Avropa Oyunları ərəfəsində qoyulan qadağalardan biri də regionlardan gələn avtomobillərin paytaxta buraxılmaması ilə bağlı idi. Bu, məhdudiyyət oyunlar zamanı paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılmasına, yollarda rahat və fasiləsiz hərəkətə xidmət edirdi.
Oyunlar bitsə də, bu qadağa tam götürülməyib, regionlardan gələn avtomobillərin paytaxta axşam saatlarında buraxılacağı məlum olub.
Ekspert Ərşad Hüseynov Modern.az saytına bildirib ki, oyunlar ərəfəsində qoyulan qadağanın iyulun 1-dən aradan qaldırılıb: “Artıq 3 gündür belə məhdudiyyət yoxdur. Məhdudiyyətin iyulun 1-dən sonra saxlanması qanunsuzdur. Çünki bu barədə heç bir rəsmi qərar yoxdur. Belə qərarı qəbul etmək səlahiyyəti olan hansısa dövlət orqanının da bu cür qərarı yoxdur. Avropa Oyunları vaxtı vətəndaşlarımız buna hörmətlə yanaşdılar, sağ olsunlar! Oyunlar bitəndən sonra bu söhbət də bitdi”.
Ekspertin fikirlərinə görə, dünyanın heç bir yerində regionlardan gələn avtomobillərin paytaxta daxil olması ilə bağlı qadağa yoxdur:
“Məhdudiyyət böyük şəhərlərin müəyyən məhəllələrinə, tarixi hissələrinə, mərkəzi küçələrinə qoyula bilər. Bu da məntiqlidir. Orada heç bir ayrı-seçkilik yoxdur. Əslində bu, Bakıda da var. İçərişəhərə kənar maşınları buraxmırlar. Ora ancaq yerli sakinlərin avtomobilləri daxil olur.
Dünyada belə praktika var. Hətta kiçik tarixi şəhərlərə, məsələn, Türkiyənin Ada şəhərində, ümumiyyətlə, avtomobil yoxdur. Heç yerli sakinlərin də avtomobili yoxdur. Deyillər, araba ilə, velosipedlə, elektromobillə və ya ictimai nəqliyyat sayılan tramvayla gəzin. Amma bunu konkret şəhərin bütöv hissəsinə şamil etmək olmaz. Bakı Azərbaycanın yarısı deməkdir. Bütün inzibati orqanlar, təhsil müəssisələri paytaxtda yerləşir. Rayon avtomobillərinin girişinə qoyulan məhdudiyyətin məntiqi yoxdur”.
Ərşad Hüseynov dünya təcrübəsinə də toxunub:
“İndoneziyanın paytaxtı Cakarta şəhərinin 10 milyon əhalisi var. Şəhərin mərkəzinə orada yaşamayan insanların avtomobilini tək buraxmırlar. Bir sürücü ora gəlirsə, onu sərnişinlə buraxırlar. Londonun elə küçələri var ki, ora avtomobilləri ödənişlə buraxırlar.
Yaponlar ilk dəfə tətbiq etdiyi təcrübəyə görə həftənin tək günləri tək nömrəli, cüt günləri cüt nömrəli avtomobillərin idarəsinə icazə verilir. Burada da ideal şəkildə ictimai nəqliyyat var, orda fərdi avtomobillərin hərəkətinə ehtiyac yoxdur”.
Yeganə OQTAYQIZI