Modern.az

“140 ilin jurnalistləri” - XIX əsrin məlum və naməlum jurnalistləri...

“140 ilin jurnalistləri” - XIX əsrin məlum və naməlum jurnalistləri...

30 İyun 2015, 14:23


İyul ayının 22-də Azərbaycan milli mətbuatının yaranmasının 140-cı ili tamam olacaq. 1875-ci ilin bu günündə dövrün mütərəqqi fikirli ziyalısı Həsən bəy Zərdabi  (Məlikov) böyük çətinliklər hesabına “Əkinçi” qəzetini yaradıb. Həmin tarix Azərbaycan mətbuat tarixinin yaranma günü kimi qeyd olunur.

Modern.az saytı bu gündən etibarən 140 illik bu yolun xidmətçiləri olan jurnalistlərin hamıya məlum olan simaları ilə yanaşı, o qədər də tanınmayan nümayəndələrini təqdim edəcək. Öncə Azərbaycan mətbuat tarixinin parlaq dövrü olan XX əsrin əvvəlləri üçün hazırlıq mərhələsi rolunu oynayan XIX əsrin sonundakı jurnalistika və onun nümayəndələrinin bəziləri haqqında məlumat verək.

XIX əsrin sonlarındakı mətbuat nümunələri:

Azərbaycan mətbuatının ilk nümunəsi sayılan “Əkinçi” haqqında kifayət qədər danışılıb. Mətbuat tarixçiləri, filoloq, filosof və sosioloq alimlər öz araşdırmalarında  “Əkinçi” və onun baş mühərriri olan Həsən bəy Zərdabiyə  kifayət qədər yer ayırıblar. Qəzetin böyük çətinliklər hesabına cəmi 56 nömrəsi işıq üzü görsə də, qısa müddətdə demək olar bütün ciddi məsələlərə toxuna bilib. “Əkinçi” məlum problemlər səbəbindən 1877-ci ildə bağlansa da, özündən sonra XX əsrə qədər bir neçə mətbuat orqanının yaranmasına səbəb oldu. Bunlar “Ziya”,  (“Ziyayi Qafqaziyyə”), “Kəşkül”, “Kaspi” və Krımda nəşr olunan “Tərcüman” qəzetidir. 
 
“Ziya” qəzeti və yazarları

1879-80-ci illərdə “Ziya”, 1880-1883-cü illərdə “Ziyayi-Qafqaziyyə” adı altında nəşr olunan qəzet uzun müddət “Əkinçi”dən sonrakı mətbuat boşluğunu doldurublar. Həftəlik, ədəbi, ictimai, siyasi qəzet rolunu oynayan  “Ziya” Şamaxı və Tiflis şəhərlərində işıq üzü görüb. Qəzetin baş redaktoru və naşiri Səid Ünsizadə idi.

Qafqaz canişinliyi baş idarəsinin təqdimatı ilə 1877-ci ildə Səid Ünsizadə Zaqafqaziya Ruhani İdarəsinə ezam olunan Səid Ünsizadə iki aya yaxın orada çalışır. O 1884-cü ilədək Tiflisdə yaşayıb və ruhani idarəsində çalışıb. Tiflisin ədəbi-mədəni mühiti onun arzusunda olduğu qəzet nəşri və mətbəə yaratmaq kimi dövrün ən mütərəqqi ideyasını həyata keçirməyə imkan yaradır. “Ziyayi-Qafqaziyyə” qəzetinin 1881-ci ildə nəşr olunan 16-cı sayında bu istək lakonik şəkildə təsvir edilib: “Neçə vaxt idi ki, mətbəə və mətbuat işini əmələ gətirmək arzusunda idik ki, mətbəəmiz Bərgunə şəhərdə olsun ki, orada cümlə əsbab mühəyya olsun. Aşkardır ki, Qafqazda Tiflisdən başqa bu mətalibin pinerəftinə şayistə yer yoxdur”.

Qəzetdə xarici və daxili xəbərlər, günün reallıqları ilə ilgili felyetonlarla yanaşı, istinadla xarici agentliklərin informasiyaları da işıqlandırılırdı. Qəzetin  “Ziya” adı altında 76, “Ziyayi Qafqaziyyə” adı altında isə 107 sayı işıq üzü görüb.

