Modern.az

““Bakı-2015”də könüllü qızların sayı oğlanlardan çox idi” - MÜSAHİBƏ

““Bakı-2015”də könüllü qızların sayı oğlanlardan çox idi” - MÜSAHİBƏ

Təhsil

1 İyul 2015, 16:28


“Bakı 2015” Birinci Avropa Oyunlarında könüllülərin cəlb olunması üzrə mütəxəsis Tural Hümbətov Modern.az saytının suallarını cavablandırıb.

- İndiyə kimi Azərbaycanda keçirilən tədbirlərdən fərqli olaraq Birinci Avropa Oyunlarında könüllülərin fəaliyyətindən daha çox istifadə olundu. Kimin təşəbbüsü ilə könüllülər oyunlara cəlb olundu?

- Dövlətimiz Birinci Avropa Oyunlarını Olimpiya oyunları səviyyəsində keçirməyi qarşısına məqsəd qoymuşdu. Bu da reallaşdı. Hər bir Olimpiya Oyunlarının keçirilməsində minlərlə könüllünün iştirakı vacibdir. Çünki müxtəlif sahələr var ki, orda könüllülər təşkilatçılarla bilavasitə işləyərək, kömək edirlər.
Sözsüz ki, belə bir böyük tədbirin keçirilməsində könüllülərin işi və onların birbaşa fəaliyyəti vacib məsələlərdən idi.

- Birinci Avropa Oyunlarında nə qədər könüllü iştirak edirdi?

- Ümumilikdə oyunlarda 12 min əməliyyat könüllüsü və 6 minə yaxın açılış və bağlanış mərasiminin könüllüsü iştirak edirdi.

- Könüllülər hansı kriteriyə üzrə seçilirdi?

- Əsas kriteriyə olaraq biz vətənə sevgini nəzərə alırdıq. Ondan sonra onların oyunlarda iştirak etmək istəyi, dil bilikləri, bacarıqları, təcrübələri və aktivlikləri nəzərə alınırdı.

- Könüllülər vəzifələrinə və fəaliyyətlərinə görə necə bölünürdü?

- Könüllülər 200-dən çox fəaliyyət sahəsində işlədilər. Onlar elektron formada müraciət etdikdən sonra müsahibəyə dəvət alırdılar. Müsahibə prosesində artıq könüllülər bu bölgüyə uyğun qruplaşdırıldı. Amma elektron qeydiyyat zamanı biz könüllülərdən soruşurduq ki, onlar hansı sahədə çalışmaq istəyirlər. Könüllülər də çalışmaq istədikləri sahəni qeyd edirdilər. Müsahibə zamanı da həmin sahə yoxlanılırdı ki, həqiqətən də könüllülər həmin sahədə işləyə bilərmi ya yox.

- Hansı yaş kateqoriyasına görə könüllülər seçilirdi?

- Ən azyaşlı könüllünün 16, ən böyüyünün isə 65 yaşı vardı. Könüllülük proqramı hər kəs üçün idi. Hər kəs müraciət edib könüllü kimi işləyə bilərdi. Amma universitet tələbləri və gənclər daha çox üstünlük təşkil edirdi.

- Könüllülər arasında qızlar, yoxsa oğlanlar daha çox üstünlük təşkil edirdi?

- Qızların sayı daha çox idi.

- Oyunlar zamanı fəaliyyət göstərən könüllülərə müəyyən məbləğin ödənildiyi deyilir. Həqiqətən də onlara az da olsa maaş ödənilib?

- Deyilənlərin hamısı şayiədir. Əməliyyat könüllülərinə heç bir məbləğ ödənilməyib. Könüllülükk adına uyğun olaraq tam könüllü fəaliyyəti göstəriblər. Könüllülər öz növbə müddətində onlara bizim tərəfimizdən müxtəlif simvolik hədiyyələr verilirdi.

Yalnız ofisdə işçilərə yardım edən könüllülərə yolpullarını təmin etmək üçün 40 və 90 manat ödənilib.

- Bundan sonra Azərbaycanda keçiriləcək mötəbər tədbirlərə könüllülərin cəlb olunması gözlənilirmi?

- Azərbaycanda Birinci Avropa Oyunlarına kimi belə bir könüllülük olmamışdı. Yəni bu qədər könüllünün bir tədbirdə iştirakı olmamışdı. Artıq könüllülər var. Onların hər biri növbəti tədbirlərdə ya könüllü kimi, ya da bizimlə birgə işçi kimi çalışmaq istəyir. Qarşıdan bir çox tədbirlər gəlir. Hər bir könüllü özünü yenidən tədbirlərdə sınamaq istəyəcək. Nəzərə alsaq ki, könüllülərin özləri təşkilatı baxımdan yetərincə təcrübəyə malikdirlər, düşünürəm ki, növbəti tədbirlər də onlar özlərini daha yaxşı göstərəcəklər.

Sevinc YASİNQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım