Modern.az

“Tələbələr pulsuz yataqxana və üç dəfə yeməklə təmin olunurlar” - SABAH qrupları layihəsinin rəhbəri ilə MÜSAHİBƏ

“Tələbələr pulsuz yataqxana və üç dəfə yeməklə təmin olunurlar” - SABAH qrupları layihəsinin rəhbəri ilə MÜSAHİBƏ

Təhsil

1 İyul 2015, 17:49


Azərbaycanın ali təhsil tarixində ilk dəfə tətbiq olunan SABAH qrupları layihəsində məqsəd xüsusi istedadı ilə seçilən və təhsildə göstəriciləri ilə fərqlənən tələbələrə yüksək keyfiyyətli təhsil almaq üçün əlverişli şəraitin yaradılması, ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsidir.

SABAH abreviaturasının açılışı savadlı, bacarıqlı, hazırlıqlı deməkdir. Bu qruplar məhz belə keyfiyyətlərə malik tələbələrdən formalaşdırılır. Mahiyyət etibarı ilə SABAH qrupları ali təhsil məkanında, ali təhsil müəssisələrində keyfiyyət, tədris, münasibət islahatının rüşeymidir.

2014/2015-ci tədris ilində SABAH qruplarında təhsil alan 688 tələbə artıq ilk ilini başa vurub.

Modern.az saytı SABAH qruplarının fəaliyyəti, burtada təhsil alan tələblərin göstəriciləri ilə bağlı Təhsil Nazirliyinin SABAH qrupları layihəsi icra komitəsinin rəhbəri Elçin Ağakişiyevlə söhbətləşib.

- SABAH qruplarında ilk tədris ilini başa vuran tələbələrin göstəriciləri necədir? Onlar özlərini doğrulda bildilər?

- SABAH qrupları bakalavr pilləsinin birinci kursunu bitirən tələblərdən ibarətdir. Onlar bizdə ikinci kursdan tədrislərini davam etdirirlər. Bizimlə olan ilk tədris ili bitib, amma təhsil sahəsində hər hansı layihənin nəticəsi uzunmüddətli olur. İlk qrupun nəticəsini biz iki-üç il sonra, onlar təhsili bitirdikdən sonra müşahidə edəcəyik. Amma bir ildən sonra bunları qeyd etmək olar ki, nəticələrimiz gözəldir, əlaçılarımız var, şirkətlərdə təcrübəyə gedən tələblərimiz çoxdur. Ümumiyyətlə, SABAH qruplarında xarici müəllimlərin, dil daşıyıcı müəllimlərin iştirakı, sahə mütəxəssislərinin gəlib mütəmadi olaraq tələbələrlə görüşməsi, tələblərin təcrübəyə getməsi, yay məktəbi (bu il 5 nəfərin İngiltərəyə getməsi) onu göstərir ki, ən azı mühit, münasibət, tələbənin oxumaq istəməyi və oxumaq qabiliyyəti üst-üstə düşərək özünü biruzə verə bilir və tələbə müsbətə doğru getməyə başlayır. Mütəxəssis olaraq əmək bazarına çıxanda yaxşı və ya pis olacağını zaman göstərəcək. İndidən nəsə demək tez olardı.

Əlaçılarınız çoxdur?

- Eyni ixtisas üzrə başqa qruplara nisbətən burada əlaçılar daha çoxdur. Amma burada obyektiv və subyektiv faktorlar var. Obyektiv faktorlar ondan iabrtətdir ki, istənilən halda daha yaxşı tələbə seçilib deyə, burada əlaçı tələblər daha çox olacaq. Amma biz yaratdığımız mühitdən, seçdiyimiz müəllimdən, onlara verdiyimiz təlimdən çox şey asılıdır. Müəllimləri biz nəinki xüsusi seçimdən keçiririk, eyni zamanda onlara xüsusi müqavilə əsasında perşəkar ali təhsil sahəsində çalışan qurumlar tərəfindən təlim verməyini təmin edərik. Bizdə 2014-2015-ci tədris ili üçün qəbulda SABAH tələbələrinin  ümumi sayı 700-ə yaxın idi. Onlar zatən qaymaqdırlar və seçilmiş tələbələrdir. Amma biz onlar üçün münbit mühit yaratmağa çalışırıq, müəllimlərə təlim veririk. Xarici dil mütəxəssisləri dəvət etmişik, hər il 180 saat ingilis dili keçirilir. Bunların əksəriyyəti dil daşıyıcıları, british Council mütəxəssisləri və seçilmiş yerli müəllimlərdir.

- SABAH qruplarına, buradakı təhsilə maraq varmı? Burada oxumaq istəyənlər çoxdur?

- İstənilən ölkədə, o cümlədən Azərbaycanda insanlar həmişə yeni layihələrdən bir az çəkinirlər. fikirləşirlər ki, bu necə olacaq, nəticəsi müsbət olacaq, yoxsa yox. Bu kimi məqamlar başlanğıcda var idi. Biz güclü təbliğat kampaniyaları keçirdik, Kütləvi İnformasiya Vasitələrində şəxsən çıxış etmişəm, tələbələrlə görüşürdük. Amma fakt göstərir ki, birinci il bitdikdən sonra tələbələr bu layihənin üstünlüklərini gördülər. Və sayda da artım var. Keçən il 700-a yaxın tələbə gəlmişdisə, bu il 1000-ə yaxın tələbə var. Artıq 1700-ə yaxın ikinci və üçüncü kurs tələbəmiz olacaq. SABAH yataqxanımızda regiondan gələn tələbələr pulsuz yataqxana və üç dəfə yeməklə təmin olunurlar. Regionlardan gələn tələbə artıq digərlərini də çəkir və həmin tələbələr məlumat əldə edəndə burada təhsil almağa cəhd edirlər.

- Yatqxanada əsasən hansı regiondan tələbləriniz var?

- İstənilən regiondan burada tələbə təhsil alır. Orada 300-ə yaxın tələbə yeri var. Rayon qeydiyyatında olan SABAH qruplarında oxuyan tələbələri ehtiyac olduqda biz bura yerləşdiririk.

- Keçən illə müqayisədə bu il ixtisas artımı olub? Həm də keçən il bəzi ixtisaslarda tələblərin sayı yetəri qədər olmadığı üçün o ixtisaslar üzrə qruplar açılmamışdı.

- Keçən il 53 ixtisas seçmişdik, Amma onların 33-ü üzrə qruplar yarandı. Bu il 65 ixtisas elədik ki, onun 40-dan yuxarı üzrə qruplar açıldı. İstənilən halda bu və ya digər səbəblərdən bəzi ixtisaslar üzrə tələbələrin sayı kifayət qədər olmur və bu qrup yaranmağına imkan vermir. Bu isə təlbələrdə böyük məyus hissi yaradır, çünki onlar da artıq SABAH qruplarında oxumaq istəyirlər.

- İlk imtahanlarda akademik borcu, kəsri olan oldu?

- Akademik borcu olanlar oldu. Çünki bizdə bəzi proqramlar fərqli olaraq keçirir və orada kredit borclar yaranır deyə, onlar yavaş-yavaş kredit borclarını verirlər. Bəzi hallarda imtahana girib kəsilənlər olsa da, bu çox azdır. Tək-tükdür, insandırlar və belə nəticələr də normaldır.

- Dərsdənkənar məşğələlər necə təşkil olunur?

- Əvvəlcə qeyd edim ki, auditoriya dərslərində fərq ingilis dilinə daha çox diqqət göstərilməsidir. Ali təhsil müəssisələrində il ərzində ingilis dili dərlsəri 45 saat, maksimum 90 saat olur. Burada dil fənlərini nəzərdə tutulmur. Amma digər fənlər üzrə ingilis dilinin tədrisi azdır. Amma bizdə bütün ixtisaslar üzrə hər il 180 saat ingilis dili keçiriləcək. Tələbələr ingilis dilində danışması deməkdir ki, onların məlumata çıxışları var, müsabiqələrdə, mübadilə priqramlarında iştirak edə bilərlər. Ümumiyyətlə gələcəkdə iş axtarışında bu, böyük üstünlük olacaq.

