Modern.az

Kənd Təsərüfatı Nazirliyi müstəqil ekspertlərə meydan oxudu

Kənd Təsərüfatı Nazirliyi müstəqil ekspertlərə meydan oxudu

2 İyul 2015, 11:51

Son zamanlar bir çox müstəqil ekspertlər Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi tədbirləri qənaətbəxş hesab etmir. Bunu isə quruma qeyri-ixtisas sahiblərinin rəhbərlik etməsilə əlaqələndirirlər.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az saytına həmin şəxsləri ekspert hesab etmədiyini deyib:

“Kənd Təsərrüfatı Nazirliyinin işini qiymətləndirən, ona şərh verənlər bu sahədən tamamilə kənar olan insanlardır. Mən onları heç ekspert hesab etmirəm”.

Nazirlik rəsmisi deyib ki, həmin ekspertlər tavana baxıb açıqlama verir: “Onlar ağıllarına gələni danışır. Hazırda Kənd Təsərrüfatı Nazirliyinə, nazirlik sisteminə, bölgələrə alimlər, yüksək peşəkarlıq qabiliyyətinə malik mütəxəssislər cəlb olunub. Nazir Heydər Əsədov və onun müavinləri iqtisadçılardır. Heydər müəllim iqtisad üzrə fəlsəfə doktorudur. İqtisadçı isə istənilən sahədə çalışa bilər. Onlar bu sahəni dərindən bilir və işlərinin öhdəsindən layiqincə gəlirlər”.

M.Hacıyevin sözlərinə görə, deyilənlər tamamilə yalnışdır: “Son dövr nazirliyə işə qəbul olunanların hamısı elmi dərəcəsi olan peşəkarlardır. Bitkiçilik şöbəsi aparıcı sahələrdən biridir. Bura aqrar elmlər üzrə fəlsəfə doktoru, aqronom İmran Cümşüdov təyin olunub. Bitki sortlarının qeydiyyatı və toxum nəzarəti üzrə dövlət xidmətinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Möhtəsim Əhmədovdur. Nazir müavini Seyfəddin Talıbov iqtisad üzrə fəlsəfə doktorudur.

Heyvandarlıq şöbəsinə kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Qalib Əbdüləliyev rəis təyin olunub. Və digərlərini də sadalamaq olar. Onlar kimi qeyri-ixtisas sahibi adlandırırlar onu başa düşmürəm... Mən mütəmadi olaraq mətbuata açıqlama verən ekspertlərin şərhlərini oxuyuram. Bunlar paytaxtda oturub havadan xəbər verirlər. Ekspert işi təhlil edə bilən, işin içində olan, bu sahədən başı çıxan, fermerlərlə təmasda olan bir şəxs olmalıdır”.

Sonda Murtuzəli Hacıyev nazirliyin işini bəyənməyən, bir sıra ittihamlar irəli sürən ekspertləri debata çağırıb: “Müstəqil ekspertləri nazirliyin ən aşağı vəzifə sahibilə debata çağırıram. İstəyir lap mənim özümlə. Mən 25 yaşımdan aqrar elmlər üzrə fəlsəfə doktoruyam. Və həmin vaxtdan da nazirliyin müxtəlif şöbələrində çalışmışam. Gəlsinlər istədikləri məsələ ilə bağlı faktlarını ortaya qoysunlar. Mən hesab edirəm ki, onların məqsədi sadəcə gündəmdə qalmağa xidmət edir”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama