“Taxılçılıq bitkiçiliyin mühüm və vacib sahəsi olaraq qalmaqdadır. Bu sahənin inkişafı əhalinin çörək və un məmulatlarına olan ehtiyacını ödəməklə yanaşı, yüksək kalorili heyvandarlıq məhsullarına olan tələbatın da ödənilməsində əhəmiyyətli rol oynayır. Heyvanların sağlam yetişməsində, ət, süd, yumurta istehsalında, əldə olunan məhsulun keyfiyyətli olmasında heyvanların qida rasionunda qüvvəli yem kimi istifadə olunan taxıl məhsullarının əvəzsiz rolu var”.
Modern.az xəbər verir ki, bu haqda kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov məlumat verib.
O qeyd edib ki, son zamanlar MDB ölkələrində də taxıl istehsalına xüsusi fikir verilir: “Ötən il Ukrayna adambaşına 1388 kiloqram taxıl istehsal etməklə Kanada (1800 kq), Avstraliya (1500 kq) kimi dünya liderləri hesab olan ölkələrin göstəricilərinə nisbətən yaxınlaşa bilib. Bununla yanaşı, 2013-cü ildə Qazaxıstan adambaşına 1070, Belarus 803, Moldova 747, Rusiya 637 kq taxıl istehsal edib.
Azərbaycanın 2014-cü ildə adambaşına 306 kiloqram taxıl istehsalı etməsi ilə bağlı açıqladığı rəqəm Ermənistanın (173 kq) və Tacikistanın (151 kq ) göstəricilərindən çox fərqli görünsə də, Ermənistan həmin ili adambaşına Azərbaycandan çox süd, yumurta istehsal edib”.
Vahid Məhərrəmov bildirib ki, Azərbaycan 2013-cü ildə adambaşına 170 kiloqram taxıl idxal etməklə yanaşı, həm də 37 min 300 ton unlu qənnadı məmulatları, 5 min 919 ton makaron, 32 min ton süd və süd məhsulları, 745 ton ət kolbasası, 5 min 147 ton mal əti, 2 min 550 ton quş əti, 133 838 baş iribuynuzlu, 160 min baş xırdabuynuzlu heyvan, 6 milyon 942 baş diri quş, 46 milyon 183 min ədəd quş yumurtası idxal edib.
“İdxalla bağlı sadalanan statistika faktiki olaraq Azərbaycanın 2013-cü ildə adambaşına 306 kiloqram taxıl istehsal etdiyi haqda məlumatın əsassız, yanlış olduğunu deməyə əsas verir”.
Gülşən RAUFQIZI