2010-cu ilin payızında keçirilən parlament seçkilərində deputat mandatı əldə edənlərin Milli Məclisdəki 5 illik fəaliyyəti başa çatmaq üzrədir. Ötən illərdə Milli Məclisin ayrı-ayrı komitələrində müxtəlif qanun layihələri hazırlanıb, onların bir çoxu plenar iclaslarda müzakirəyə çıxarılaraq qəbul olunub. Amma komitələrdə hazırlanan, ancaq qəbul edilməyən qanun layihələri də qalıb.
Modern.az Milli Məclisin komitələrində hansı qanun layihələrinin yarımçıq qalması ilə bağlı sorğu keçirib.
Təbii Ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov hazırda komitədə yarımçıq qalan qanun layihəsinin olmadığını deyib:
“5 illik fəaliyyətimiz ərzində komitədə müzakirə olunan qanun layihələrinin hər biri qəbul olunub. Hazırda komitədə yarımçıq qalan qanun layihəsi yoxdur. Əgər gələcəkdə vacib əhəmiyyətli qanun layihəsi olarsa, biz onu müzakirəyə çıxardarıq”.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da komitədə yarımçıq hər hansı məsələnin qalmadığını vurğulayıb.
“Bizim komitəmiz, adətən beynəlxalq, ikitərəfli sazişlərin ratifikasiyası ilə məşğuldur və əsas fəaliyyət istiqaməti bununla bağlıdır. Bir neçə il öncə “Diplomatiya haqqında”, eyni zamanda bir sıra ölkələrlə əməkdaşlıq haqqında qanun layihələrini qəbul etmişik. Düşünürəm ki, əməkdaşlıq etdiyimiz ölkələr, sahələr getdikcə artır və gələcəkdə bu növ qanun layihələri olacaq. Bu 5 il ərzində də kifayət qədər çox idi”.
Aytən ZƏHRA