Auditoriyadan kənarda da bizim çox işlərimiz olur. Ən əsas işlərimiz tələblərlə mütəmadi, hər həftə müəyyən qruplar üzrə könüllülük prinsipi ilə görüşlər keçirilir. Məsələn elan veririk ki, bu həftə Starsburq Universitetinin prezidenti gəlib sizinlə görüş keçirəcək və Boloniya prosesi haqqında danışacaq. Tələbələr öz istəyi ilə qeydiyyatdan keçir və iştirak edirlər. SABAH qruplarında SABAH Karyera Mərkəzini yaratmışıq və adını da Deloitte SABAH Karyera Mərkəzi qoymuşuq. Bu şirkət özü öz istəyi ilə bizə mürciət edib və nələr edə biləcəyimizi müzakirə etdik, təklif etdik ki, belə kareya mərkəzi yaradaq. Bu çox populyar oldu. Çünki tələbələr başa düşdülər ki, burada akademik bilikdən başqa xüsusi qabiliyyətlə bağlı səriştələr verilə bilər. Bu tələbələr ictimai həyatda da fəaldır. I Avropa Oyunları zamanı da SABAH könüllüləri də fəal olublar. İnanırıq ki, bizim təlbələrimiz tək bilik və bacarıq deyil, zəngin sosial həyat sürməlidirlər. Çünki onlar yetişəndə və bazara çıxanda şəxsiyyət kimi formalaşmalıdırlar.

- SABAH qrupları üçün seçilmiş baza ali təhsil müəssisələrinin sayında artım var?

- SABAH qruplarında tədris və təhsil baza ali təhsil müəssisəsi kimi seçilmiş universitetlərdə baş verir. Misal üçün iqtisadi idarəetmə ixtisaslar qrupu, maliyyə, iqtisadiyyat, mühasibat uçotu, bank işi, audit və s. bir neçə universitetlərdə var. Amma baza ali təhsil müəssisəsi kimi biz Azərbaycan Dövlət İqtisad Universitetini seçmişik. Bu o deməkdir ki, bu ixtisas üzrə müraciət edən tələbə harada oxumağından asılı olmayaraq müraciət edəcək və sənədləri mərkəzləşdirilmiş qaydada, cənab nazirin əmri ilə həmin universitetə köçürələcək. Yəni tələbələr baza ali təhsil müəssisələrinə köçürülməyə başlayır və onların kontingenti sayılır. Birinci akademik tədris ili ərzində belə 7 baza ali təhsil müəssəsimiz var idi. Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti, Texniki Universitet, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Pedoqoji Universiteti. 2015-2016-cı tədris ilində baza ali təhsil müəssisələrinin sayı 11 olub. Bakı Slavyan Universiteti, Rəssamlar Akademiyası, Musiqi Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti bura əlavə olunub.

- Daha nə yeniliklər olacaq?

- Yeniliklər çoxdur. Bizim həvəsimiz, imkanlarımız çoxdur, tələbələr maraqlıdırlar. SABAH layihəsi Azərbaycan Respublikası ali təhsil məkanında uzunmüddətli, çoxşaxəli keyfiyyət dəyişikləri üçün tələb olunan şəraitin yaradılması və islahatların həyata keçirilməsi üçün bir təşəbbüsdür. Bunu nəzərə alaraq düşünürük ki, əhatəlik, tələbələrin, müəllimlərin sayı artacaq. İşə götürdüyümüz müəllimlər eyni zamanda başqa ali təhsil müəssisələrində də dərs deyirlər. Bu o deməkdir ki, bu təcrübə daha da yayılacaq və ona gətirəcək ki, bütün ali təhsil məkanı SABAH olacaq. Bizim məqsədimiz budur.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...