Meksikanın hüquq-mühafizə orqanları ölkənin ən iri narkotik kartellərindən biri olan “Beltran Leyva”nın rəhbərləri Martin Vileqas Navarreteni həbs ediblər.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, təhlükəsizlik üzrə milli komissiyanın yaydığı məlumata görə, 38 yaşlı cinayətkar paytaxtın mərkəzi rayonlarından birində, ad günü keçirərkən yaxalanıb. Əməliyyat sakit keçib, federal polis əməkdaşlarının silahdan istifadəsinə ehtiyac olmayıb.
Prokurorluğun məlumatına görə, Vileqas Navarretenin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşma ölkənin cənub regionlarından Mexiko vasitəsilə ABŞ-a kokain daşıyıb. Son bir neçə ildə həmin qruplaşmadan 150 kiloqramdan çox narkotik, eləcə də 13 milyon dollar müsadirə edilib.Amerika ədliyyəsi 2011-ci ildə kokain saxlama və yayılması, eləcə də çirkli pulların yuyulması ittihamı ilə Vileqas Navarretenin həbsinə order verib.
Bundan əlavə, Meksika hakimiyyəti onu 2012-ci ilin yanvar ayında paytaxtın Santa-Fe rayonunda törədilən iki qətldə şübhəli hesab edir.
Modern.az