Azərbaycanda təşkil olunan ilk Avropa Oyunları uğurla başa çatdı. Bakıda keçirilən bu Oyunlar ilk olmaqla yanaşı, həm də möhtəşəmliyi ilə yadda qaldı. Azərbaycan öz fəaliyyəti ilə göstərdi ki, böyük tədbirləri belə yüksək səviyyədə təşkil etmək gücündədir. Bu Oyunlar, gələn qonaqlara göstərilən yüksək xidmət dünya miqyasında Azərbaycanın imicini daha da yüksəltdi.
Avropa Oyunları həm də Azərbaycan idmanının böyük uğurları ilə yadda qaldı. Belə ki, 17 gün davam edən oyunların sonu olaraq ümumkomanda yarışında ölkəmiz 21-i qızıl olmaqla, 56 medala sahib çıxdı və bu göstəriciyə görə 50 ölkə arasında ikinci yeri tutdu. Heç şübhəsiz, bu Oyunlar Azərbaycanın daha yeni-yeni uğurlara imza atmasında bir tramplin rolunu da oynayacaq.
Bununla bağlı Modern.az-a açıqlama verən Millət vəkili Fərəc Quliyev bu yarışlarla dünyanın bir daha Azərbaycanı tanıdığını bildirib: "Ölkəmizdə keçirilən bu Oyunlar təkcə idman yarışı deyil, həm də mədəniyyətlərin bir yarışı idi. Azərbaycan ciddi şəkildə özünün kimliyini, pasportunu bir daha ortaya qoya bildi. Çoxsaylı təzyiqlərin olmasına baxmayaraq, Azərbaycan sübut etdi ki, mədəniyyətlərin müxtəlifliyindən formalaşan bəşər mədəniyyətini inkişaf etdirən, onu yaradan, mütəşəkkil bir xalqdır. Azərbaycan cəmiyyəti dünyaya inteqrasiyada maraqlı olduğunu da göstərdi”.
Azərbaycan bir neçə sahədə uğur qazandı. Birinci növbədə onu göstərdik ki, böyük yarışların keçirilməsinə hazır və layiq olan xalqıq. Yarışlar həm də onu göstərdi ki, Azərbaycan ədalət, sülh və barışıq axtaran bir xalqdır. Onu göstərdik ki, Ermənistandan fərqli olaraq Azərbaycan heç də monoetnik dövlət deyil. Azərbaycan hamı ilə əməkdaşlıqda maraqlıdır. Oyunlarda hətta Ermənistan idmançıları da iştirak etdi. Bu yarışlar Azərbaycanın həmçinin sabit və inkişaf edən ölkə kimi xarici investorların ölkəmizə cəlb olunması baxımından da mühüm əhəmiyyət kəsb etdi. Bu gündən sonra da Azərbaycanda hər bir sahədə irəliləyişlər olacaq”.
Modern.az