Əsas yazarlar isə bunlar olub: Səid Ünsizadə, Kamal Ünsizadə, Cəlal Ünsizadə,  Nəcəf bəy Vəzirov, Seyid Əzim Şirvani, Aleksandr Çernyayevski.

Qəzet rejimin siyasi təzyiqləri ilə yanaşı, həm də ictimaiyyətin, xüsusən də dini zümrələrin təqibinə məruz qalırdı.

“Şərq” qəzetinin baş redaktoru, arşadırmaçı Akif Aşırlı “Azərbaycan mətbuat tarixi” əsərində bu haqda yazır:

“Hacı Səid Əfəndinin işi təkcə senzorlarla deyil, özünün də mənsub olduğu ruhani zümrəsinin təhdid və təzyiqlərini dəf etmək idi. 1879-cu ilin zilhiccə ayının 10-da Tiflisdə Qurban bayramı münasibətilə keçirilən mərasim barədə “Qurban bayramı” başlıqlı məqalə dərc edən “Ziya”nın ruhanilərlə uzun bir çəkişməsi başlayır. Mərasimdə xütbə oxuyan Əhməd Əfəndi barəsində məqalədə əksini tapmış “pis, xoşagəlməz səsə malik olub, özünü “xoş avaz sayan” ifadəsi kəskin etiraz doğurur. Ən böyük təşvişə düşən, məqalə barəsində etiraz edən isə şübhəsiz ki, Əhməd əfəndi və onun baş üzvü olduğu müfti idarəsi idi. Özünü təhqir olunmuş hesab edən Əhməd əfəndi müfti Hüseyn Əfəndi Qayıbova şikayət etməklə kifayətlənməmiş, Qafqaz canişinliyinin ruhani idarələri üzrə nəzarətçisi knyaz Çordcadzeyə də ərizə verib, tədbir görülməsini xahiş etmişdi. Əhməd əfəndi “Qurban bayramı” məqaləsini rus dilinə çevirib şikayət ərizəsinə əlavə etmişdir. Təhqir olunduğunu iddia edən Əhməd əfəndi özünün sonrakı donoslarında qeyd etdiyi kimi ruhani idarələri üzrə nəzarətçi onun şikayətinə laqeyd yanaşmış, Səid Ünsizadə cəzasız buraxılmışdı”. 

“Kəşkül” jurnalı  -  “Ziyayi - Qafqaziyyə” qəzeti süquta doğru getdiyi dövrdə Tiflisdə buraxılırdı. “Ziyayi - Qafqaziyyə”nin redaktoru Hacı Səid Ünsizadənin ortancıl qardaşı Cəlal Ünsizadə idi. 

Cəlal Ünsizadə 1876-cı ildə Tiflisə köçmüşdü. O, ilk illər pedaqoji fəaliyyətini davam etdirmiş, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açmışdı. Səid Ünsizadə “Ziya” qəzetini nəşr etməyə başlayanda Cəlalı da qəzetçiliyə cəlb etmişdi.

Cəlal Ünsizadə müstəqil qəzet çıxarmaq fikrinə 1882-ci ildə düşmüşdü. Həmin il mayın 1-də Qafqaz canişininin baş idarəsinə yazdığı məktubda o, “Kəşkül” adlı jurnal çıxarmaq istədiyini bildirmişdi. Onun xahişi 1883-cü ildə yerinə yetirildi. Həmin ilin yanvar ayında jurnalın birinci nömrəsi çıxdı.

Cəlal Ünsizadə jurnalı çətin şəraitdə buraxırdı. Mətbəə avadanlığı çatışmırdı. İşçi qüvvəsi yox idi. Şagird dəftərindən azca böyük olan iki həftədə bir çıxarılan, cəmi 10-15 səhifədə buraxılan jurnala böyük əmək sərf edilirdi. Cəlal Ünsizadə təhsil görmüş gəncləri redaksiyaya cəlb etmək üçün lazımi səy göstərirdi. O zaman Tiflisdə işləyən azərbaycanlı müəllimləri tez-tez redaksiyaya dəvət edirdi. 1883-cü ildə Tiflis gimnaziyasının 6-cı sinfində təhsil alan Məmməd Kəngərlini redaksiyada məsul katib vəzifəsinə işə götürmüşdü.

