“Ağcabədi rayonunun məzunlarının buraxılış imtahanlarında ən aşağı nəticə göstərməsi məni çox təəccübləndirib”. Bu sözləri Modern.az-a açıqlamasında Ağcabədi rayonundan seçilən deputat Tahir Rzayev deyib. O qeyd edib ki, Ağcabədi rayonunda son 10 ildə ali məktəblərə qəbul olunan şagirdlərin sayı ildən-ilə artır:
“Bizdə prezident təqaüdünə layiq görünən tələblər də var. Çox təəssüf edirəm ki, yekunda Ağcabədi ana dili və riyaziyyatdan ən aşağı nəticə göstərən rayonlar sırasına daxil edilib. Bunun səbəbi araşdırılmalıdır. Doğrusu, rayonda təhsilə və təlimə böyük diqqət göstərilir, müəllimlərin bilik səviyyələri də yüksəkdir. Ağcabədidə ana dili fənni yüksək səviyyədə tədris olunub və bu sahədə güclü müəllimlər var. Hesab edirəm ki, nöqsanlar araşdırılmalı və aradan qaldırılmalıdır”.Gədəbəy rayonunun deputatı Sevinc Hüseynova məzunların aşağı nəticə göstərməsini kadr problemi ilə əlaqələndirib: “Gədəbəy rayonunda bir neçə ildir məsələ ilə bağlı ciddi problemlər var və bu yalnız pedaqoji kadrların çatışmazlığı ilə bağlıdır. Amma son 3 ildə 120-dən artıq gənc kadr rayonlara göndərilib və düşünürəm ki, bu öz müsbət təsirini göstərəcək. Eyni zamanda, Gədəbəydə də təhsildə ciddi irəliləyişlər olacaq”.
Bu il keçirilən buraxılış imtahanlarında Ağcabədi, Gədəbəy, Hacıqabul, Sabirabad və Daşkəsən rayonlarının məzunları ən aşağı nəticə göstərib.
Aytən ZƏHRA