İyulun 3-də Akademik Milli Dram Teatrının kiçik zalında “Avropa Nəşr Mətbuat Evi”nin təsis etdiyi “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalının təqdimat mərasimi keçirilib. Teatr ictimaiyyətinin və jurnalistlərin işirakı ilə keçirilən tədbirdə Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.
Medal ona “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarına əsasən verilib.
“Avropa Nəşr Mətbuat Evi”nin direktoru Şöhrət Səlimbəyli rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında, təsis etdikləri mükafat haqqında danışıb və qızıl medalın Azərbaycan mədəniyyəti, incəsənəti, elmi sahəsində böyük xidmətəri olan simalara verildiyini vurğulayıb.
Daha sonra İ.İsrafilovun fəaliyyət yolunu işıqlandıran videoçarx nümayiş olunub. Ardınca Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olan professor Babək Qurbanov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemət, Akademik Milli Dram Teatrının aktyorları, xalq artistləri Ramiz Novruz və Firəngiz Mütəllimova çıxış edərək, İsrafil İsrafilovu bu mötəbər ödülə layiq görülməsi münasibəti ilə təbrik ediblər.
İsrafil Ramazan oğlu İsrafilov 1949-cu ildə sentyabr ayının 10-da Bakı şəhərində anadan olub. 1967-1971-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universitetində) ali təhsil alıb.
1973-1975-ci illər Bakı şəhəri 1 May mədəniyyət sarayında bədii rəhbər, 1975-1978-ci illərdə də Akademik Milli Dram teatrında truppa müdiri vəzifəsində çalışıb. Bu müddət ərzində rejissor fəaliyyəti ilə məşğul olub, görkəmli rejissor T.Kazımovla bir sıra tamaşaların hazırlanmasında, o cümlədən, V.Şekspirin “Fırtına”, M.S.Ordubadinin “Qılınc və Qələm”, Anarın “Şəhərin yay günləri”, M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah”, A.Safronovun “Daşqın” əsərlərinin səhnə təcəssümündə rejissor kimi işləyib.
1978-1985-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda Tədris teatrının direktoru, 1986-1989-cu illərdə Azərbaycan KPMK-nın mədəniyyət şöbəsində təlimatçı, 1989-1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda elmi işlər üzrə prorektor, 1991-ci ilin avqust ayından sentyabr ayınadək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi, 1991-1992-ci illər ərzində Azərbaycan Respublikasının Abşeron rayonu İcra Hakimiyyətinin başçısı, 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin, 2003-cü ilin may ayından 2010-cu ilin may ayınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru kimi vəzifələrdə çalışıb.
Azərbaycan Ali Sovetinin XII çağırış seçkilərindən sonra xalq deputatı kimi 1991-1995-ci illərdə fəaliyyət göstərib.
Səhnə sənətimizin ədəbi materialı olan dramaturgiya araşdırmalarına görə filologiya sahəsində fəlsəfə doktoru alimlik dərəcəsi alıb, (1985) daha sonralar rejissor sənəti sahəsində tədqiqatları ona sənətşünaslıq doktoru (2004) alimlik dərəcəsi qazandırıb.
Ayrı-ayrı illərdə “Qızıl qələm”, “Qızıl dərviş”, “Humay” mükafatlarına, beynəlxalq diplomlara layiq görülüb.
Elmi-tədqiqat işləri ilə yanaşı uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, bu sahədə müvafiq proqramların, metodik vəsaitlərin və dərsliklərin müəllifidir. Hazırda “Xarici teatr” (antik dövrdən XXI əsrə qədər), “Azərbaycanın teatr rəssamları” adlı kitablar üzərində işləyir.
2010-cu ilin may ayında Azərbaycan Dövlət Akademik Milli Dram teatrına direktor vəzifəsinə təyin edilib və hazırda həmin vəzifədə çalışır.
Modern.az