Jurnalın redaksiyası Tiflisdə dar bir küçədə iki yarıqaranlıq otaqda yerləşirdi.
Məmməd Kəngərlinin vəzifələrindən biri Rusiya qəzetlərini diqqətlə oxumaq, lazımi materialları tərcümə etmək idi.

C.Ünsizadə və M.Kəngərli məqalələrin tərtibi və jurnalın nəşri məsələlərinə də bilavasitə özləri nəzarət edirdilər.

“Kəşkül” 11 nömrə jurnal şəklində çıxdıqdan sonra C.Ünsizadə onu qəzetə çevirdi.

“Ziya” qəzetinə nisbətən “Kəşkül”ün həm mövzu dairəsi geniş, həm də məqalələrin yazılış forması müxtəlif idi. “Kəşkül” həyatın hər sahəsindən məlumat verən zəngin materiallar “çantasına” bənzəyirdi. Qəzetə “Kəşkül” adı verilməsi elə bununla əlaqədar idi.

C.Ünsizadə “Kəşkül”də ərəb, fars və rus dillərində də materiallar verməyi nəzərdə tutmuşdu. O, bir sıra Şərq ölkələrində qəzet üçün müxbirlər yetişdirmək, həmin ölkələrdən maraqlı yazılar dərc etmək niyyətində idi.

Redaktor bu təşəbbüsünü yerinə yetirə bilmədi. O, təkcə qəzetdə ara-sıra farsca və rusca verilən məqalələrlə kifayətləndi.

“Kəşkül”ün müxbir heyəti və müəllifləri aşağıdakılardan ibarət olub: Azərbaycan yazıçı və publisistlərindən H.Zərdabi, S.Ə.Şirvani, F.B.Köçərli, M.Şahtaxtinski, S.M.Qənizadə, M.Sultanov, S.Vəlibəyov, G.Kəngərli, Ə.Qayıbov, R.Axundov, A.Çerniyayevski qəzetə bədii əsərlər, publisist məqalələr yazırdılar.

XIX əsr jurnalistikasının fədakar yazarları:

Səid Ünsizadə - adını bir neçə dəfə çəkdiyimiz Səid Ünsizadə XIX əsr Azərbaycan jurnalistikasının ən zəhmətkeş nümayəndələrindən olub. Atası şair Əbdürrəhman Ünsinin təxəllüsünü sonradan jurnalistika və maarifçilik tarixinin ən güclü nümayəndələri olan 3 qardaş - Səid, Kamal, Cəlal özlərinə soyad kimi götürdülər. Tədqiqatçı Akif Şahverdiyev Səid Ünsizadənin  jurnalistika tariximizdə göstərdiyi fədakarlığı bir detalla belə ifadə edib:

“Səid Ünsizadə “Ziya”nın nəşri üçün xüsusi mətbəə yaratdı. Bu barədə “Ziyayi - Qafqaziyyə”nin 1881-ci il 2-ci nömrəsində deyilir: “Necə bir lazıməli əhvalatlara nəzərən basmaxana büsatın Tiflisdə açmağa qərar verdik. Və basmaxana əsbabının cümləsini mühəyya eylədik. Və ruzbəruz təkmilinə dəxi səy edəcəyik. Və nobəno baqaidə kitablar dəxi çıxaracayıq. Amma aşkardır ki, bununla iş irəli getməz. Məsəldir ki, bir ev bir eli tikə bilməz, bəlkə bir el bir evi tikə bilər. Bəlkə bu barədə hər bir tərəfdən həmiyyət və iltifat göstərmək lazımdır. Və hər kəs basmaxana və qəzetimizi özünün hesab etməlidir”.

