Modern.az

Deputat sərxoş sürücülərə ən ağır cəza istəyir

Deputat sərxoş sürücülərə ən ağır cəza istəyir

Təhsil

3 İyul 2015, 13:39

“Sərxoş sürücülərə qarşı cəzaların daha da sərtləşdirilməsi lazımdır. Çünki bu problem kifayət qədər aktualdır. Milli Məclisdə bu məsələni qaldırmaqla bərabər, biz cəzaların sərtləşdirilməsinə nail olmalıyıq. Yəni özümüz deyib, özümüz eşitməməliyik. Komitələr qarşısında məsələ qaldırmalıyıq ki, onlar qanunvericilik aktlarında bununla bağlı dəyişiklik hazırlayıb Milli Məclisin müzakirəsinə çıxarsınlar”.  Bunu Modern.az saytına Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, sərxoş sürücülərə qarşı tədbirlərin sərtləşməsi ilə yanaşı,  maarifləndirmə prosesi də aparılmalıdır: “Bir çox ölkələrdə artıq bu məsələnin aktuallaşması çox yaxşı haldır. Çünki statistika göstərir ki, qəzaların və qəza nəticəsində insan ölümünün başlıca səbəbi sürücülərin sərxoş vəziyyətdə sükan arxasına keçməsidir. Ümumiyyətlə, bunun əsas iki səbəbi var. Birincisi, sərxoşluqdur, ikincisi sürətdir. Bunun ikisinin də qarşısını almaq üçün təsirli tədbirlər görmək lazımdır. Sərxoşluğun qarşısını almaq üçün Cinayət Məcəlləsində sərt maddələrin əlavə edilməsinə ehtiyac var. Yəni, gözləmək lazım deyil ki, sürücü sərxoş olub insan öldürdükdən sonra 10-15 il müddətinə həbs olunsun. Onun qarşısını almaq üçün sürücü qəza törədənə kimi hansısa sərt tədbirlər görmək lazımdır. Çünki sürücü sərxoş vəziyyətdə maşın idarə etdiyi üçün həbs olunacağını bilsə, yəqin ki, artıq o sərxoş halda cəsarət edib sükan arxasına keçməz. Ona görə də sərxoşluqla bağlı maddələr sərtləşməlidir. Eyni zamanda, sərxoş vəziyyətdə olan insanların 5-10 il müddətinə sürücülük vəsiqəsindən məhrum edilməlidir. İnzibatı Xətalar Məcəlləsində və digər normativ hüquqi aktlarda da bu dəyişikliyi etmək lazımdır ki, böyük bəla olan qəzalar nəticəsində insan ölümlərinə son qoyulsun”.

Fəzail Ağamalının sözlərinə görə, Avropa ölkələrində sürücü və sərnişinlər maşına əyləşən kimi kəməri taxırlar: “Hətta ən yüksək vəzifəli məmur təhlükəsizlik üçün bunu edir. Amma bizimkilər bunu etmir. Bu məsələ də bizdə sərtləşməlidir. Əgər sürücü təhlükəsizlik tədbirlərinə görə cəzalandığını görsə, məcbur olub qaydalara əməl edəcək. Beləliklə də qəza və qəza nəticəsində ölüm halları azalacaq.

Əslində sürücülər özlərini və başqalarını ölümlə üz-üzə qoyurlar. Bunun üçün maarifləndirmə də aparılmalıdır. Sürücü başa düşüb dərk eləməlidir ki, qəza nəticəsində özü də həyatını itirir. Nəticə etibarı ilə ailəsi də yiyəsiz qalır. Eyni zamanda, sürücünün özü ilə bərabər yanındakı sərnişin və ya digər maşındakı şəxslər də ölür. Ona görə mən birmənalı şəkildə qəzaların qarşısını almaq üçün qanunvericilik aktlarında sərtləşmənin aparılmasını istəyənlərdən biriyəm. Bu gün də eyni fikirdə qalıram”.

Sevinc YASİNQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...