Modern.az

Deputat ön cəbhədə hərbçilərlə görüşüb - FOTO

Deputat ön cəbhədə hərbçilərlə görüşüb - FOTO

Təhsil

4 İyul 2015, 11:18


Millət vəkili Qənirə Paşayeva,TUSİAB-ın və Tekfen şirkətinin rəsmi nümayəndələri Ramazan ayı və qarşıdan gələn bayram münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb.

Modern.az xəbər verir ki, əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili onları Azərbaycan Silahlı Qüvvələri Günü və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. Ramazan ayının hikmətlərindən danışan Q. Paşayeva hər bir əsgər və hərbçilərimizə dualarına çatmalarını diləyib.

Millət vəkili hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır deyib: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah, gələn il Ramazan bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Şuşamızda və işğal altında olan digər gözəl bölgələrimizdə qeyd edək. Mən əminəm ki, biz bunu edəcəyik”. 

TUSİAB-ın sədri Yavuz Keleş ön cəbhədə hərbi hissədə keçirilən bu tədbirdə iştirak etməkdən qürur duyduğunu  və  bu  tədbirin önəmli olduğunu qeyd edib. Azərbaycan və Türkiyənin milli lider Heydər Əliyevin söylədiyi kimi  bir millət iki dövlət olduğunu, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında, Azərbaycanın isə hər zaman Türkiyənin yanında olduğunu deyən Yazua Keleş bu cür tədbirlərin Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad ediləcək Azərbaycan torpaqlarında, Qarabağda keçirilməsinin ən böyük arzularından olduğunu, Azərbaycan əsgər və hərbçiləri ilə birlikdə olmaqdan böyük məmnuniyyət duyduğunu deyib.

Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə deputat və qonaqlar adından hədiyyələr təqdim edilib.

Hərbi hissənin rəhbərliyi və Qənirə Paşayeva TUSİAB sədri Yavuz Keleşe Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər və bildiriblər ki, “bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan ordusunun könüllü bir əsgəri kimi hiss edəcəksiniz”. Azərbaycan əsgərinin formasını geyinən TUSİAB sədri Yavuz Keleş  "bu həyatımızda aldığımız ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və ordusunun yanındayıq, onun bir əsgəriyik və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuruq" deyib və gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək deyə arzularını da dilə gətiriblər.

Hərbi hissənin rəhbərliyi çıxış edərək  belə görüşlərin zabit və əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.  


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...