İsmayıl bəy Qaspiralı - Krım tatarı olan İsmayıl bəy Qaspiralı müsəlman dünyasında elmin, maarifin inkişafının vacibliyini qeyd edən ilk ziyalılardan olub. Azərbaycanda yaşamasa da bir çox Azərbaycan ziyalıları- Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Səid Ünsizadə və başqaları ilə mütəmadi əlaqələr saxlayıb. Onun məşhur “fikirdə, dildə və işdə” birlik ideyası sonradan bütün Azərbaycan mətbuatının əsas tezisi oldu. Yaşca özündən gənc olan Azərbaycan maarifçilərinə (konkret olaraq Əli bəy Hüseynzadəyə) yazdığı məktubunda “nə yazırsansa yaz, amma onu mürəkkəblə deyil, ürək qanı ilə yaz” cümləsi həm XIX əsrin sonu, həm də XX əsrin əvvəlləri Azərbaycan jurnalistikasının proqramı oldu. Böyük maarifçi mütərəqqi ideyalarını əsasən “Tərcüman” qəzetində çap etdirib.

Əsgər ağa Gorani -  Əsgər ağa Azərbaycan mədəniyyətində öz yеri olan görkəmli simalardan biridir. O, yazıçı, aktyor, tеatrşünas, tərcüməçi və jurnalist kimi fəaliyyət göstərib. Milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da “Lənkəran xanının vəziri”, bir ay sonra isə “Hacı Qara” əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Goranidir.

Gimnaziyada Nəcəf bəy Vəzirovla dostluq edən Əsgər Goraninin müəllimləri, Həsən bəy Zərdabi olub və  onların xətrini çox istəyərdi. Onun söhbətləri gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadardı. Günlərin birində Həsən bəy deyib: “Ağıllı balalar, bu əsərləri mənə Mirzə Fətəli göndərib. Rica edirəm, oxuyun, onlardan birini seçib səhnəyə çıxardaq”.

Hələ teatr, səhnə, kütləvi gülüş yığıncağı nədir bilməyən gənclər sevimli müəllimlərinin məsləhətinə əməl edib əsərləri maraqla oxudular. Hamısının fikri üst-üstə düşdü ki, hər iki əsəri oynasınlar. Həsən bəy də bu qənaətlə razılaşdı. Rollar bölüşdürüldü, məşqlər başladı, ilk teatr elanları yazıldı. Həmin vaxtdan da milli teatr sənətinin əsası qoyuldu. H.Zərdabi “Həyat” qəzetində yazmışdı: “Oynayanlar yaxşı oynadılar. Ələlxüsus Əsgərağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu camaatın xoşuna gəldi”. Əslində Əsgərağa Gorani peşəkar aktyor deyildi, amma onda komizmi ilə sərtlik xüsusiyyətlərini birləşdirmək istedadı vardı. Səhnə incəliklərini, nüanslarını həssaslıqla duyur, dərk edirdi. Oynadığı Hacı Qara rolunun timsalında dövrün ədalətsizliyinə, riyakar mövqelərə, saxtakarlığa, yalanlara, qorxaqlıq və şərəfsizliyə nifrətini bildirmişdi. Onun qrimdə camaat qarşısına çıxması daxili emosiyasından, bu yolla fikirlərinə aşkarlıq gətirmək istəyindən yaranmışdı. Əsgər ağa gimnaziyanı qızıl medalla bitirib təhsilini davam etdirmək üçün Moskvaya getdi. Nəcəf bəy Vəzirovla birlikdə Kənd Təsərrüfatı Akademiyasında oxudu. Orada da cəhalətdən, avamlıqdan yaxa qurtarmaq, millətinin savadlanması üçün yollar axtarırdı.

“Əkinçi” qəzetinin ilk saylarını böyük həvəslə oxuyan Əsgərağa redaktor Həsən bəy Zərdabiyə məktub yazmışdı: “Keçən il kənd əhli ilə danışdım. Onlar hazırdır, əlləri qabara-qabara, üzləri tərləyə-tərləyə qazandıqları puldan üç manat cəm edib “Əkinçi”yə gətirsin. Amma çifayda, kənd əhli poçt adını eşitməyib, qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirib onlara paylamırlar”. Ə.Gorani “Əkinçi”nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. O yazıları indi də həyəcansız oxumaq mümkün deyil. Publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. “Qocalıqda yorğalıq” pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə almışdı. M.Lermontovun dilimizə çevirdiyi şeirləri indi də oxucuların xoşladığı əsərlər sırasındadır. Onun “Qara yel” romanı dünya xalqlarının 20-dən artıq dilinə tərcümə olunub.

Elmin NURİ

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI