Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisası üzrə II və III kurs tələbələri yay istehsalat təcrübəsi müddətində “Azərkimya” İstehsalat Birliyində təcrübə keçəcəklər. Bu məqsədlə BANM-in tələbələri rektor Elmar Qasımovun rəhbərlik etdiyi heyətlə birgə “Azərkimya” İstehsalat Birliyində olublar.
BANM-dən Modern.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan “Azərkimya” İstehsalat Birliyinin rəhbəri, millət vəkili Muxtar Babayev təcrübə müddətində tələbələr üçün istehsalat yönümlü proqram qurulduğunu dedi. O, Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsinin rəhbərliyini və tələbələrini “Azərkimya” İstehsalat Birliyində görməkdən məmnun olduğunu bildirdi. Muxtar Babayev gələcəkdə peşəkar mühəndis kadrlar kimi yetişməkdə bu təcrübənin tələbələr üçün böyük rolu olacağını bildirdi. O, “Azərkimya” İstehsalat Birliyinin yaranmasından da söz açdı, görülən işlərdən danışdı və tələbələrə uğurlar arzuladı.Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Azərkimya” İstehsalat Birliyinin rəhbərliyinə səmimi qarşılanmaya və burada yaradılan şəraitə görə təşəkkür etdi. Rektor Elmar Qasımov istehsalat təcrübəsinin tələbələr üçün çox vacib olduğunu bildirdi. O, bu imkanın tələbələrin gələcək karyerasında ilk addım olduğunu dedi. Elmar Qasımov əmək bazarında rəqabətin müasir dünyanın ən vacib məsələlərindən biri olduğunu vurğuladı. O, tələbələrə bu imkandan yararlanmağı tövsiyə etdi və onlara uğurlar arzuladı.
Ümumilikdə, BANM-in 38 tələbəsi “Azərkimya” İstehsalat Birliyinin strukturlarında istehsalat təcrübəsi keçəcəklər. Onlardan 18 nəfəri isə, 2 ay müddətində ödənişli əsaslarla təcrübə keçəcəklər. Belə ki, “Azərkimya” həmin tələbələrlə müvəqqəti əmək müqaviləsi bağlayacaq və onlar iki ay müddətində maaşla təmin olunacaqlar.