlana bilər: “Kimsə inflyasiya itkisini qarşılamaq istəyirsə, pulunu banka dollarla qoya bilər. Bu zaman isə əmanətlərini banklardan geri çəkməyə üstünlük verə bilər. Ona görə də hökumət Mərkəzi Bankla birlikdə (kommersiya bankları və əhalinin maraqlarını qorumağa qadir mütəxəssislərin iştirakı ilə) obyektiv təhlil və əsaslandırmalara söykənən çoxvariantlı ssenarilər hazırlamalı və hər ssenariyə uyğun manevr etmək imkanı verə bilən tədbirlər kompleksini həyata keçirməlidir”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama