Filologiya üzrə elmlər doktoru, professor
Övladların valideynlərinə olan hörməti bir də odur ki, valideynlərinin üzünü ağartsınlar.
Bir kişi rəsullahdan soruşdu: “Valideyinin övlad üzərində haqqı nədən ibarətdir?”
Peyğəmbər buyurdu: “Onlar sənin cənnətin və cəhənnəmindir”.
Övlada gözəl tərbiyədən, yaxşı təhsildən qiymətli hədiyyə vermək olmaz. Ona görə də tərbiyəli övlad, bilikli övlad öz əməlləri ilə valideynlərinə həmişə rəhmət oxudur. Bu oxunan rəhmətlər də valideynlərə cənnət qazandırır. Eyni zamanda rəhmət qazanmayan valideynlər cəhənnəmlik olurlar.
Bir dəfə koordinasiya şurasının iclasında təsdiq olunan mövzulardan birinin adı çox qarmaqarışıq idi. Mən mövzunun adını hamının qəbul etdiyi, hamını razı salan bir formaya saldım. Bu, akademik Tofiq Hacıyevin ürəyincə oldu. Dedi ki, Allah atana rəhmət eləsin. Sonra məndən soruşdu ki, atan rəhmətə gedibmi? Dedim ki, bəli. Dedi ki ikiqat Allah rəhmət eləsin.
Ölülərə rəhmət oxutdurmaq lazımdır. Dirilər üçün ən böyük tərbiyə budur.
***
Böyük adamlar, istedadlı adamlar evdə, ailədə, qohumlar arasında adi olurlar. Ailədə, evdə, qohumlar arasında bəzən böyük adamların böyüklüyünü, istedadlı adamların istedadını görmürlər. Bunları (böyüklüyü, istedadı) qohumlar adi sayırlar.
***
Mənim içimdəki böyüklüyü, istedadı aurası müsbət olanlar tez görə bilir, tez duya bilirlər.
***
Filologiya üzrə elmlər doktoru, professor Adil Babayev dedi ki, bizim universitetdə (yəni Azərbaycan Dillər Universitetində) sizin tələbələriniz – məzunlarınız, ADPU-nun filologiya fakültəsinin məzunları magistraturada təhsil alırlar. Dahilərdən söhbət düşdü... Həmin magistrlər Buludxan müəllimin ... (!) qeyri-adi keyfiyyətindən ağızdolusu danışdılar.
Adil Babayev onu da dedi ki, Buludxan Xəlilov heç kəsə bənzəməyən, heç kəsə oxşamayan heç kəsi təqlid etməyən orijinal alim və şəxsiyyətdir.
***
İstedadlı adamlar ciddi olurlar. Bu ciddiliyin içərisində məsuliyyət, nizam - intizam və özünə inam olur.
***
Birisi nəşriyyatların birinin sifarişi ilə kitab yazır. Kitab tamamlanır, nəşr olunur. Ancaq nəşriyyat müəllifin qonorarını vermir. Müəllif nəşriyyata tez - tez getdiyindən yorulur, usanır. Günlərin birində maddi ehtiyacı olduğu üçün yenə də nəşriyyata üz tutmalı olur. Birdən nəşriyyatın yanında yerləşən bir mərmər sexinə gözü sataşır. Görür ki, sexin qabağında belə bir reklam yazılıbdır: Qəbir daşı, xatirə lövhəsi sifariş etmək istəyənlər müraciət edə bilərlər. Gözünə sataşan bu reklam hər şeyi dəyişir. O, hər bir şeyin sonunu yada salır. Əl - ayağı hər şeydən soyuyur. Beləliklə, qonorar almaq üçün nəşriyyata getmək fikrini dəyişir.
***
Dünyada insanın ömrünə, gününə balta vuran işlərdən biri də harasa tələsməkdir. Tələsə - tələsə insan ömrünü - gününü yeyir. Axı fikirləşəndə hər şeyin sonu vardır. Tələsmək isə insanı sona doğru aparır. Məntiq belə deyir, həyat isə bunu təsdiq edir.
***
Ucqar kəndlərin birində öz işini, məsuliyyətini yaxşı bilən məktəb direktoru müəllimlərinə nəzarət edirmiş ki, vaxtı - vaxtında dərslərinə getsinlər, dərsə yubanmasınlar. Bir gün belə olur ki, zəng içəri vurulur. Ancaq müəllimlərin bir qismi dərsə getməyə yubanırlar. Ağsaqqal müəllimlərdən biri görür ki, məktəb direktoru müəllimlərin bir qisminin dərsə yubanmasına əsəbləşibdir. Yeri gəlmişkən onu da qeyd edək ki, məktəb direktorunun pəncərəsindən kəndin qəbiristanlığı görünürmüş. Odur ki, ağsaqqal müəllimlərdən biri direktora yaxınlaşır. Onun qoluna keçib pəncərənin qabağına gətirir. Pəncərədən qəbiristanlığı göstərərək deyir ki, o, qəbiristanlıqda yatanların heç biri işini qurtarmayıbdır. Ancaq o biri dünyaya köçüblər. İndi məzarlarda uyuyurlar. Çox da narahat olma, bəzi müəllimlərin isə dərsə yubanmasına əsəbləşmə.
***
Zəlimxan Yaqub bir dəfə müsahibələrinin birində heyvanların hissiyyatının güclü olması barədə belə bir hadisəni danışdı. Dedi ki, o, Hüseyn Ariflə birlikdə ova gedibmiş. Meşəbəyi onların başının üstünü alır və deyir ki, indi sizə qeyri - adi bir hadisə göstərəcəyəm və qəribə bir səs çıxarır. Bu zaman onların ətrafına xeyli maral toplaşır. Meşəbəyi bir alma götürüb yeyir. Sonra ikinci almanı bir dəfə dişlədikdən sonra marallardan birinə uzadır. Həmin maral üz çevirib gedir. Meşəbəyi sübut etmək istəyir ki, görün maral nə qədər təmiz, həssas heyvandır. Ona görə də maral başqasının (hətta insanın) ağzı dəymiş meyvəni yemir, üz döndərib gedir.
***
Cavanlıq çağında çoxlu ov etmiş bir ağsaqqal mənə bir hadisəni danışdı. O, dedi ki, meşəyə donuz ovuna gedibmiş. Maqnitofona yazdırdığı donuz səsini səsləndirməklə ətrafına xeyli donuz yığır. Sonra onun üçün ov etmək asanlaşır.
Deməli, heyvanlar bir - birinin səsinə səs verə bilirlər. Bir - birinin səsinə (eynicinsli heyvanlar) toplaşa bilirlər.
***
Qara günüm, yaxud qara günlərim o vaxt başlayır ki, qarşıma biganə, laqeyd, etinasız, ürəksiz, qaraguruhçu, pis niyyətli adamlar çıxır. Onlar şeytan əməlləri ilə mənim qara günümə çevrilirlər.
***
Mənim üçün nə əvvəl, nə də axır vardır. Əvvəl yoxdur, ona görə ki, ora gedib çıxa bilmirəm. Axır yoxdur, ona görə ki, axıra qala bilmirəm.
***
Mən kimin qəlbində, sevgisində yoxamsa, həmin adamları axtarın. Görəcəksiniz ki, həmin adamlar yaxşı adam deyildir.
***
Haqqa, ədalətə , vicdana əyilmək onları dəyərə çevirir, onların hər birini qiymətli edir.
***
Hələ əllərini heç nədən, heç kimsədən üzmə. Sabah var və ona olan inam var...
***
Allah yaratdığı bəndələrinə hər şeyi səxavətlə vermək isəyir. Və verir də... Ancaq bədxah olan bəndələr min cür yolla bunun qarşısını almaq istəyirlər. Allah isə o bədxahlara gülür.
***
Sevgi olmayan yerdə hər şey soyuq məzar kimidir.
***
Dünyanın birinci qapısından içəri girdim. Bu qapıdan açılan qırxıncı qapını açmağa hələ ki vaxtım və zaman çatmayıbdır.
***
Bil ki, var olan hər bir şey tükənə də bilər.
***
Təsadüfi baş verən bir şey görünür ki, həm də zərurətdir.
***
Poeziyanın silahı mənalı və məqamında deyilən sözdür.
***
Dalğaların qayaya çırpılması çox əzəmətli və poetik görünür. Sadəcə olaraq bu mənzərəni görmək, gördükdən sonra duymaq, anlamaq lazımdır.
***
Əyilən adamlar bic olur, əyilən adamlar gic olur, əyilən adamlar əyri olur, əyilən adamlar öz işlərinin xatirinə ləyaqətdən, şərəfdən, mərdlikdən uzaq olurlar.
***
Əyilməyi özünə vərdiş edənin birisi deyir ki, o, ona görə əyilir ki, sonra dikələ bilsin. Dikəlmək deyəndə o, dolanmağı, yaşamağı nəzərdə tutur. Beləliklə, o, əyilməyi, bu aciz işi həyatının tərkibinə çevirir.
***
Hər bir şeyə hazır olmaq lazımdır. Yaşamağa da, yaratmağa da, mübarizəyə də, hətta ölməyə də...
***
“Qurban olum düşmənə, qoymur məni düşməyə”. Bu fikirlər nə qədər mənalı və məzmunludur. Bu fikri deyilənlərə görə, Zərifə xanım Əliyeva (Heydər Əliyevin həyat yoldaşı) deyirmiş.
***
Ölülərdən yox, dirilərdən qorxmaq lazımdır. Lakin insanlar bunun əksinə əməl edirlər. Dirilərdən yox, ölülərdən qorxurlar...
Birisi qəbristanlığın yanından keçirmiş. Görür ki, bir kişi qəbirlərin birinin yanında dayanıb. Elə dayanıb ki, üzü görünmür. Qəbristanlığın yanından keçən ona üzünü tutub deyir ki, məni qəbristanlığın yanından keçir, mən qorxuram. O isə üzünü çevirib gedir, buna məhəl qoymur. Arxadan onu qorxan adam tez-tez çağırır. Bu çağırışın müqabilində o geri dönüb deyir ki, mən də ölülərdən qorxuram.
Nəyə görə insanlar dirilərdən yox, ölülərdən qorxurlar? Bunun sirrini heç kəs bilmir. Görəsən nəyə görə insanlar ölülərdən qorxurlar?!
***
Yaşamaq o qədər də asan deyil. Asan olmadığı üçün günlərin bir günü ağsaqqal bir kəs cavana üzünü tutub deyir ki, biz öz ömrümüzü bu dünyada yaşadıq, başa vurduq. Vay siz gənclərin halına.
***
Aqşin Babayev deyir ki, birisi onun hal - əhvalını soruşur. Hal - əhvaldan sonra deyir ki, yaxşı ki, torpağın üstündəyəm, torpağın altında deyiləm.
Doğrudan da, torpağın hikməti adamı dəhşətə gətirir. Torpaq insanları üstündə də gəzdirir, torpaq insanı qoynuna alıb öz bağrında uyudur da. Torpaq müqəddəsdir. Fərq insandadır. İnsanların bir qismi torpağın altında, bir qismi isə torpağın üstündədir.
***
Mən klassikləri həm də ona görə sevirəm ki, oxuyuram ki, onlardan hər zaman öyrənirəm.
***
Mən öyrəndiyim adamların hər birinə özümü borclu sayıram.
***
Mərdlik, mərdlik və sərtlik kişilik xüsusiyyətidir.
***
Mənəm - mənəm dəyənlər məşğul olduqları sahəyə faciə gətirə bilərlər.
***
Təmənnasız dost olanlar çox azdır.
***
Ürəkdən gələnlərə görə insanları qınamaq olmaz.
***
Mənim atam da, anam da çox doğru, dürüst, zəhmətkeş, mərd adamlar olublar.
***
Anam qədər zərif, kövrək, humanist, övladına məhəbbətli qadın – xanım görməmişəm.
***
İnsan idrakdan, ağıldan kənarda nə iş görürsə, başa düşməlidir ki, nəticə faciəyə doğru gedə bilər.
* * *
Ruhən, qəlbən yaxın olan bütün adamları özümə qohum hesab edirəm.
* * *
Adamlığı zəif olan adamlar elə bilirlər ki, hər şeyi bilirlər. Halbuki hər şeyi bilmək yalnız və yalnız Allaha məxsusdur.
* * *
Qabaran və çəkilən dalğalar olmasa, dəniz təmizlənməz.
* * *
Sevgi elə bir hissdir ki, onu uzun müddət gizli saxlamaq olmaz.
* * *
Haqqı dərk etmək ən böyük dərkdir.
* * *
Haqqı dərk etmək insanlarda qorxaqlıq və yaltaqlıq hissini heçə endirir.
* * *
Sevgisi olmayan insanlar var.
* * *
Kamil olmaq ali olmaqdır.
* * *
Maddi aləmin mənəvi aləmi üstələdiyi yerdə eşq (ilahi eşq) yoxdur.
* * *
Elmdən kənarda heç nə yoxdur. Hər bir şey elmin ölçüsündə yaranır.
* * *
Allahın ən sevimli bəndələri ruhunun quludur. Belə insanlarda nəfs ruha tabe olur.
* * *
Deyilənə görə, iki ovçu ceyran ovuna çıxıbmış. Onlar bir ceyranı qovub haldan salırlar. Ceyran haldan düşüb yorulanda dayanır. Ovçuların üzünə mənalı-mənalı baxır. Bəlkə də bu mənalı baxışda ovçulardan soruşurmuş ki, məndən nə istəyirsiniz?! Bu mənalı baxışın müqabilində ovçular ceyrandan əl çəkirlər.
* * *
Adam var ki, heç kimi eşitmir. Səni, məni, onu, bizi, sizi, onları eşitmir. Ancaq adam var ki, eşitmək bir yana, hiss edir, duyur. Səni, məni, onu, bizi, onları hiss edir, duyur.
* * *
Sovet dövründə Tibb Universitetində rus dili fənnindən bir tələbəni müəllim qəsdən kəsibmiş. Müəllimin tələbənin yaxın bir qohumu ilə (dayısı ilə) ziddiyyəti varmış. Həmin tələbə hər dəfə göndəriş alıb imtahana girirmiş, müəllim isə yenidən onu kəsirmiş. Bu hadisəni tələbə valideynlərinə demirmiş. İş o yerə gəlib çatır ki, sonuncu göndərişi tələbəyə verirlər. Tələbə vəziyyəti dərindən bildiyindən məsələni atasına çatdırır. Atası oğluna deyir ki, imtahana getməsin. Sabah onun özü gedib müəllimlə görüşəcəkdir. Oğlu fikirləşir ki, atası müəllimin yanına gedib ona nə deyəcəkdir. Axı müəllim neçə vaxtdır öz tərsliyindən dönmür. Tələbənin atası səhər tezdən müəllimi görmək üçün Tibb Universitetinə gedir. Axşam evə qaydanda oğluna deyir ki, narahat olmasın və sabah imtahanını verməyə getsin. Belə də olur. Səhərisi tələbə gedib imtahanını verir, müəllim onun qiymətini yazır. Ancaq tələbə həmişə fikirləşir ki, necə oldu ki, rus dili müəllimi ona qiymət yazdı. Günlərin birində atasından bunu soruşur. Atası deyir ki, o, rus dili müəllimi ilə görüşüb, hal-əhval tutduqdan sonra ona belə bir sual verir. Deyir ki, əgər sən həyətində bir ağac əkib fikirləşirsən ki, nə vaxtsa bu ağacın kölgəsində əyləşəcəksən. Birdən bu ağacı gəlib bir uşaq kəssə nə edərsən? Müəllim deyir ki, uşağa nə etmək olar. Bu zaman tələbənin atası deyir ki, əgər ağacı böyük bir adam, ağıllı bir adam kəssə sən nə edərsən? Müəllim deyir ki, mən o böyük, ağıllı adama əsəbiləşərəm. Bu vaxt tələbənin atası deyir ki, axı mən də əsəbiləşirəm. Mənim arzumdur ki, oğlum həkim olsun. Qocalanda mənə baxsın, xidmətimdə dayansın. İndi sən onu kəsirsən. Mən buna əsəbiləşirəm. Bu söhbətdən rus dili müəllimi böyük bir dərs alır. Tələbənin qiymətini yazır. Deməli, ağıllı söz-söhbət hər şeyi həll edə bilir. Bu ağıllı söhbətin sahibi isə, yəni tələbənin atası Kürdəmirli Aşıq Ağalar olur. Məşhur Mirzə Bilalın (aşığın) oğlu Aşıq Ağalar. Tələbə isə onun övladı, oğlu Rauf olur.
* * *
Molla qəbristanlıqda ölünü dəfn edərkən ərəb dilində quran oxuyurmuş. Ölünü qəbrin içinə qoyarkən onun yaxın qohumlarından birinin qəbrin içinə düşməsini deyir. Yaxın qohumlardan biri qəbrin içinə düşür. Molla həmin adama deyir ki, quranı oxuduqca o da ölünü tez-tez əli ilə dümsükləsin. Guya belə olduqda ölü quranı eşidir, anlayır. Ölünün yaxın qohumu əsəbiləşir. Mollaya deyir ki, a kişi, 60 ildən çoxdur mən buna Azərbaycan dilində nə dedimsə, məni eşitmədi, anlamadı. İndi bu ölüb, ərəb dilində sənin oxuduqlarını necə anlaya bilər?!
* * *
Dünya öz tarazlığını itirir. Bunun çoxlu göstəriciləri var. Biri də odur ki, dünyanın əksər yerlərində insana insan kimi qiymət yoxdur. Sanki insanlığın sonuna yaxınlaşmaq, yaxud da ona doğru hərəkət etmək faciədir.
Dünyanın düzəlməsi üçün hər bir insana insan kimi yanaşmaq lazımdır. Hər bir insanın özünə, qabiliyyətinə, fəaliyyətinə, insani keyfiyyətlərinə görə qiymət vermək lazımdır. Ancaq belə deyil. İnsanlara özlərinə görə yox, arxalarına, himayədarlarına, kimin adamı olmalarına görə qiymət verirlər. İnsanlara olan münasibəti də bu cür qururlar. Bu isə dünyanı fəlakətə aparır. Bu cür münasibət üzrə yaranan fəlakəti heç cür qəbul etmək istəmirəm. Bunlara son qoymaq üçün insan, eləcə də insanlar kamilləşməlidir. Səməd Vurğun demişkən:
Qalib gələcəkmi cahanda kamal?!
* * *
Bəzən deyirlər ki, filankəsin gözündə var. Yəni filankəsin gözü dəyə bilər. Bu, mif deyil, həqiqətdir.
Günlərin birində birisi vəzifəyə keçmiş, təzəcə vəzifə tutmuş bir adamın yanına gedir. Sən demə bu adamın gözündə varmış. Elə oradaca vəzifəli adamın oturduğu stolun ayağının biri sınır. Gözdə olana bax...
* * *
Təbiətlə bağlı verilişlərin birində cənnət quşunu göstərirdilər. Nə qədər gözəl görkəmi olan bir quş idi. Quş bəzən elə bir vəziyyət alırdı ki, xanım geyimində olurdu. Sanki xanım kofta geyinmiş vəziyyətdə ayaq üstə durur. Cənnət quşunun görkəmi ilahi bir gözəlliyi xatırladırdı.