2014-cü ildə Azərbaycanda bələdiyyələrə seçkilər keçirilsə də, bu gün bir sıra regionlarımızda bələdiyyə sistemində çalışmaq istəyənlər olduqca azdır. Azərbaycanın 30-dan çox kəndində insanlar bələdiyyələrdə işləmək istəmirlər. Bura Şəmkir, Goranboy, Gədəbəy, Lerik, Daşkəsən, Qazax və Yardımlı rayonlarının kəndlərini aid etmək olar. Bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində son illərdə qanunvericilik və dövlət sahəsində bir sıra addımlar atılır. Lakin bu gün də bələdiyyələr öz fəaliyyətlərini lazımi səviyyədə formalaşdıra bilməyiblər.
Milli Məclisin Regional məsələlər komitəsinin üzv Tahir Rzayev Modern.az-a açıqlamasında insanların bələdiyyələrə etimadsızlığının səbəbini bu qurumun işlək, çevik bir orqan olmaması ilə əlaqələndirib:
“Ötən il keçirilən seçkilər göstərdi ki, son illərdə ali təhsillilərin, mütəxəssisələrin, gənclərin, xüsusilə qadınların bələdiyyələrə seçilməyə həvəsi artıb. Ancaq etimadsızlıq da var. Bu da bələdiyyələrin yerlərdə yaxşı işləməmələri ilə bağlıdır. Onların təşəbbüsləri yoxdur, adamlarla münasibət qura bilmirlər, onlara kömək edə bilmirlər, diqqətli deyillər, müəyyən iqtisadi savadları çatmır. Bu səbəbdən insanlar bələdiyyələrdə çalışmaqdan imtina edirlər”.
Tahir Rzayev bir müddət işlədikdən sonra insanların bələdiyyələrdən uzaqlaşmaq istədikləri haqqında faktların da olduğunu qeyd edib. O, bunların arasında hətta bələdiyyə sədrlərinin olduğunu da vurğulayıb:
“Səbəb kimi isə bələdiyyələrə gəldikdən sonra yalnız əmək haqqı alacaqlarını düşünmələri ilə əalqələndiriblər. Amma bələdiyyə seçildikdən sonra buradakı çətinliyi, insanlarla işləməyin, vergi yığmağın çətin olduğunu görüb geri çəkilirlər.
Ona görə də dövlət və insanlar maraqlıdır ki, bələdiyəyə gələn adamlar savadlı, təşəbbüskar, iş görməyi bacarsınlar, onlara göstərilən etimadı doğrultsunlar”.
Komitə üzvü 15 il keçməsinə baxmayaraq, bələdiyyələrin əksəriyyətinin onlara gösətirlən etimadı doğrultmadığını da qeyd eidb.
“Bələdiyyələrin az hissəsi işləyir, qalanlar sanki dondurulmuş vəziyyətdədir. Ancaq dövlət büdcəsindən dotasiya verilməsini gözləyirlər. Belə ola bilməz. Bələdiyyələr yeni formalaşanda müəyyən torpaqları var idi və həmin əraziləri icarəyə verib ondan qazanc götürürdülər, amma o torpaqlar da tükənib. İndi torpağın icarəyə proseduru çətinləşib və onlar fikirləşib pul qazanmaqdan ötrü yollar axtarmalıdırlar.
Qanunvericiliyə görə bələdiyyə xidmət sahələri yarada bilər, bələdiyyə istehsal sahələri ilə məşğul ola bilər, bələdiyyələr iş adamları ilə müəyyən münasibətlər qura bilərlər. Bələdiyyələr əhali üçün ictimai iaşə xidmətləri yarada, məktəbdən kənar müəssisələr aça bilər.
Ancaq bunların heç bir təşəbbüsü yoxdur. Ona görə də vəziyyət belədir. Buna baxmayaraq, dövlət də maraqlıdır ki, bələdiyyə inkişaf etsin. Bunun üçün bələdiyyələr təşəbbüs göstərməlidirlər, bundan sonra insanların da bələdiyyələrə etimadı yüksələcək”.
Aytən ZƏHRA