““Bakı 2015”Birinci Avropa Oyunları Azərbaycanın dünya çapındakı yerinin daha möhkəmlənməsi üçün böyük əhəmiyyət daşıyır.
Hesab edirəm ki, Qarabağ məsələsində ölkəmizin haqlı səsinin dünyada daha aydın şəkildə eşidilməsi üçün mühüm rol oynayacaq”.
Bunu Modern.az saytına Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev deyib.
“Bu oyunlar vasitəsilə Azərbaycan çox böyük imkana sahib olduğunu bir daha bəyan etdi, dünyəvi dövlət, böyük gücə, stabilliyə malik olduğunu göstərdi.
Bunların hamısı Azərbaycanın güclənən imicinə çox böyük töhfə verdi. Başlıcası isə dünya ölkəmizin siyasəti və istəyi haqda məlumat almış oldu.
İndi Bütün dünya Azərbaycanı inkişaf etmiş, stabil bir ölkə kimi qəbul edir. İndiki vaxtda bu çox önəmli məsələdir. Beynəlxalq dünya bundan sonra başa düşəcək ki, Azərbaycana qarşı nə qədər ədalətsizlik var. Qarabağ məsələsində haqlı olduğumuz qəbul olunur.
Təbii ki, bütün bunlardan sonra biz öz marağımızda olan məsələləri istədiyimiz tərzdə həll edə biləcəyik. Düşünürəm ki, bu Azərbaycana çox böyük uğurlar gətirəcək.
Azərbaycan dünyada həm siyasəti, həm düşünülmüş iqtisadiyyatı, həm də bir çox məsələlər ilə öndə gedən dövlətə çevrilib. Eyni zamanda Azərbaycan tolerant dövlətdir. Birinci Avropa Oyunları ilə Azərbaycan həm də idman dövləti olduğunu ortaya qoydu.
Düşünürəm ki, təkcə Birinci Avropa Oyunları ilə deyil, digər oyunlarla da Azərbaycan öz uğurları ilə bir daha dünyanı təəccübləndirə biləcək.
Təbii ki, dəyişikliklər ilə bağlı Azərbaycanın ərazi bütövlüyünün təminatı ilə bağlı bir çox işlər görülür, lazımi addımlar atılır. Bu istiqamətdə işlərin davam etdirilməsi çox vacibdir. Yəqin hiss etdiniz ki, idman yarışları zamanı insanlarımız oyunçularımızdan qələbələr gözləyirdilər.
Xalqımız qələbələr arzusundadır.
Azərbaycan Prezidenti bu qələbələri xalqımıza bəxş edəcək. Buna heç kəsin şübhəsi olmasın.
Bu gün iqtisadiyyatda, mədəniyyətdə, idmanda və s. sahələrdə qazanılan uğurlar işğal edilmiş ərazilərimizin azad edilməsinin başlanğıc nöqtəsidir”.
Sevinc Yasinqızı